Aynur Turan
Başına döndüyüm, qurban olduğum,
Get, Qəribim, sağlıq ilə gələsən!
Oduna yandığım, büryan olduğum,
Get, Qəribim, sağlıq ilə gələsən!..
Müstəqillik dönəmində cəmiyyətimizdə baş vermiş kökü içtimai-siyasi dəyişikliklər ədəbiyyat və ümumən mədəniyyət tariximizin bir sıra mühüm problemlərinə yenidən baxılmasına, həmçinin məlum ideoloji qadağalar nəticəsində uzun müddət araşdırmadan kənarda qalmış sahələrin tədqiqata cəlb olunmasına şərait yaratmışdır. Belə sahələrdən biri də müəyyən tarixi-siyasi səbəblərdən Azərbaycanı tərk etmək məcburiyyətində qalmış sənətkarlar və ədiblər tərəfindən yaradılmış mühacirət ədəbiyyatıdır.
XX əsrin əvvəllərində Azərbaycan üçün ən ağır zərbələrdən biri də yüzlərlə elm-bilim adamının mühacirət etməsi oldu. Əslində bu dövr Azərbaycandan “beyin axını” nın başlanğıcı idi. Həmin intellektuallarımız vətənimizdə yaşayıb-yaratsaydılar, bu gün Azərbaycan elmin inkişaf səviyyəsinə görə daha da yüksəkdə durardı. Çünki, qürbətdə yaşamaq məcburiyyətində olan bu vətən oğulları ömürlərinin sonuna kimi qələmi əldən yerə qoymayıb, daim intellektual yaradıcılıqla məşğul olublar.
Belə dəyərli şəxslərin həyat və yaradıcılığını öyrənmək, bizdən sonra gələn soylara çatdırmaq sabahımız üçün çox gərəklidir.
Azərbaycan mühacirət ədəbiyyatının ictimai və pedaqoji fəaliyyətinin zənginliyi və genişliyi, elmi yaradıcılığının miqyası və məhsuldarlığı baxımından bu cür xüsusi tədqiqatlara layiq simalarından biri Əhməd Cəfəroğludur. Dövrünün ictimai-siyasi təlatümləri nəticəsində gənc ikən vətəndən ayrı düşmüş, qürbətdə şərəfli həyat yolu keçmiş Əhməd Cəfəroğlu XX əsr Azərbaycan ictimai, elmi və bədii fikir tarixinin ən görkəmli nümayəndələrindəndir. Həyatının əsas hissəsini doğma yurdundan kənarda keçirsə də, o, bir an belə Azərbaycanın siyasi və mədəni həyatına biganə qalmamış, xalqının dilinə, ədəbiyyatına, tarix və etnoqrafiyasına dair saysız-hesabsız elmi əsərlər həsr etməklə, çoxlarına nümunə ola biləcək bir şəkildə öz milli borcunu yerinə yetirmişdir.
Ə.Cəfəroğlunun elmi-ədəbi və publisistik irsinin həqiqi öyrənilməsi üçün olsa-olsa zəmin və təkan rolunu oynaya bilər. Bu mənada alimin elmi, ədəbi, publisistik yaradıcılığının dərindən öyrənilib qiymətləndirilməsi və öz xalqına çatdırılması çağdaş elmimizin qarşısında duran mühüm və təxirəsalınmaz vəzifələrdən biri sayılmalıdır. Belə ki, ensiklopedik zəkaya və heyrətamiz erudisiyaya malik Ə.Cəfəroğlunun yaradıcılığı olduqca müxtəlif elm sahələrini əhatə edir.
Uzun illər hətta mütəxəssislər üçün də naməlum qalmış bu ədəbiyyatın öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyəti özlüyündə aydındır. Belə ki, harada meydana çıxmasından asılı olmayaraq, hər hansı xalqın mənəvi irsinin ayrılmaz tərkib hissəsidir və onun öyrənilməsi ən azı həmin ədəbi irs haqqında təsəvvürün düzgünlüyü və bütövlüyü üçün zəruridir. Təbii ki, bu ədəbiyyatın öyrənilməsində ən vacib iş onun başlıca nümayəndələrinin ictimai fəaliyyətinə, elmi-ədəbi yaradıcılığına dair xüsusi, dərin və hərtərəfli araşdırmaların həyata keçirilməsindən ibarət olmalıdır.
Ə.Cəfəroğlunun adı onilliklər boyu həmvətənləri üçün naməlum qalsa da, istər onun ömrünün sonuna qədər yaşayıb-yaratdığı Türkiyədə, istərsə də Avropada və Amerikanın elmi dairələrində böyük alimin şəxsiyyəti bəlli olmuş, ictimai pedoqoji və elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. Artıq 50-ci illərin sonlarından başlayaraq Ə.Cəfəroğlunun haqqında meydana çıxan və nüfuzlu tədqiqatçıların qələminə məxsus yazılar onun dünya türkologiyasının inkişafındakı rolu və özünəməxsus mövqeyininin etiraf olunması demək idi.
