Son zamanlar beynəlxalq mediada İsrailin Türkiyəyə mümkün hərbi zərbələri ilə bağlı müzakirələr gedir. Xüsusilə İsrailin Qətərə hücum planları və regional siyasətdə sərt addımlar atması bu mövzuda narahatlıqları artırıb.
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Qətərə qəfil hücum heç bir ölkənin İsrailin qəfil hücumundan sığortalanmadığı anlamına gəlir:
“Digər tərəfdən, İsrail Baş naziri Benyamin Netanyahunun Qətərdə uğursuzluğunu məhz Türkiyə xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlayırlar. İsrailin Türkiyəyə hücum etmək ehtimalını orada sığınacaq tapan HƏMAS rəhbərlərinin mövcudluğu ilə əlaqələndirirlər. İsrail Dohaya hücum edəndən və bununla da Qətər təhlükəsizlik imicini itirəndən sonra HƏMAS-ın sağ qalan rəhbərləri Qəzzada baş verən hadisələri məhz Türkiyədən idarə etməyə başladılar.
Digər tərəfdən, ABŞ-ın bütün vasitələrlə İsrailin arxasında dayanması və onun bütün addımlarına dəstək verməsi bu dövləti Ankaraya qarşı hücuma da təşviq edə bilər. Amma Türkiyə Qətər deyil. O, heç İsrailin hücumuna və işğalına məruz qalan digər ərəb ölkələrinin oxşarı da hesab oluna bilməz. Türkiyə öz hərbi, iqtisadi, siyasi və potensialına görə bütün ərəb ölkələrindən daha üstündür”.