YouTube İsrailin insan haqlarını pozduğunu göstərən yüzlərlə videonu silib.
Turkustan.az xəbər verir ki, ABŞ hökuməti İsrailin Qəzza və İordan çayının qərb sahilində fələstinlilərə qarşı törətdiyi iddia edilən hərbi cinayətləri ört-basdır etməkdə davam edir. Bu kontekstdə YouTube oktyabr ayından bəri yüzlərlə Fələstinlə bağlı məzmunu və istifadəçi hesabını hədəfə alıb.
Təxminən 2,5 milyard aktiv istifadəçisi olan platforma, İsrailin Qəzzadakı soyqırımından sağ çıxan analar haqqında sənədli film, fələstinli amerikalı jurnalist Şirin Əbu Aqilanın öldürülməsində İsrailin rolunu ifşa edən araşdırma videosu, eləcə də İsrailin Qərb Sahilində fələstinlilərin evlərinin sökülməsini göstərən video da daxil olmaqla ən azı 700 videonu silib.
YouTube həmçinin Fələstinin aparıcı insan haqları təşkilatları — “Əl-Haq”, “Əl-Mezan İnsan Haqları Mərkəzi” və “Fələstin İnsan Haqları Mərkəzi” (PCHR) — tərəfindən paylaşılan videolara görə onların rəsmi hesablarını da bağlayıb.
Məlumata görə, bağlanan fələstinli qrupların kanallarında İsrail hökumətinin Qəzza və İordan çayının qərb sahilində mülki şəxslərin öldürülməsi də daxil olmaqla, beynəlxalq hüququn pozulmasına dair çoxsaylı sübut və sənədləşdirilmiş görüntülər yer alırdı.
YouTube sözçüsü Boot Bullwinkle “The Intercept” nəşrinə bildirib ki,
“Google tətbiq olunan sanksiyalara və beynəlxalq ticarət uyğunluğu qanunlarına əməl etməyə sadiqdir.”
Aytən Yaşar/ Turkusan.az