Maarifçilik sığorta təfəkkürü yarada bilirmi? – Azərbaycanın sığorta panoraması


Sığorta tədqiqatçısı və mütəxəssisi İlahə Ümidli ilə sığortanın cəmiyyətimizdəki rolu, miflər və gələcəyin çağırışları barədə silsilə müsahibələr çərçivəsində ikinci müsahibəni təqdim edirik.

İlahə xanım, “Sığorta təfəkkürü” nədir?

“Sığorta təfəkkürü” ifadəsi sadəcə bir anlayış deyil, həm də bir düşüncə tərzidir. İnsanların həyatı, gələcəyi və yaxınlarını qorumaq barədə daha əvvəlcədən məsuliyyətlə düşünməyə başlaması deməkdir.

Bu təfəkkür odur ki, biz evi tikəndə təkcə damını yox, onu daşqından qoruyacaq möhkəm bünövrəni də düşünürük. Avtomobil alanda yalnız görünüşünü deyil, həm də onu qoruyan kasko sığortasını da hesablayırıq. Övladımıza sevinc bəxş edən bir oyuncaq alarkən, onun sabahı üçün güvən bəxş edən bir addım atmağı da unutmuruq. Yəni sığorta təfəkkürü hər şeyi sığortalamaq yox, hər şeyi sığorta baxışı ilə qiymətləndirmək bacarığıdır. Sığorta təfəkkürü, o, çətiri vaxtında almaq düşüncəsidir.

Sizcə, bu təfəkkürün formalaşmasına haradan başlanılmalıdır?

Sığorta təfəkkürü bir gündə formalaşa bilməz, o eynilə təhsil kimidir, əvvəllcə insanlar maarifləndirilməlidir. Bu təfəkkürə başlanğıc yer məktəbdir, evdir, televizorun qarşısıdır, bir sualın cavabıdır.

Uşaq ana-atasından eşitməlidir ki, “biz niyə sığorta etdirdik?”. Bir gənc müəllimindən öyrənməlidir ki, “risk nədir, ehtiyat nə üçündür?”.

Bu təfəkkür televiziyadakı seriallarda və reklamlarda səslənən bir sadə cümlə ilə də başlaya bilər, misal üçün: "Yaxşı ki, sığortamız var idi..." Bu təfəkkür dərs kitablarında bir paraqrafla, xəbərlərdə real bir hadisə ilə, ailə söhbətində bir nümunə ilə başlaya bilər.

Bir uşaq pul qənaət etməyi öyrəndiyi yaşda, sığortanın da qənaətin bir növü olduğunu anlamalıdır. Bir gənc gələcək planı quranda, onu qorumağın yollarını da bilməlidir. Bir valideyn övladının həyatını düşünüb narahat olanda, bu narahatlıqla yanaşı bir “tədbir”in də olduğunu görməlidir. Yəni bu təfəkkür, sığorta müqavilələrində deyil, insanların düşüncələrindən başlasa, oradan evlərinə, ailələrinə, cəmiyyətə sirayət etsə, məhz o zaman sığortalanmaq, sadəcə bir xidmət yox, bir mədəniyyət olacaq.

Ən əsası isə, bu təfəkkür qorxutmaqla yox, güvən verməklə formalaşdırılmalıdır. İnsan özünü təhlükədə hiss etdiyinə görə yox, dəyərlərinin qorunduğunu hiss etdiyinə görə sığortanı seçməlidir.

Sığorta təfəkkürünün formalaşmasında kütləvi informasiya vasitələrinin rolu Sizcə yetərlidirmi?

Sığorta təfəkkürünün formalaşmasında kütləvi informasiya vasitələrinin rolu inkarolunmazdır. Çünki insanlar ilk növbədə eşitdiklərinə, gördüklərinə və gündəlik həyatlarında qarşılaşdıqları mesajlara əsaslanaraq mövqelər formalaşdırırlar. Lakin sualın mahiyyəti, bu rolun yetərli olub-olmaması ilə bağlıdırsa, təəssüf ki, cavabım: “xeyr, yetərli deyil” olacaq. Bu yetərsizliyin əsas səbəbi, mənim fikrimcə, medianın özündən çox, onu düzgün və sistemli şəkildə məlumatla təmin etməyən aidiyyəti qurumlarla bağlıdır.

