AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
IV Yazı
Ümgülsüm Sadıqzadə milli istiqlalımızla, milli bayrağımızla qürur duyan və bu dəyərləri sözə çevirən yeganə xanımlardan biridir. Əlbəttə, bəzən o, bu şeirlərini sözə çevirməklə kifayətlənməmiş, Azərbaycan Milli istiqlalının gerçəkləşməsi üçün əməli şəkildə müarizə də aparmışdır. Bu anlamda Nəcibə Bağırzadə çox doğru yazır ki, hər kişinin cəsarət edib deyə bilmədiklərini bu zərif olduğu qədər də üsyankar qadın bütün sərtliyi ilə ifadə etmi.dir: “Bu mənada o, qardaşı Məmmədəli, əmisi oğlu Məhəmməd Əminlə birgə istiqlal mübarizəsinin önündə gedənlərdən biri sayıla bilər. Zamansa o zaman idi ki, istiqlal sevdası ilə yaşayanlar üçün ölümdən, sürgündən, qürbətdən başqa yol görünmürdü. Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə ucaltdığı bayrağın könüllərə endiyi məqam bir tarixi sənədlərdə, bir də Ümgülsümün şeirində öz həzin kədəri, orman yanğınları kimi qarşısıalınmaz nifrətiylə yaşamaqdadır... Bu şeir zərif vücudlu bir qadının böyük bir imperiyaya, mənəvi dəyərləri ayaq altına alıb əzən quruluşa qarşı təkbaşına üsyanı idi…Repressiya maşınının işə düşdüyü zaman Sovet rejiminin başında dayananları “O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar” adlandıran şairin üzünə açılan yalnız həbsxana qapıları ola bilərdi.”.[1]
Ümgülsüm 1925-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cumhurbaşqanı Məhəmməd Əmin Rəsulzadyə ithaf etdiyi “Bən” şeirində də Sovet Rusiyasının işğalçılıq siyasətini ifadə etməyə çalışmışdır. O, yazırdı ki, kommunistlər onun yurdunu yetim buraxıb üç rənğli bayrağı müvvəqəti olaraq Azərbaycan xalqının başı üzərindən endirsə də, ancaq bir gün o bayraq yenidən yüksələcəkdir. Çünki Azərbaycan xalqının ruhu, o cümlədən Ümgülsümün ruhu kommunizmlə deyil, millətçiliklə döyünməkdədir. Ümgülsüm yazırdı:
Kommunist, yurdumu buraxdın yetim...
Sanma ki, bununla ölən yigidəm;
Sana baş əyəməyən nasionalistəm,
İstiqlalın ilk qurbanı bənəm...
Səndə “oraq” varsa, bənim “ay”ım var,
Oğuzdan aldığım altun yayım var,
Milliyyət denilən bir sarayım var,
Yaşlı diyarın göy pasibanı bənəm...
Əsir edəməzsən bəni, övlüyam,
Uzaqlaş ey düşmən, bən qorxuluyam;
Dədəsi Nuh olan Yafəs oğluyam,
Cəddimin yaşayan tufanə bənəm...
Yeniləməz xəlqimin milli bayrağı,
Gavurda qalamaz türkün torpağı,
Saçına dəgəməz rusun darağı,
Azəri qızının cananı bənəm...
Rusa “yoldaş” deməm, düşmənimdir o,
Yurdumu buraxmam, cananımdır o,
Torpaq deyib çəkməm Vətənimdir o,
Azərbaycanımın hökmranı bənəm.[2]
Təyyar Salamoğlu yazırdı ki, Ümgülsümün burada özünü “nasionalist” adlandırmasını ifrat miliyyətçilik kimi başa düşülməməlidir: “Əlbəttə, burada Ümgülsüm “nasionalizmi”ni öz millətini başqa millətlərdən üstün təqdim edən, millətinin xoşbəxtliyini başqa millətlərin bədbəxtliyi üzərində qurmağa çalışan millətçilərin millətçilik azarı ilə (keçmiş və indiki rus, yaxud erməni millətçiləri kimi) qətiyyən eyniləşdirmək olmaz. Bu “nasionalizm” öz qidasını xalqın azadlıq arzularından alaraq, müstəmləkə boyundurğu altında sürünərək yaşamaq əzabından qurtuluş yolu kimi düşünülmüş və hər şeydən öncə, saxta sosialist beynəlmiləlçiliyinə qarşı çevrilmişdir”.[3]
O, “Ati” (“Gələcək”) məqaləsində Şərq ölkələrinin, o cümlədən əsarət altındakı Türk xalqlarının bir zaman əsarətdən qurtulub azad yaşamasına inamını ifadə etmişdir. Ümgülsüm üçün “gələcək” kəlməsi yeni bir qurtuluş rəmzi və istiqlala qovuşmaq demək idi: “Artıq bu kəlmə bana o qədər munis, o qədər cazibədar görünür ki, ati deyincə sanki gözlərimin önündə günəşli bir fəza açılır, ati deyincə sabahın ülvi ilhamları içində nəqş edilmiş altun buludların arasında parlayan xülya qanadlı bir lövhə görən kibi oluyoram. Ati deyincə bir məsumun gül dodaqlarında açılan ilk gülüşlərini düşünürəm. Sən ey bəklədiyim, özlədiyim ati! Nərədəsin?... Pək