Nazir: Tramp Putinə sülh müqabilində Ukraynanın 5 regionunu təklif etmişdi


İkinci dəfə prezident seçildikdən sonra Donald Tramp müharibənin başa çatdırılması qarşılığında Vladimir Putinə Krım da daxil olmaqla Ukraynanın 5 regionunu, həmçinin Kiyevin NATO-ya üzvlük qadağasını "hədiyyə" edib, lakin Putin bu təklifi qəbul etməyib.

Turkustan.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger Almaniyanın “Welt” nəşrinə müsahibəsində danışıb.

Onun fikrincə, Putin müharibəni dayandırmaq niyyətində deyil, çünki əks halda bu mövzuda real danışıqlar artıq başlanmış olardı.

"ABŞ Prezidenti Tramp Putinə Krımı və bir neçə şərq vilayətini, necə deyərlər, gümüş boşqabda təqdim etdi, həmçinin Ukraynanın NATO-ya üzvlüyünə imkan verməyəcəyini bildirdi. Bəs Putin nə etdi? O, ölkəyə qarşı məhvetmə müharibəsini davam etdirir", - Maynl-Rayzinger bildirib.

Eyni zamanda, o, Avropada geniş yayılmış Rusiyanın cəbhədə "impuls"a sahib olması barədə narrativə şübhə ilə yanaşıb.

"İmpuls? Mən əmin deyiləm. Rusiya böyük itkilər verir. Nə vaxtsa Rusiyada tabutlar yığılmağa başlayacaq. Fəlakətli iqtisadi vəziyyəti də buna əlavə etmək olar. Kremlin bu müharibəni davam etdirməsi getdikcə çətinləşir. Putin bilir ki, vaxt gedir. Buna görə də müharibəni belə amansız intensivliklə aparır", - Avstriya XİN başçısı bildirib. /Teleqraf/


MANŞET XƏBƏRLƏRİ