Çağdaş Azərbaycanın elmi, diplomatik və təhsil tarixində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti fərdi bioqrafiya çərçivəsini aşaraq bütöv bir düşüncə modelinə çevrilir və milli inkişafın intellektual istiqamətlərini müəyyənləşdirir. Hafiz Paşayevin ömür yolu bu baxımdan dövlətçilik təfəkkürünün, elmi rasionalizmin və akademik mədəniyyətin kamil vəhdətidir. Görkəmli alimin 85 illik yubileyi isə sadəcə təqvim hadisəsi deyil, elm, diplomatiya və ali idarəetmə arasında formalaşmış vəhdətin rəmzi ifadəsidir.

Hafiz Paşayevin fəaliyyəti klassik elmi və diplomatik çərçivələri aşaraq bu sahələrin qarşılıqlı təsirindən yaranan kompleks sistem kimi dəyərləndirilməlidir. Onun diplomatik fəaliyyəti Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət etmiş, elmi yanaşmaları isə müasir idarəetmə və qərarvermə mədəniyyətinə dərin məzmun qazandırmışdır. Bu vəhdət bir daha sübut edir ki, müasir dövlətçilik yalnız inzibati mexanizmlərlə deyil, elmi əsaslara söykənən milli düşüncə ilə formalaşır.

Azərbaycanın ictimai fikir tarixində bu inkişaf xəttini daha aydın görmək üçün Mir Cəlalın “Bir gəncin manifesti” ilə Hafiz Paşayevin “Bir səfirin manifesti” əsərləri arasında paralel aparmaq xüsusi əhəmiyyət daşıyır. Birincidə milli düşüncə daha çox mənəvi məsuliyyət müstəvisində təqdim olunursa, ikincidə bu düşüncə artıq dövlətçilik səviyyəsində sistemli və praktik xarakter alır. Burada ideyaların təkamülü bu günümüzdə daha aydın görünür: Mir Cəlal müəllimin “Bir gəncin manifesti” romanı milli ideoloji başlanğıcı ifadə edir, Hafiz müəllimin “Bir səfirin manifesti” əsəri isə həmin ideyanın həyata keçmiş, reallaşmış modelidir.
Hələ 20 il əvvəl əsərdə Hafiz müəllimin irəli sürdüyü bu ideya xəttinin müasir institusional davamı kimi ADA Universiteti xüsusi anlam daşıyır. Hafiz Paşayevin rəhbərliyi ilə formalaşan bu ali təhsil müəssisəsi bu gün müasir idarəetmə fəlsəfəsinin və beynəlxalq akademik standartların tətbiq olunduğu nüfuzlu akademik platformadır. Burada əsas məqsəd bilik mübadilə məkanından daha çox, analitik düşüncə, liderlik və qlobal baxış formalaşdırmaqdır. Məhz bu yanaşma ADA Universitetini milli təhsil sistemində fərqləndirən və özünəməxsus edən əsas amillərdəndir.
Bu gün Hafiz Paşayevin elmi fəaliyyəti ayrı-ayrı nailiyyətlərin cəmi kimi deyil, bütöv bir düşüncə məktəbi kimi qiymətləndirilməlidir. Bu məktəbdə dövlətçilik məntiqi, elmi rasionalizm və humanitar dəyərlər vəhdət təşkil edir. Onun fəaliyyəti hadisələrin ardıcıllığından daha çox, ideyaların formalaşması və cəmiyyətə tətbiqi prosesidir. Bu baxımdan o, yalnız alim və diplomat deyil, həm də müasir Azərbaycanın intellektual düşüncə modelinin formalaşdırıcı simalarından biridir.
Bu zəngin irs göstərir ki, elmi fəaliyyət fərdi çərçivəni aşaraq gələcək nəsillər üçün strateji istiqamətə çevrilir. Bu modeldə milli maraqlar, qlobal inteqrasiya və akademik inkişaf bir-birini tamamlayan əsas sütunlar kimi çıxış edir. Bütövlükdə götürəndə, Hafiz Paşayevin fəaliyyəti bir bioqrafiya deyil, davam edən və inkişaf edən düşüncə sistemidir.

Hörmətli Hafiz müəllimi bu gün 85 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Universitetinin kollektivi adından və şəxsən öz adımdan dərin ehtiramla təbrik edirəm. Onun ömür yolu Azərbaycan diplomatiyasının, elm və təhsil sisteminin inkişafında mühüm mərhələ olmaqla yanaşı, dövlətçilik təfəkkürünün formalaşmasına verdiyi töhfələrlə xüsusi əhəmiyyət daşıyır.
Hafiz müəllim fəaliyyəti ilə sübut etmişdir ki, şəxsiyyətin böyüklüyü tutduğu vəzifə ilə deyil, yaratdığı elmi məktəb, formalaşdırdığı dəyərlər və cəmiyyətə bəxş etdiyi intellektual irs ilə ölçülür. Onun görkəmli diplomat, nüfuzlu alim və müdrik pedaqoq kimi qazandığı hörmət uzun illərin məqsədyönlü və prinsipial fəaliyyətinin nəticəsidir.
Bu gün onun rəhbərliyi ilə ADA Universitetinin regionun aparıcı ali təhsil mərkəzlərindən birinə çevrilməsi müasir akademik idarəetmənin uğurlu nümunəsidir və milli intellektual inkişafın rəmzi-simvoluna çevrilmişdir.
Onun qurucusu Hafiz müəllimin 85 illik ömür yolu sadəcə zaman göstəricisi deyil, elmi və mənəvi kamilliyin təntənəsidir.
Hafiz Paşayevin ləyaqətlə yaşanmış ömür yolu bir daha sübut edir ki, elm, təhsil və dövlətçilik bir-birindən ayrı deyil, əksinə, bir-birini tamamlayan və gücləndirən dəyərlərdir. Onun yaratdığı irs bu günkü elmi cameəmizi inkişaf etdirir və yeni nəsillərə istiqamət verir.
Ən önəmlisi isə budur ki, bu fəaliyyət təkcə bir dövrü əhatə etmir, gələcəyə xidmət edən, davamlı bir düşüncə modelidir.
Bu irs gələcək nəsillər üçün həmişə qiymətli örnək, həm də gəncliyin yolunu işıqlandıran mənəvi və intellektual mayak olacaq.
Anar EMİNOV,
Mingəçevir Dövlət Universitetinin rektoru