Filologiya elmləri namizədi, araşdırmaçı Elşən Əbülhəsənli “Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi” kitabında alimin həyat və yaradıcılığı haqda maraqlı faktlar yer alıb. O hesab edir ki, Ə.Cəfəroğlunun adı onilliklər boyu həmvətənləri üçün naməlum qalsa da, istər onun ömrünün sonuna qədər yaşayıb-yaratdığı Türkiyədə, istərsə də Avropa və Amerikanın elmi dairələrində böyük alimin şəxsiyyəti tanınıb, ictimai-pedaqoji və elmi fəaliyyəti yüksək qiymətləndirilib: “Artıq 50-ci illərin sonlarından başlayaraq Ə.Cəfəroğlu haqqında meydana çıxan və nüfuzlu araşdırmaçıların qələminə məxsus yazılar onun dünya türkologiyasının inkişafındakı rolu və özünəməxsus mövqeyinin etiraf olunması demək idi. Azərbaycanda Ə.Cəfəroğlu ilə bağlı yazılar yalnız son dövrdə mətbuat səhifələrində görünməyə başlayıb. 1990-cı ildə “Xəzər” dərgisi, ilk dəfə olaraq tarix elmləri namizədi Hüsaməddin Məmmədovun təqdimatı və ön sözü ilə məşhur türk yazıçısı Samim Qocagözün öz müəllimi Ə.Cəfəroğlu barədə xatirəsini dərc edib. Lakin Ə.Cəfəroğlunun elmi-ədəbi ictimaiyyətə, həmçinin, geniş oxucu kütləsinə tanıdılması sahəsində ilk ciddi addım professor Vilayət Quliyevin 1991-ci ilin martında “Ədəbiyyat qəzeti” ndə dərc edilmiş irihəcmli məqaləsi oldu. Gərgin axtarışların məhsulu olan bu məqalədə Dünya elmi dairələrində yaxşı tanınan Ə.Cəfəroğlunun ömür yolu barədə müfəssəl məlumat verilir, Azərbaycan ədəbiyyatı tarixinə və folklorşünaslığına dair tədqiqatlarından bəhs olunur”. Araşdırmaçı bu qənaətdədir ki, 80 illik ömründə Ə.Cəfəroğlu elmin zirvəsinə ucala bilmişdi: “Bu zirvənin arxasında müxtəlif elm sahələrində gərgin axtarışlarla, məhsuldar fəaliyyətlə, mübarizələrlə dolu keşməkeşli bir həyat dayanır”.
Əhməd Cəfəroğlu1899-cu ildə Gəncədə anadan olub, üç yaşında ikən atasını itirib, anasının və qohumlarının himayəsində yaşayıb. Cümhuriyyət elan olunanda onun 19 yaşı var idi. Könüllü olaraq Nuru paşanın Qafqaz İslam ordusuna qoşulmuşdu. Kiçik topçu zabit idi. Sentyabrın 15-də Bakıya qalib kimi daxil olan qoşunun sıralarında o da var idi. Bir il sonra universitet yaradılarkən oranın Tarix-Filologiya fakültəsində dinləyicilərdən olur. Cümhuriyyətin işğalından sonra Cəfəroğlu Türkiyəyə mühacirətə gedir.
Əhməd Cəfəroğlunun publisistikasında 27 aprel faciəsi bir neçə dəfə xatırlanıb. Cümhuriyyətin işğalının 13-cü ilində yazdığı “Azərbaycanın böyük matəmi – 27 nisan 1920” adlı məqaləsində yazır: “1920-ci ilin 27 nisanında böyük türk dünyasının köksündə hürriyyət bayrağını ilk qaldıran bir türk ölkəsinin ocağı sönmüş, Azərbaycan – Odlu yurd qırmızı ruslar tərəfindən işğal edilmişdi”.
27 aprellə bağlı digər bir yazısında Cəfəroğlu qeyd edirdi: “Zavallı Azərbaycan! Çəkmədiyin qalmadı. Uğurlu, şanlı, sevincli günlərin qara günlərə çevrildi. Müqəddəs üçrəngli bayrağının yerinə yabancı ellərin oraq-çəkicli bayrağı qaldırıldı. İstiqlal idealı yerinə istila ruzigarları əsdirildi”.
Cümhuriyyətin 10 və 15 illiyi ilə bağlı yazdığı məqalələrdə isə milliyyətçi Azərbaycan gəncliyinin bir gün rusları məğlub edəcəyi ilə bağlı inanclı fikirlər söyləyirdi.
Türkiyədə Cəfəroğlu İstanbul universitetinin Dil-Ədəbiyyat fakültəsinə daxil olur, 1924-cü ildə oranı bitirir. 1925-ci ildə Almaniya universitetlərində türkologiya sahəsində təcrübə qazanmağa yollanır, orada dövrün tanınmış alimləri olan Vesterman, Banq Koup, Vasmer, Gizi, Brokelman, Şader, Diels kimi şəxslərin mühazirələrini dinləyir. 1929-cu ildə Breslau universitetində professor F.Gizinin rəhbərliyi altında “Gəncə dialektində 75 Azərbaycan bayatı-türküsü. Bir dil araşdırması” mövzusunda dissertasiya müdafiə edərək filologiya doktoru adını qazanır.
Yüksək və nadir tədqiqatçılıq keyfiyyətlərinə malik olan Ə.Cəfəroğlunun yaradıcılığı humanitar biliyin olduqca müxtəlif sahələrini əhatə edir. Yarım əsrlik elmi-pedaqoji fəaliyyəti nəticəsində dünya türkologiyasının aparıcı simalarından birinə çevrilmiş böyük həmyerlimizin yaradıcılığında Azərbaycanla bağlı araşdırmalar mühüm yer tutur. Mübağiləsiz olaraq, Ə.Cəfəroğlunu elmi azərbaycanşünaslığın banilərindən biri saymaq lazımdır. O, türk dünyasının mühüm və ayrılmaz bir hissəsi saydığı vətəninin tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, dilinə, şifahi və yazılı ədəbiyyatına dair onlarla əsərin müəllifidir. Bu əsərlər Azərbaycanın tanıdılması, onun mədəniyyətinin təbliği sahəsində böyük rol oynamışdır. Onlar istər ehtiva etdiyi material, istər irəli sürdüyü ideyalar, istərsə tədqiqat metodikası baxımından bu gün də elmi və idrakı dəyərini qoruyub saxlamaqdadır.
(ardı var)