Rusiya Ermənistandan əl çəkmir: İrəvan özündə cəsarət tapsa...


"Rusiyanın Cənubi Qafqazda varlığı sadəcə Zəngəzur dəhlizinə nəzarət məsələsi üzərindən olsaydı, o halda iddia etmək olardı ki, Moskva regiondan uzaqlaşır, əl çəkir və s. Ancaq Rusiya hələ də Ermənistanda mövcuddur".

Bunu politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Rusiyanın Ermənistanda hərbi bazası, sərhədçiləri və başqa təsir rıçaqları var.

Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi fonunda Kremlin diqqətinin Cənubi Qafqazdan yayınması Rusiyanın Ermənistandakı mövcudluğunun aradan qalxması, bölgədən çıxması anlamına gəlmir:

“Bu o zaman baş verə bilər ki, Ermənistan özündə cürət tapıb Rusiyanı tamamilə ölkədən çıxara bilsin. Məncə, bu, gələcəkdə baş verə bilər. Ancaq indi real deyil. Həm də hazırki mərhələdə düşünmürəm ki, ABŞ tam qərara gəlib ki, Rusiya Cənubi Qafqazdan çıxarılmalıdır”.

Xəyal Bəşirov: ABŞ-nin Rusiyaya təzyiqinin məqsədi sadəcə Ukrayna ilə müharibəni bitirməkdir

Müsahibimizə görə, ABŞ-nin ümumiyyətlə yürütdüyü siyasət elədir ki, Vaşinqton hansısa bölgədə sadəcə bir qüvvənin güclənməsinə tərəfdar olmayıb. Üstəlik, Ukraynaya görə Rusiya ilə gərginliyi artırmaq istəmir.

“Düzdür, Rusiyanın təsir imkanları Cənubi Qafqazda əvvəlki dövrlərə nisbətən xeyli zəifləyib. Xüsusən, İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin mövqeyi bölgədə daha çox artıb. İranın mövqeyi də azalıb. Buna rəğmən, ABŞ öz müttəfiqi olmasına baxmayaraq, Türkiyənin Rusiyanın əvəzinə Cənubi Qafqaz regionunda tam güclənməsində maraqlı deyil. Çünki imperialist siyasət bunu diktə etmir. ABŞ-nin Rusiyaya yönəlik təzyiqinin, sanksiyaların məqsədi sadəcə Ukrayna ilə müharibəni bitirməkdir".

Aydın Baxış


MANŞET XƏBƏRLƏRİ