Polad iradə sahibi


Nərmin Nəsirova

ADPU nəzdində Azərbaycan Dövlət Predaqoji Kollecinin müəllimi

Heydər Əliyevin Azərbaycan uğrunda müstəsna fəaliyyətini, xalqına sıx bağlılığını, milli dövlәtçilik məfkurəsinə sadiqliyini sözlə ifadə etmək qeyri-mümkündür. Azərbaycanın bugünkü uğurlarında umumilli liderin çətinliklərə sinə gərərək atılan uğurlu addımlarının, böyük səylərinin, qətiyyətinin, siyasi iradəsinin rolu böyükdür. Danılmaz faktdır ki, müstəqilliyimizin ilk illərində parçalanmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan 1993-cü ildə məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra sözün əsl mənasında müstəqil, azad, firavan ölkə sevincini yaşamağa başladı. Ümummilli Lider parlaq siyasi zəkası, bacarığı, istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan yolları müəyyən etdi.

Heydər Əliyev ilk növbədə ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğuladı. Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası ilə nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.

«Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.» Dövlət başçısı İlham Əliyevin 2023- cü ilin «Heydər Əliyev İli» elan edilməsi ilə bağlı Sərəncamında əksini tapan bu fikirlər dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsini yaradır.

Bu gün o dövrə qayıdarkən və Azərbaycanın indiki reallıqlarını göz önünə gətirib müqayisə apararkən Heydər Əliyevin möhtəşəm qayıdışının Azərbaycanın müasir tarixində və hər bir vətəndaşın həyatında nə qədər önəmli bir hadisə olduğunu dəyərləndirmək çətin olmaz. Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın müstəqilliyinin xilası idi. Bu qayıdışın əsasını qurtuluş məfkurəsi təşkil edir. Qurtuluşun digər mənası Azərbaycanın siyasi təlatümlərdən xilas edilməsi ilə bağlıdır. O dövrü xatırlayanlar bunun nə demək olduğunu aydın şəkildə təsəvvür edirlər. Qurtuluş, eyni zamanda, iqtisadi tənəzzülün qarşısını aldı. Bu da Heydər Əliyevin böyük qayıdışını əks etdirən çox vacib məqamlardan biridir. Eyni zamanda, bir məqam da odur ki, qurtuluş Azərbaycanı o zaman düçar olduğu beynəlxalq təcriddən xilas etdi. Ümumiləşmə apararaq demək olar ki, qurtuluş məfkurəsi Azərbaycanın mənəvi böhrandan, mənəvi aşınmadan xilas olması mənasını daşıyır. Qayıdış, əslində, Azərbaycanı bütün istiqamətlər üzrə bürümüş böhrandan xilas etdi. Bu, Heydər Əliyevin xilaskarlıq missiyasını özündə ehtiva edirdi. 1990-cı illərin əvvəlində Azərbaycan təlatümlü anlarını yaşayanda xalqın qəlbində əsas kök salan istəklər hər şeydən əvvəl Azərbaycanın məhv olmaqdan xilas olunması ilə bağlı idi. Bu xilası da Ümummilli lider Heydər Əliyevin adı ilə əlaqələndirirdilər. Heydər Əliyevin atdığı qətiyyətli addımlar insanların bu gözləntilərini tamamilə doğrultdu”.
Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Əli Əhmədov Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, republikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Baş nazirin müavini qeyd edib ki, Ulu öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.
Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Milli qurtuluşun Azərbaycanın müasir tarixində böyük bir dövrü əhatə etdiyini deyən Baş nazirin müavini bildirib ki, Azərbaycan öz inkişafına görə XX əsrin sonunda müstəqilliyinə qovuşan respublikalardan açıq şəkildə seçilir.

Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən nadir, ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergi idi. Bütün bunlar bir keyfiyyət altında birləşirdi: Heydər Əliyev BÖYÜK AZƏRBAYCANLI İDİ. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi idi. Bu nadir keyfiyyət Heydər Əliyev fəaliyyətinin bütün dövrləri üçün səciyyəvi idi. POLAD İRADƏ SAHİBİ, AZƏRBAYCAN DÜNYAYA GÜNƏŞ KİMİ DOĞDU!


MANŞET XƏBƏRLƏRİ