Yüz ildir ki, bir Şam yanır...


Xuraman Muradova
"VİP Milan" Hospitalın direktoru,
Türk dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,
"Türk dünyası Onur", "Altın yıldız", "Humay" Milli Mükafatı laureatı,
Vektor Elmlər Akademiyasının fəxri professoru,
Azərbaycan və Türkiyə Yazarlar Birliyinin üzvü

Bu dünyaya gələn hər bir insanın son mənzili olur. Ancaq elə insanlar var ki, onun yaşamı millətin yaddaşına həmişəlik əbədi həkk olunur. Hər bir ölkədə xalqın firavanlığı uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan bütün ömrünü xalqına sərf edə. Ümummilli lider Heydər Əliyev məhz belə insan idi. Xalqına sonsuz sevgisi, məhəbbəti, qayğısı və gördüyü xeyirxah əməlləri ilə millətin qəlbinə köçdü Ulu Öndərimiz. Gördüyü işlərlə, bizə əmanət qoyduğu əmin-aman, firavan bir ölkə ilə, ünvanına ucalan sonsuz rəhmət, dua və alqışlarla xalqın qəlbində ölümsüzləşdi Ulu Öndərimiz…

Hər bir vətəndaşın prezidenti olmağı bacarmaqla yanaşı Ulu Öndər hər bir tikilidən tutmuş tarixi abidəyə, çiçəyindən ağacına qədər bu məmləkətin qayğısına qalmağı bacardı. Xeyir əməllər sahibi olmağın, xeyir işlər görməyin, gördüyü xeyirxahlıqlarla ürəklərdə əbədi yaşamağın ən böyük örnəyi oldu Ulu Öndərimiz...

Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir" - deyən Heydər Əliyev ölkəmizin təbiətinə xüsusi qayğı ilə yanaşır, dövlət idarəçiliyində peşəkar olduğu kimi, ağac əkməkdə, təbiətə nəfəs olmaqda, ətraf aləmi qorumaqda böyük qayğı və fədakarlıq nümayiş etdirirdi. Bu il Ulu Öndərimizin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Cənab Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən "Heydər Əliyev İli" çərçivəsində ölkəmizdə müəyyən tədbirlər, konfranslar, xeyriyyə işləri və ağac əkmə aksiyaları həyata keçirildi.

Cənab Prezidentin verdiyi hər bir sərəncama, qərara böyük sayğı və rəğbətimizlə yanaşı həm də verilən tapşırığa biz də dövlətinə, xalqına, millətinə, dövlətçiliyinə sidq-ürəklə bağlı bir vətəndaş olaraq öz töhfələrimizi verməyə çalışdıq. Bu minvalla "VİP MİLAN" Hospital ailəsi olaraq respublikamızın paytaxtında və bölgələrimizdə, müxtəlif rayonlarımızda dəfələrlə kütləvi şəkildə tam təmənnasız müxtəlif tibbi xidmətlər göstərməklə həmvətənlərimizin sağlamlığına yönəlik tədbirlər həyata keçirdik. Fiziki məhdudiyətli körpələrimizin, şəhid ailələrimizin, qazilərimizin müayinə və müalicələrinə xüsusi həssaslıqla yanaşmaqla və klinikamızın peşəkar həkimləri tərəfindən xeyli sayda aztəminatlı ailələrin oğul övladlarının sünnət olunmasına vəsilə olmaqla bu xeyriyyə işlərində payımız, töhfəmiz olmağına çalışdıq. Qeyd edim ki, aztəminatlı ailələrin övladlarını əhatə edən bu sünnət aksiyaları həm respublikamızın paytaxtında, həm də regionlarda müntəzəm olaraq dəfələrlə həyata keçirildi. Bu xidmətimizlə qayğısına qaldığımız hər bir körpə balamızın gələcəkdə ölkəmizə layiqli əsgər kimi yetişəcəyi duası və inamı ilə gənc ailələrə öz tərəfimizdən əlimizdən gələn qayğı və diqqəti göstərməyə çalışdıq.

Ulu Öndərimizin 100 illik yubileyi ilə əlaqədar görülən gözəl işlərdən biri də Heydər Əliyev Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi nəzarətlə həyata keçirilən ağac əkmə aksiyaları oldu.

"VİP Milan" Hospital ailəsi olaraq biz klinikamızın hər bir həkiminin və tibbi personalın iştirakı ilə Abşeron rayonu ərazisində 100 ağac əkdik. Böyük ruh yüksəkliyi ilə rəhbərlik və iştirak etdiyim bu işlərdə hər ağac tingini torpağa basdıranda, hər fidanı torpağa dikib dibini suvaranda sanki Ulu öndərimizin bu sözlərini xatırlayırdım: "Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki, məni yaralayıblar. Bir ağac kəsiləndə elə bilirəm ki, qolumu kəsirlər. Bir ağac əkiləndə isə o ağacın təbiətə verdiyi nəfəslə mən yaşayıram"...

Ulu Öndərin özünün də söylədiyi kimi bu gün əkdiyimiz hər bir ağacın təbiətə verdiyi nəfəslə O yaşayır...

Onun adını əbədiləşdirmək, xatirəsini əziz tutduğumuzu izhar etmək diləyiylə gördüyümüz gözəl işlərimizdə, xeyir əməllərimizdə O yaşayır...

İllərdi ki, bu məmləkəti qaranlıqdan çıxarmaq üçün ömrünü şam kimi əridən Heydər Əliyevin işığı həmişə bizimlədir və "Yüz ildir yanan bu gur İşıq" innən belə də bu ölkənin, bu xalqın yoluna nur çiləyəcək, şölə salacaq!

No description available.

No description available.


MANŞET XƏBƏRLƏRİ