Sərxan Carçı
Doğma kəndim - Qazax rayonu Çaylı kəndinin tarixi bir o qədər də qədim deyil. Kənd XVIII əsrin ikinci yarısından etibarən formalaşmağa başlayıb. Hər hansı ərazinin tarixi təşəkkülünü öyrənmək üçün həmin ərazinin qəbiristanlığını da təhqiqə ehtiyac var. Çaylı kəndinin qəbiristanlığını gəzib, təhqiq edərkən kəndin doğrudan da XVIII əsrin ikinci yarısından başlayaraq formalaşdığı təəssüratı yaranır. Çünki qəbiristanlıqdakı ilk qəbirlər XIX əsrin əvvəllərinə aiddir.
Çaylı kəndinin ərazisi Qazaxın qədim kəndlərindən olan Qıraq Kəsəmən kəndinin qışlaq yeri (sürülərinin otlaq yeri) olub. Çaylı kəndinin bünövrəsini Qıraq Kəsəməndən gəlmiş Qızyetərli nəslinə mənsub ailələr qoyub.
Əslimi sorsalar haralı? – Çaylı
Düşüb Kəsəməndən aralı Çaylı.
(Musa Ocaqverdiyev)
Azərbaycan tarixinin araşdırılmasında Osmanlı mənbələrinin önəmi əvəzsizdir. 1723-cü ildə Osmanlı imperiyasının Qafqazları yenidən fəth dövrü Osmanlı dəftərdarları müvafiq qaydalara uyğun olaraq fəth olunmuş ərazilər üçün vergi dəftərləri tərtib ediblər. “Tiflis əyalətinin müfəssəl dəftəri” adı ilə kitablaşdırılmış bu mənbə Borçalı-Qazax ellərinin tarixinə dair ən qədim mənbədir. 1723-1728-ci illərdə tərtib edilmiş bu vergi dəftərində Qazaxın demək olar ki, bütün kəndləri barədə (həm də qədim adları ilə) məlumatlar var. Həmin kitaba əsasən demək olar ki, indiki Çaylı kəndinin ərazisində (böyük ehtimal “Əlili” adlı) qədim kəndin xarabalığı olub və Kəsəməndən gələn ilk insanlar bu kəndin xarabalıqları üzərində məskən salıblar. Doğrudan da Çaylı kəndinin qəbiristanlığının yaxınlığında, köhnə dəyirmanın ətrafında yaşayan əhali həyətyanı sahələrində qazıntı işləri apararkən qədim dövrə aid, küplərlə basdırılmış qəbirlər aşkarlanır. Bu qəbirlərdən də məlum olur ki, Çaylının ərazisində qədim dövrə aid kənd olub. Azərbaycan SSR və Azərbaycan Milli Ensiklopediyasında bu qəbiristanlıq barədə yazılıb:
“Azərb. Res.Qazax r-nun Çaylı k-ndə Tunc dövrünün sonu – Dəmir dövrünə aid qəbiristan. Arxeoloji təhqiqatlar zamanı (1954) dağıdılmış qəbirlərdən dördtilli tunc biz və iynə, boz rəngli gil qablar tapılmışdır. Qazıntı zamanı aşkar edilmiş gil, kömür, mis, külçə və s. qalıqları burada istehsal ocaqlarının, zoomorf qulplu mis qabın külçə ilə birgə tapılması isə misgərxananın olmasını təsdiqləyir”.
Əminliklə demək olar ki, Çaylı kəndi ərazisində mövcud olmuş, itib batmış qədim qəbiristanlıqda, habelə indiki qəbiristanlıqda arxeoloji qazıntılar, araşdırmalar aparılsa kəndin qədim tarixinə işıq tutmaq olar.
İndiyə qədər Çaylı kəndi barədə yazılmış məlumatlara əsasən demək olar ki, kəndə ilk gələn nəsillər Göşşüllülər, Bənnalar, Qocalar, Carçılılar və digər nəsillər olmuşdur. Daha sonra Qıraq Kəsəmənlə bərabər digər məkanlardan da (Göyçə, Cənubi Azərbaycan və s.) köç olmuş və müasir Çaylı kəndi formalaşmışdır. Onu da deyim ki, kəndin adı yaradılışda “Çaylı Kəsəmən” olub. Heç təsadüfi deyil ki, böyük mütəfəkkir Hacıkərim Sanılı şeirlərindən birində deyir:
Kəndimizdir bizim Çaylı Kəsəmən,
O yerdə gəlmişəm bu dünyaya mən.
Sovet imperiyası sənədləşmə dövründə “Kəsəmən” sözünü silib, sadəcə “Çaylı” qalıb. Əlbəttəki bu sovetin milli tarixi silmək, unutdurmaq siyasətinin bir detalıdır.
