Aynur Turan
(əvvəli BU LİNKDƏ)
Alimin Azərbaycanla bağlı araşdırmaları içərisində onun ədəbiyyatşünaslıq irsi mühüm yer tutur. Fitri filoloji istedada malik olan alimlər istər yazılı, istərsə də şifahi ədəbiyyatı xalqın tarixini, ictimai-siyasi və estetik görüşlərini, əxlaq və təfəkkür tərzini sözün geniş mənasında mədəniyyətini əks etdirən ən etibarlı sənəd kimi araşdırır və uğurlu nəticələrə gəlirdi.
Əsas profili etibarilə dilçi-türkoloq olan Ə.Cəfəroğlu Azərbaycan folkloruna xüsusi maraq göstərirdi. O, şifahi xalq ədəbiyyatını həm xalqın bədii təfəkkür xüsusiyyətlərini, estetik ideallarını yaşadan yaradıcılıq faktı kimi, nəzərdən keçirirdi. Bu araşdırmalarda ədəbiyyatşünaslıq və dilçilik metodları üzvi şəkildə çuğlayır, çulğaşır və səmərəli nəticələrə gətirib çıxarırdı.
Ə.Cəfəroğlunun folklorumuza dair tədqiqatları həm mifoloji materialı, həm monumental epik abidələr olan dastanları (“Dədə Qorqud”, “Aşıq Qərib”, “Qaçaq Nəbi”), həm də aşıq poeziyasını (Qurbani, Abbas Tufarqanlı, Dədə Qasım) əhatə edir. Bu tədqiqatlarda o, yalnız bir araşdırıcı kimi çıxış etmir. Onun nəşr etdiyi folklor materialları bir sıra orijinal cəhətləri ilə maraq doğurur.
Ə.Cəfəroğlu ədəbiyyat tariximizlə bağlı sanballı və ciddi elmi tədqiqatların müəllifidir. O, Azərbaycan ədəbiyyatı tarixinin ümumi məsələləri və nəzəri problemlərinə, onun ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığına ondan artıq əsər həsr etmişdir. Alimin milli ədəbiyyatımızın çoxəsirlik və mürəkkəb tarixinə konseptual baxışını əks etdirən “Azərbaycan dili və ədəbiyyatının dönüm nöqtələri” adlı geniş tədqiqatı ədəbiyyatımızın min illik inkişaf prosesini işıqlandırır və bu gün də böyük əhəmiyyət kəsb edən elmi dövrləşdirməsini verir. Onun ayrı-ayrı ədəbi dövr və şəxsiyyətlərə verdiyi yığcam və dəqiq xatakteriska həmin məsələyə dair bir sıra elmi baxışları qabaqlamışdır. Əsər müəllifin güclü professorluq duyğusuna, ədəbi faktları geniş mədəni kontekstdə nəzərdən keçirmək qabiliyyətinə, ayrı-ayrı sənətkarları tarixi-ictimai perspektivdə qiymətləndirmək bacarığına malik olduğunu parlaq şəkildə nümayiş etdirir.
Folklorşünaslıq sahəsində olduğu kimi ədəbiyyat tariximizlə bağlı tədqiqatlarında da Ə.Cəfəroğlu bir sıra orijinal mətnləri elmi istifadə dairəsinə daxil edir. Alimin XVII əsr şairi Məlik bəy Ovçu, XIX əsr şairi Siraci haqqında tədqiqatları isə əsl elmi kəşf xarakteri daşıyır.
Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq irsində onun M.F.Axundovla bağlı araşdırmaları xüsusi yer tutur. Bu araşdırmalar böyük mütəfəkkirin milli ictimai və ədəbi fikir tariximizdəki mövqeyini daha dərindən, düzgün və obyektiv anlamaq baxımından son dərəcə qiymətlidir. Alimin M.H.Şəhriyar yaradıcılığına dair araşdırması geniş, dərin və sanballı əsərlərindən biri sayıla bilər.
Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq irsinin təhlili göstərir ki, onun bu sahədəki tədqiqatları tematik diapazonu baxımından olduqca geniş, tədqiq və təhlil üsullarına görə rəngarəngdir. Naməlum ədəbi mətnlərin nəşri və şəhrindən tutmuş poetik dil və üslub üzərində incə təhlillərə qədər əhatəli bir araşdırmacılıq metodikasına malik olan Ə.Cəfəroğlu bütün hallarda tədqiqat obyektinə yeni və orjinal baxışı ilə seçilir. İdeoloji ehkamlardan və nəzəri qəliblərdən uzaq olan alimin əsərləri klassik filologiyanın parlaq nümunələri kimi diqqət cəlb edir. Milli ədəbiyyatşünaslığımızın dəyərli ənənələrini davam və inkişaf etdirən, onu yeni keyfiyyətlərlə zənginləşdirən Ə.Cəfəroğlunun yaradıcılığı, şübhəsiz, XX əsr elmi-tənqidi fikrimizdə bütöv bir mərhələ təşkil edir.
1975-ci ilin yanvarında Əhməd Cəfəroğlu vəfat etdikdən sonra Türkiyə mətbuatında bir-birin ardınca məqalələr dərc olundu. Bu məqalələrdə alimin ölümü dünya türkologiyası üçün əvəzsiz itki kimi qiymətləndirilməklə yanaşı, onun artıq tarixə çevrilmiş ictimai fəaliyyəti, çoxşaxəli elmi yaradıçılığı geniş təhlil edilirdi. Haqqında danışdığımız bu araşdırmalar özlüyündə çox dəyərli olsalar da, Ə.Cəfəroğlunun böyük şəxsiyyətinin, universal elmi yaradıcılığının dərki və qiymətləndirilməsi sahəsindəki işin yalnız başlanğıcı sayıla bilər.
Çığrışdı bir ağızdan
Dün gecə
Azərbaycanlı quşlar, duymadınız.
Apağ kəsildi buz kimi
Dün gecə
“Uyğur dili sözlüyü”, duymadınız.
Axdı bilim ölkəsinin göylərindən
Dün gecə
Ulduzu sevginin, duymadınız
Öylə səssizdi ki,
Dün gecə
Gəncəli Nizami türbəsi duymadınız
Öldü
Dün gecə
Əhməd Cəfəroğlu, duymadınız!
Fazil Hüsnü Dağlarca
Görkəmli şəxiyyətlərin söylədikləri
O, kitablardan öyrənən, qulaqdan duyan bir türkçü yox, bütün varlığıyla türkçülüyün tanıdıcısı idi. O öz dili ilə türkçü olduğunu söyləməzdi. Gördüyü işlər buna sübutdu.
Səadət Cağatay,
professor
Əhməd Cəfəroğlu dilçilik, ədəbiyyatşünaslıq, etnoqrafiya, folklorşünaslıq və s. sahələrdəki araşdırmaları ilə təkcə Türkiyədə deyil, eləcə də Avropada şöhrətlənib... O, 1930-1950-ci illərdə daha çox milli-mənəvi yaddaş problemlərini diqqət önündə saxlayan işlərlə məşğul olub. Gəncə kimi zəngin folklor mühitindən çıxan bu insan mühacirətə təkcə Vətən sevgisi ilə dolu ürəyini yox, həm də zəngin folklor yaddaşını aparıb.
Gülağa Hüseynov,
tədqiqatçı
Türkologiya elminə töhfələr verən alimlər arasında məşhur dilçi, ədəbiyyatşünas və şərqşünas Əhməd Cəfəroğlunun adı hörmətlə yad olunur. Ömrü mühacirətdə keçən alim ölkəmizin beynəlxalq aləmdə tanınmasında da rol oynayıb.
Savalan Fərəcov,
Jurnalist