Xəbər verdiyimiz kimi, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
Turkustan.az xəbər verir ki, danışıq zamanı Hindistan və Pakistan arasında yaşanan gərginlik, mayın 6-na keçən gecə baş verən hücum və mövcud vəziyyət müzakirə edilib.
Danışıqdan sonra sosial media platformasında açıqlama verən Şahbaz Şərif Türkiyənin Pakistana verdiyi dəstəyə görə təşəkkürünü bildirib:
“Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla danışdım və ona bu kritik anda Pakistana göstərdiyi həmrəylik və dəstəyə görə təşəkkür etdim. Türk qardaşlarımıza Hindistanın xain raket hücumlarında şəhid olanlar üçün etdikləri dualara görə minnətdarlığımı bildirirəm. Düşmənə şücaət və peşəkarlıqla cavab verən silahlı qüvvələrimizin göstərdiyi qəhrəmanlıq haqqında ona məlumat verdim. Biz nəyin bahasına olursa olsun suverenliyimizi və ərazi bütövlüyümüzü qoruyacağıq. Pakistan Cənubi Asiyada gərginliyi azaltmaq və sülhü qorumaq üçün göstərdiyi səylərə görə Türkiyəyə minnətdardır”./publika.az