"Bu keçid baş tutmayacaq və daha çox piar xarakterli çıxışa bənzəyir".
Bunu Qaynarinfo-ya açıqlamasında ReAL sədri Natiq Cəfərli Ukraynanın ticari əlaqələrdə dollardan imtina edib, avroya keçməsi ehtimalını şərh edərkən deyib.
Natiq Cəfərli bildirib ki, istər Ukrayna, istərsə də Avropa İttifaqına daxil olmayan digər ölkələr olsun, onların xarici əməliyyatlarda hansısa bir bir valyuta seçimi ticarət balansına bağlıdır:
"Ukrayna Avropa İttifaqına yaxın olsa da, həm hərbi kömək cəhətdən, həm də iqtisadi münasibətlər, Vaşinqtonla Kiyev arasında imzalanan nadir mineral ehtiyatlarla bağlı anlaşmanı nəzərə alsaq, bu keçidin baş tutması o qədər də real görünmür. Digər tərfədən, bu açıqlama daha çox piar xarakterli çıxışa bənzəyir, nəinki reallığa".
Ümumiyyətlə, ekspert bildirir ki, dünya iqtisadiyyatında hansı valyuta ilə ticarət aparmağın o qədər də əhəmiyyəti yoxdur:
"Dolların gücü ondan ibarətdir ki, dünya birjaları dollar üzərindən hərəkət edir. Neft, qaz satışları, nadir mineralların satışı da dollar üzərindən aparılır. Bu nöqteyi nəzərdən həmin çıxışı sadəcə olaraq, piar aksiyası kimi dəyərləndirə bilərəm. Bundan öncə Qərblə dost olmayan Rusiya və Çin dollardan imtina edəcəklərini dəfələrlə qeyd ediblər. Çinlə Rusiyanın ticarət dövriyyəsinə baxsaq görərik ki, bu yalnız kağız üzərində baş verir. Alış-veriş daha çox yuan üzərindən həyata keçirilir, amma yuan da dollara bağlıdır".
Həmsöhbətimiz qeyd edir ki, Ukraynanın belə bir addım atmasının mənası yoxdur:
"Onun heç bir təsiri olmayacaq. Ukrayna dünya iqtisadiyyatında hansı mövqedədir ki, dollardan avroya keçməsinin hansısa bir təsiri olsun".
Qeyd edək ki, Ukrayna Milli Bankının sədri Andrey Pışnı "Reuters” agentliyinə müsahibəsində Kiyevin dollardan avroya keçə biləcəyinin anonsunu verib. Buna səbəb kimi də qlobal ticarətin parçalanması və Avropa ölkələri ilə artan əlaqələr göstərilib. Onun sözlərinə görə, Ukraynanın mümkün Aİ üzvlüyü, Avropa İttifaqının ölkənin müdafiə qabiliyyətini təmin etməkdə artan rolu, qlobal bazarlardakı dalğalanmalar və dünya ticarətinin parçalanması ehtimalı Milli Bankın belə bir qərarı nəzərdən keçirməsinə əsas yaradır: "Bu, mürəkkəb prosesdir və keyfiyyətli, hərtərəfli hazırlıq tələb edir".
Rüfət Sultan