“İrəvanda baş verənlər delimitasiya və demarkasiya prosesini ləngidə bilməz” – Politoloqlardan AÇIQLAMA


Ermənistanın “Vətən uğrunda Tavuş” hərəkatının minlərlə tərəfdarı hökumətə etiraz etmək üçün mitinq keçirir.

Mövcud gərginlik Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası işlərini ləngidə bilərmi?

Mövzu haqqında politoloqlar Turkustan.az-ın suallarını cavablandırıblar.

Politoloq Samir Hümbətov bildirib ki, “əgər Ermənistanda baş verənlər prosesləri ləngidirsə, bunun bütövlükdə Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesini ləngitəcəyini düşünmürəm. Ən azından nəzərə almaq lazımdır ki, bu proses artıq başlayıb və Ermənistan hökuməti hələ də bu prosesi dayandırmaq niyyətində deyil. Paşinyan özü də vəziyyəti anlayır ki, bu proses dayanarsa, Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb ola bilər. Ən yaxşı halda bu, toqquşmaların baş verə biləcəyi bir vəziyyət kimi qiymətləndirilə bilər. Ən azından yadda saxlamaq lazımdır ki, proses başlayıb və uzun illərdir davam edən düşmənçilik münasibətlərinə son qoya bilər. Bu baxımdan hesab edirəm ki, Ermənistanın indiki hakimiyyəti bunu istəmir. Yəni Azərbaycanla gərginliyin davam etməsini istəmir. Ona görə də onlar hesab edirlər ki, üç-beş min insanı sakitləşdirmək, Azərbaycanla mümkün münaqişə və gərginliyi aradan qaldırmaqdan daha asandır.

Samir Hümbətov:

Bu baxımdan, “Vətən uğrunda Tavuş” hərəkatında üç-beş min adam peyda ola bilər, ancaq müəyyən məqamdan sonra bunu dayandıra bilərlər. Amma Azərbaycanla münaqişənin ciddi nəticələri ola bilər. Ermənistan bu məsələni maksimum dərəcədə sakitləşdirə və delimitasiya-demarkasiya prosesini davam etdirə bilər. Bu proses bir-iki gün uzana bilər. Amma bu o demək deyil ki, prosesi tamamilə dayandırmaq olar”.

Politoloq Tural İsmayılov isə hesab edir ki, “Ermənistanda Azərbaycanla sülhün mümkünlüyünü istəməyən dairələr fəallaşmağa başlayıb. Əslində bu gün Ermənistana aksiyaların önündə görünən keşiş Baqrat daha əvvəl ictimai-siyasi fəaliyyəti ilə çox da seçilməyib. Eyni zamanda, bu şəxs Ermənistanın dini icmasında yepiskopla eyni təsirə malik deyildir. Amma birdən görürük ki, bu şəxs Tavuş bölgəsində peyda olur və Azərbaycanla sülhün mümkünlüyünə qarşı addımlar atır. Təbii ki, burada maraqlı tendensiyalar var. Əvvəla, aydındır ki, Ermənistanı sülhə vadar edən Azərbacyandır və bizim Ermənistanla sülh müqaviləmiz beynəlxalq hüquq fonunda baş verir. Digər bir tərəfdən Azərbaycan bu gün regionda qalib tərəf kimi diktə etdiyi şərtlər Ermənistanı sülhlə bağlı addımlar atmağa məcbur edir. Bugünkü xaosun arxasında Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı qoyan qüvvələr dayanır.

Tural İsmayılov - Turkic World

Ermənistan hökumətdəki bu hərəkətlərdən yararlanmaq çalışır. Onlar həmçinin hesab edirlər ki, beynəlxalq sülh üçün zəmin yaratmaq lazımdır. Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq istədikləri halda güya cəmiyyətdə Paşinyanın bu qərarlarına qarşı ciddi etirazlar var.”

Politoloq əlavə olaraq bildirib ki, “bu delimitasiya işlərini ləngidə bilməz. Nəzərə almaq lazımdır ki, Ermənistanın dövlət kimi öhdəlikləri var. Ermənistan hökuməti bu öhdəlikləri öz üzərinə götürdü. Azərbaycanla delimitasiyadan yayınmaq, hansısa xaosundan bəhanə gətirmək Azərbaycana yox, Ermənistanın özünə böyük zərbə olardı. İstənilən halda Ermənistan hakimiyyəti delimitasiya məsələsində daha operativ və çevik addımlar atmalı və bu prosesi sabotaj etməməlidir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