"Heydər Əliyev dövrünün yeganə siyasətçisi və dövlət xadimi idi ki..." - Azay Quliyev yazır


Azay Quliyev,
Milli Məclisin deputatı

Bu gün, mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin Qurucusu və Banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur.

Heydər Əliyevin parlaq şəxsiyyəti, ali insani keyfiyyətləri, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətləri hər keçən il daha aydın şəkildə dərk olunur və anlaşılır. Bəli, Heydər Əliyev dövrünün yeganə siyasətçisi və dövlət xadimi idi ki, hər iki ictimai-iqtisadi formasiyada, yəni, həm sovetlər dönəminin, həm də müstəqillik illərinin taleyüklü anlarında bütün məsuliyyəti üzərinə götürərək xalqını üzləşdiyi bəlalardan və çətinliklərdən xilas etməyi, ölkəsinin müstəqilliyini, inkişafını və təhlükəsizliyini təmin etməyi bacarmış, özündən sonra çox böyük dövlətçilik məktəbi və siyasi irs qoyub getmişdir.

Başqa sözlə desək, Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqına ömürünün sonunadək sədaqətlə xidmət etmiş, apardığı hər bir milli mücadilənin mütləq Qalibi və Qəhrəmanı olmuşdur.

Azərbaycanı hələ sovetlər dönəmində geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirən, kommunist ideologiyasının qadağalarına baxmayaraq dövlətimizin müstəqillik sütunlarını hələ o zaman çox böyük ustalıqla və usaqgörənliklə formalaşdıran Heydər Əliyevin gördüyü möhtəşəm işləri və nail olduğu tarixi uğurları sadalamaqla bitirmək mümkün deyil. Lakin Ulu Öndərin müstəqil dövlət quruculuğu və ya xilaskarlıq missiyası bugünkü və gələcək nəslin əbədi olaraq yaddaşına həkk olunub.

Müstəqilliyimizin ilk illərini yaxşı xatırlayırıq: həm Mütəllibov, həm də AXC-Müsavat iqtidarının səriştəsizliyi ölkəni ictimai-siyasi pərakəndəliyə, anarxiyaya sürükləmiş, ayrı-ayrı bölgələrdə genişlənən separatçılıq və parçalanma meylləri, o cümlədən başlanmaqda olan qardaş qırğını və vətəndaş müharibəsi Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir millət və dövlət olaraq taleyimizin həll olunduğu həmin ağır zamanlarda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın əsl xilaskarına çevrildi. Dövlətimizi dağılmaqdan və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtaran Heydər Əliyev sonrakı mərhələdə də müstəqilliyimizə qarşı yönələn silahlı çevriliş cəhdlərinin qarşısını uğurla aldı, ölkədə ictimai siyasi sabitliyi bərqərar etdi, bütün sahələrdə köklü islahatlar apardı, qısa müddət ərzində iqtisadiyyatı dirçəltməyə, nizami ordu yaratmağa və demokratik - hüquqi dövlət quruculuğu prosesinə başladı.

Müstəqil Azərbaycanın yeni, demokratik və müasir Konstitusiyasının qəbul edilməsi, ölüm hökmünün və mətbuatda senzuranın ləğv edilməsi, Konstitusiya Məhkəməsinin, bələdiyyə institutunun və Ombudsman təsisatının yaradılması, Azərbaycanın neft strategiyasının və iqtisadi inkişaf konsepsiyasının müəyyən edilməsi, “əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa qaz kəmərlərinin çəkilişinın əsasının qoyulması yalnız Ulu Öndər Heydər Əliyevin siyasi dühası, qətiyyəti və əzmkarlığı hesabına mümkün oldu.

Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi – qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı, ölkəmizin beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxdı, fəal diplomatiyanın nəticəsində Ermənistanın işğalçılıq siyasəti ifşa olundu, dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi.

Cəmi 4 ay Milli Məclisin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə müstəqil Azərbaycanda müasir parlamentarizmin əsasını qoydu, parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Ulu Öndərin iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, dəyərli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Milli Məclisin iclaslarının, mətbuat konfranslarının, respublika əhəmiyyətli müşavirələrin birbaşa yayımla televiziya ekranlarından xalqa çatdırılması isə Heydər Əliyevin bir tərəfdən özünəinamın ifadəsi idisə, digər tərəfdən xalqla birbaşa dialoqun qurulmasının təzahürü kimi də çox mühüm əhəmiyyətə malik idi.

Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq məfkurəsi Azərbaycanın müasir dünyada bir millət və bir dövlət kimi yerini müəyyən etdi, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycançılıq ideologiyası təkcə dövlətimizin ərazisində yaşayanları yox, eyni zamanda, bütün dünya azərbaycanlılarını əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.

Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – kəlamı hər bir həmvətənimizin ürəyindən xəbər verən milli vəhdət rəmzi kimi tarixə düşdü.

Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri də Azərbaycanın müstəqillik və inkişaf yolunu əzmlə davam etdirən, 44 günlük Vətən müharibəsi, 23 saatlıq antiterror əməliyyatı ilə şanlı və tarixi Zəfəri xalqımıza yaşadan, işğalda olan bütün torpaqlarımızı düşmən tapdağından azad edərək Ulu Öndər və Ata vəsiyyətini fədakarlıqla yerinə yetirən İlham Əliyev kimi layiqli siyasi varisin, qətiyyətli və müdrik Liderin yetişdirməsi idi.

Banisi olduğu müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Əminəm ki, dünya siyasət tarixinə adını qızıl hərflərlə yazdırmış, Azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq, Heydər Əliyev siyasəti Azərbaycanın müstəqlliyinə və inkişafına əbədiyyən xidmət edəcəkdir.


MANŞET XƏBƏRLƏRİ