Kütləvi informasiya vasitələri və sosial media platformaları müasir dövrdə sığorta sahəsində maarifləndirmə işlərinin təşkili üçün geniş imkanlar yaradır. Xüsusilə də, bu vasitələrin informasiya yayımındakı sürəti və əhatəliliyi onları “ən təsirli maarifləndirmə aləti”nə çevirir. Bu fikrimi “Əhalinin sığorta barədə məlumatlılıq səviyyəsinin ölçülməsi” adlı tədqiqatımızın nəticələri də təsdiqləyir. Respondentlərə “Sığorta haqqında yenilikləri və məlumatları haradan əldə etmək Sizə rahat olardı?” sualı təqdim olundu (bax: Şəkil 1). 1,201 nəfərin cavabları əsasında müəyyən olundu ki, respondentlərin:

51%-i (612 nəfər) – İnterneti,

37.6%-i (451 nəfər) – İnstagram platformasını,

23.6%-i (283 nəfər) – WhatsApp-ı,

22.2%-i (267 nəfər) – Televiziyanı və s. məlumat mənbəyi kimi üstün tutmuşdur.

Şəkil 1.

Mənbə: “Əhalinin sığorta barədə məlumatlılıq səviyyəsinin ölçülməsi” tədqiqatı, 2024.

Bu göstəricilər sosial media və rəqəmsal platformaların maarifləndirmə məqsədilə daha intensiv və məqsədyönlü istifadəsinin zəruriliyini ortaya qoyur.

Və nəzərə alsaq ki, sığorta yalnız risklərə qarşı maliyyə aləti deyil, həm də sosial məsuliyyət və strateji düşüncə nümunəsidir, bu baxımdan, KİV-in təqdim etdiyi informasiya sadəcə məhsul tanıtımı səviyyəsində qalarsa, maarifləndirmə prosesi səthi və davamsız olur.

Məncə, kütləvi informasiya vasitələri sığortanı, bir sahə kimi deyil, həm də bir həyat tərzi kimi təqdim etməlidir. Real həyat nümunələri, sadə və aydın izahlar, sosial reklamlar və uğurlu sığorta təcrübələrinin nümayişi bu istiqamətdə mühüm addımlar ola bilər.

Xüsusilə televiziya seriallarında, tok-şou və xəbər proqramlarında sığorta anlayışının real həyat hadisələri ilə inteqrasiya olunmuş formada çatdırılması, insanların bu sahəyə münasibətini kökündən dəyişə bilər.

Ümumiləşdirsək, kütləvi informasiya vasitələri məlumatlandırma üçün mühüm alətdir, lakin bu alətin səmərəli istifadə olunması üçün planlı strategiya zəruridir.

Azərbaycanda sığorta savadlılığını artırmaq üçün hansı konkret addımları təklif edərdiniz?

Sığorta savadlılığı, sadəcə bilgi deyil, yaşam tərzi deməkdir. Azərbaycanda bu təfəkkürün formalaşdırılması sadəcə təbliğatla mümkün deyil, hədəfli və ardıcıl addımlar atılmalıdır.

Məncə, birinci addıma məktəbdən başlamaq lazımdır. Sığorta ilə bağlı ilkin anlayışlar orta məktəb dərsliklərinə daxil edilməlidir. Məsələn, “Həyat bilgisi” və ya “İqtisadiyyat” fənlərində uşaqlara sığortanın mahiyyəti, sadə həyat nümunələri üzərindən izah edilməlidir.

İkinci, maarifləndirmənin cəmiyyətə ən yaxın ünvanı, müəllimlər və sosial işçilərdir. Onlar üçün sığorta savadlılığına dair təlim proqramları təşkil olunmalı, bu sahədə model və vasitələr onlara təqdim edilməlidir.

Üçüncü, ali təhsil ocaqlarında tədrisi təşkil edilməlidir. Universitetlərin müxtəlif ixtisaslarında, interaktiv təlimlərlə zənginləşdirilmiş formada tətbiqi sığorta modulları yaradılmalıdır,

Əsas təkanı bayaq qeyd etidiyim kimi, media verə bilər. Sığorta şirkətləri və dövlət qurumları sosial şəbəkələrdə, mobil tətbiqlərdə sadə animasiyalar, oyunvari testlər və gündəlik həyat nümunələri ilə maarifləndirici kontentlər yaratmalıdır. Məsələn, istifadəçilərə “Bu gün bir hadisə baş versəydi, nə qədər zərər çəkə bilərdiniz?” adlı interaktiv test təqdim edilə bilər.

Sığorta anlayışı təkcə şəhər mühitində yox, kəndlərdə, rayonlarda, bazar meydanlarında, kənd məclislərində də təbliğ olunmalıdır. Kənd müəllimləri ilə əməkdaşlıq, mobil maarifləndirici qruplar vasitəsilə də bu iş təşkil və tətbiq edilə bilər.

Bilirsiniz, sığorta savadlılığı bir layihə kimi dəyərləndirilməməlidir, o, bir yoldur. İnsan sığortanı o zaman anlayar ki, onun həyatına toxunsun, övladının gələcəyinə, evinin damına, sağlamlığına, sabahına olan planına.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