uzaqlardamısın?.. Əcəba, hər doğan günəş bir atiyi bəklətməmiş mi?.. İnsan ki, hər zaman sənə müştaq, hər zaman səni bəkləyir. Ah bilsən sənin xəyalını, qəlbimin həyəcanları, təəssüratları, eşqləri və səadətləri içində yaratırım... Sən öylə bir gözəlsən ki, gənc ruhlar həpsi sənin düşkünün, həpsi sənə vurulmuş, həpsinin səadəti sənin qoynunda, həpsinin müqəddəratı sənin əlindədir. Sənə ilk öncə qovuşmaq üçün bugünkü sönük, ölgün həyatım qoşaraq keçsə idi!.. Bəlkə yanılıram, bəlkə səni doğuran bu günə də ehtiram etməm vacibdir; bəlkə bu gün olmasa idi, sən olmayacaqdın.... Bəzən bir tatlı dil, yəni nəvazişlər ilə oxşar, bir munis əl əyilmiş alnımı yuxarı qaldırır və qəmli gözlərimə baxar. Ati şəfqətli yüz bənə qarşı gülümsər. Parlaq, səmimi bir göz gözlərimə baxar. O, səndə bəklədiyim əməlimdir, o, sənsən!... Bəzən həyatın tikanlı yollarında, dalğalı dənizlərinə uğrarım, göy üzünün qara buludlarından enən uğursuz kölgələrinə məruz qalıram, hicranlar, ələmlər duyuram, girdablara düşərim, zindanlara alınırım... O vəqt sən və sənin ümidin olmasaydı, büsbütün məhv olurdum... Gəl, bəlkə çırpınan qəlblər rahat olsun. Həm də gəlirkən səni bəkləyənlərə səadət gətir; zalım qüvvələr qarşısında bənliyini qeyb edən, ağır yumruqlar altında varlığı parçalanarkən yalnız səninlə təsəlli bulanların həp ümidi sənsin!”.[4]
Onun “Bən” şeirində, “Ati” məqaləsində yenidən milli istiqlalın bərpa olunacağına sonsuz inam vardı. Bu inam o qədər güclü olmuşdur ki, Ümgülsüm Bayıl həbsxanasında belə Sovet rejimini ittiham edən “Xəzərə xitab” şeirini qələmə almışdır:
Gözümüz yaşlıdır, sinəmiz dağlı,
Mən deyim dərdimi, dinlə ey dəniz!
Ana qəlbi olur balaya bağlı,
Dinlərmisən məni, söylə, ey dəniz.
Bir gecə yarısı əziz balamız
Alındı əlimizdən bir laçın kimi.
Söndü işığımız, uçdu yuvamız,
Həyat tarixində bunu gördünmü?
Çağla coşğun dəniz, göz yaşımız tək,
Dağıt sularını bizdən əks edən.
Nə gələr payımız gen təbiətdən?
Ağla, səmimi bir yoldaşımız tək.
Darmadağın eylə dalğalarınla
Bizi dar divara alan qalanı.
Heçliklərə sovur nalələrinlə
Çıxılmaz tilsimə salan qalanı.
Nəymiş təqsirimiz, neyləmişik biz?
Bunu sən sual et, mənim dilim yox.
Hansı xəyanətin şərməndəsiyiz?
Bunu sən sual et, mənim dilim yox.[5]
Beləliklə,Ümgülsüm yazıdğı bütün şeirlərində türkçülüyü, turançılığı ən yüksək səviyyədə ifadə etmişdir. Onun dünyagörüşündə türkçülük azərbaycanlılığı da öz içinə alan bir tamdır. Başqa sözlə, türkçülüyü, turançılığı azərbaycanlılıqla, Cümhuriyyətin varlığı ilə eynilikdə görən şair-ədib üçün bu yol müqəddəs, qutlu bir dava idi. Onun düşüncələrindəki turançılıq Türkün yenidən oyanışı üçün əsas ideya idi. Məhz bu ideyanın nəticəsi olaraq da Azərbaycan Cümhuriyyəti yaranmış, üçrəngli bayarağımız başımız üstündə dalğalanmışdı. O, bütün varlığı ilə Cümhuriyyətə bağlanmış, milli istiqlalın əbədiliyini qəbul etmişdi. Onun milli istiqlalın əbədiliyinə dərin inamın nəticəsi idi ki, 27 aprel işğalını qəbul edə bilməmişdir. Məhz bundan irəli gələrək də, 27 aprel işğalından sonra da milli istiqlalı müdafiə edən şeirlər yazmış, Rus imperiyasının müstəmləkəçilik siyasətinə açıq-aşkar şəkildə etiraz etmişdir. Bu cür milli üsyankarlığın nəticəsi olaraq da Ümgülsüm həbsxanaya atılmış, Vətəndən sürgün olunmuşdur. Bununla da, o, Azərbaycan Türk qadını, şair-ədibi olaraq adını tarixə qızıl hərflərlə yazdırmışdır.
Hesab edirik ki, bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan Türk qadınının milli istiqlal qurbanı kimi, Ümgülsümə layiqli bir abidə ucaldılmalıdır. Yeni nəsil övladlarımız, xüsusilə də qızlarımız bilməlidirlər ki, Azərbaycan xalqının yeni dövr Milli istiqlal mübarizəsində adını qızıl hərflərlə tarixə yazdırmış ÜMGÜLSÜM örnəyi vardır. O, Azərbaycan xalqının yeni dövr tarixində Azərbaycan Türk qadınının adını ucaldan dəyərli şəxsiyyətlərdən biridir!