Xarici işlər naziri Hakan Fidan Qətərin “Əl-Cəzirə” kanalında yayımlanan müsahibəsində cari məsələlərlə bağlı açıqlamalar verib və jurnalist Rəsul Sərdar Atəşin suallarını cavablandırıb.
Turkustan.az xəbər verir ki, Hakan Fidan YPG/SDG terror təşkilatı ilə Dəməşq hökuməti arasında əldə olunan razılaşmanı “çox mənalı və vacib” hesab etdiyini bildirib. O qeyd edib:
“Prinsipcə, Türkiyə olaraq tərəflərin kimliyindən asılı olmayaraq, əldə edilən hər hansı bir razılaşmanı dəstəkləyirik. Əsas məsələ müəyyən prinsiplər üzərində razılığa gəlinməsidir. Bu halda, bizim nöqteyi-nəzərimizdən dəstəkləməyə dəyər. Bununla belə, Türkiyənin milli təhlükəsizliyi ilə bağlı narahatlıqları və qırmızı xətləri var.”
Fidan vurğulayıb ki, Dəməşq hökuməti SDG ilə razılaşma əldə edərkən Türkiyənin bu həssas məqamları adətən nəzərə alınır. O, hazırkı vəziyyətə toxunaraq bildirib ki, atəşkəs davam edir və bu, Amerika qüvvələrinə İŞİD üzvlərini Suriyadan İraqa köçürməyə imkan verir:
“Düşünürəm ki, bu, mühüm bir inkişafdır və hər kəs buna töhfə verməlidir. Türkiyə olaraq, amerikalılarla birlikdə bu prosesi asanlaşdırmaq üçün əlimizdən gələni edirik.”
Nazir Türkiyənin kürdlərin rəhbərlik etdiyi hər hansı bir polis strukturunu qəbul edib-etməyəcəyi ilə bağlı suala isə belə cavab verib:
“SDG əslində PKK-nın Suriyadakı uzantısıdır. PKK-nın dörd ölkədə – Suriya, İraq, İran və Türkiyədə dörd qolu var və bu ölkələrin hamısı üçün hədəfləri mövcuddur. Biz Suriya kürdlərinə dəyər veririk və onların ədalətli şəkildə idarə olunmasını istəyirik.”
Hakan Fidan əlavə edib ki, PKK terror təşkilatı əvvəllər yüzlərlə şəxsi səfərbər edərək SDG sıralarında Suriyaya yerləşdirib. Onun sözlərinə görə, bu fakt dünya ictimaiyyəti tərəfindən böyük ölçüdə bilinmir və diqqətdən kənarda qalır.
Aytən Yaşar/ Turkustan.az