“1994-cü ildə atəşkəsin imzalanmasının səhv olduğunu iddia edənlər vəziyyətə dərindən bələd deyildilər. Deyirlər ki, niyə döyüşləri dayandırdınız? Yaxşı, əgər dayandırmasaydıq, Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki, tanıyın?”
Turkustan.az xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Ermənistan Universitetində tələbə və müəllimlərlə görüşü zamanı 1994-cü il mayın 12-də Azərbaycanla imzalanmış atəşkəs (Bişkek protokolu – red.) barədə danışarkən bildirib.
Onun sözlərinə görə, əsas məsələ hərbi əməliyyatlar zamanı ərazi ələ keçirmək deyil:
“Çünki həmin torpaqları saxlamaq və qorumaq üçün sonradan ciddi imkanlara malik olmaq lazımdır. Biz o vaxt cəbhə xəttini iki-üç dəfə genişləndirib onu müdafiə edə biləcək gücdə idikmi? Əlbəttə ki, xeyr”.
Sərkisyan qeyd edib ki, həmin sənədə Dağlıq Qarabağın “nümayəndəsi” də imza atmışdı və Azərbaycan xüsusən Aprel döyüşlərindən sonra bu “reallığı” sıradan çıxarmağa başladı./Globalinfo.az