Qərib məzar
Kəndimizə son səfərimdə Çaylının ziyalılarından olan babam Göyüşov Əli dedi ki, madamki bu cür işlərlə maraqlanırsan, gedək sənə qəbiristanlıqda bir qərib məzar göstərim, qəbir kəndimizdə həkim işləmiş, lakin gənc yaşlarında dünyasını dəyişmiş Kəsəmənli bir xanıma aiddir. (Kəndimizin repressiya qurbanlarından bəhs edən “Bir kəndin repressiyası” adlı kitabda kəndin qəbiristanlığı barədə də yazmışdım, O zaman qəbiristanlığın ilk qəbrini də babam göstərmişdi). Yol boyu düşündüm ki, itib –batmaq üzrə olan, yazıları pozulmuş qəbir görəcəm. Qəbrə çatanda yanıldığımı gördüm. Bahalı daşdan hazırlanmış baş daşına yazılmışdı:
Kəsəmənli Validə Hüseyn qızı
Diş həkimi
1926 – 1947
Dəmir setkanın qapısını açıb qəbir daşına yaxınlaşmaq istədim. Dünyasını dəyişməsindən 80 ilə yaxın vaxt keçib deyə, dəmir setkanın qapısı az qala yarıya qədər torpağın altında qalmışdı. Kənardan qəbrin fotosunu çəkib, facebook profilimdə və kəndimizə aid “Çaylı Kəsəmən”qrupunda belə bir status paylaşdım:
“Doğma Çaylı kəndinin əsasını Qıraq Kəsəmənlilər qoyub deyə, ehtimal etmək olar ki, gənc yaşlarında dünyasını dəyişmiş Validə həkim Qıraq Kəsəməndən olub. Üstündən 80 ilə yaxın vaxt keçib deyə inanmıram ki, qohumları qalmış ola. Hər halda yenə də paylaşıram...”
Kəsəmənli Validə Hüseyn qızı (soldan birinci)
Qısa müddət ərzində telefonuma bir neçə zəng gəldi. İlk zəng vuran Türkiyədə konfransda olan həkim həmkəndlim Əşrəf Novruzov oldu. Elə konfransdan zəng vuran həkim dedi ki, məndə bu qəbir barədə məlumat var, gələndə söyləyərəm. Həmin axşam Gəncədən Çaylı əsilli Şahin Məmmədov zəng vurdu. Validənin uzaq qohumu olduğunu və onun yaxın qohumlarını tanıdığını dedi. Doğrudan da Şahin Məmədovun vasitəsilə qərib məzarda uyuyan Validə həkimin qohumlarının izinə düşdüm. Qohumluq əlaqəsi Qazaxdan Gəncəyə, Bakıya, Türkiyəyə, hətta Almaniyaya qədər uzandı. Araşdırmalarım məni Bakının Zabrat qəsəbəsinin qəbiristanlığına qədər apardı. Orada Validə Həkimin anasını, bacılarını, qardaşlarını ziyarət etdim.
Telefonla Validənin böyük bacısı Raziyənin qızı Məhəbbət xanımla əlaqə saxladım. Məhəbbət xanım anasının söylədiyi xatirələri bölüşdü. Xalası Validənin həkimliyindən əlavə gözəl tar çalmağının da olduğunu dedi. Validənin və digər ailə üzvlərinin fotolarını göndərdi.
Bəlli oldu ki, kulturoloq professor Fuad Məmmədov da Validə həkimin yaxın qohumu imiş. Çox keçmədi ki, Fuad müəllim və Validə həkimin xalasıoğlanları Səməd, İlqar, İlham qardaşları ilə görüşdüm. Və elə o görüşdə 21 yaşında dünyasını dəyişmiş Kəsəmənli Validə Hüseyn qızının kimliyi dəqiq bilindi. Məlum oldu ki, Validənin anası Çaylı kəndinin koxası olmuş Binnətli Əmiraslanın qızı Həcər xanımdır. Atası isə Qıraq Kəsəmən kəndinin ağalarından olmuş Cəfər ağanın oğlu Hüseyn bəy Kəsəmənlidir. Hüseyn bəy Kəsəmənli sovet dövlətinin məmurlarından olub. Bununla belə öz şəxsi nüfuzu hesabına repressiyalar dövründə neçə-neçə insanı güllələnmədən qurtarması ilə yaddaşlarda qalıb. Hüseyn bəy Kəsəmənli həm də Azərbaycan Xalq Cümhuriyyətinin gənc yaşlarında dünyasını dəyişmiş polkovniki Şirin bəy Kəsəmənlinin doğma qardaşıdır. Yəni barəsində yazdığım, 76 ildir gözdən uzaq, könüldən iraq qərib məzarda uyuyan Validə Kəsəmənli Cümhuriyyət Polkovniki Şirin bəy Kəsəmənlinin qardaşı Hüseyn bəy Kəsəmənlinin 8 övladından biridir.
Validənin Çaylı kəndində dəfn olunmasına səbəb isə onun tibb institutunda oxumaqla bərabər Çaylı kəndində həkim işləməsi olub. Çaylı kəndində xəstələnib və elə orada dünyasını dəyişib. Dövrün nəqliyyat şərtlərinə əsasən Qıraq Kəsəmənə aparılmayıb, anasının kəndi Çaylı kəndində dəfn olunub. Allah rəhmət eləsin!
***
İndiyə qədər gəzdiyim qəbiristanlıqlara əsasən deyə bilərəm ki, demək olar ki, bütün qəbiristanlıqlarda qərib məzar var. Çaylı kəndinin bilinən qəbiristanlığının tarixi bir o qədər qədim olmasa da qəbiristanlıqda yetərincə maraqlı, araşdırılası qəbirlər var. Onlardan seyid qəbirlərini, Sədəddin əfəndinin qəbirini, kəndin sonuncu bəyi Nadir bəyin qəbirini, qalıqları qalmış Carçılı türbəsini misal söyləmək olar. (Yeri gəlmişkən onu da deyim ki, Şirin bəy Kəsəmənli, Hüseyn bəy Kəsəmənli, Həsən bəy Kəsəmənli qardaşlarının anaları da Çaylı, Carçılı qızıdır və ilkin araşdırmalarıma görə qalıqları qalmış Carçılı türbəsi onların dayısına aiddir).
Qeyd etdiyim qəbirləri və bir çox araşdırılmağa ehtiyac olan qəbirləri təhqiq etməklə kəndin tarixini daha dəqiq öyrənmək olar.