Əmlak qiymətlərində 15–20% artım gözlənilir – Nə zaman?


“Deməli, əvvəlki dövrlə müqayisədə hazırda artımı müəyyən edən rəqəmdir. Tikinti-quraşdırma işləri təqribən 1-5% arasında artıb. Bu, müəyyən mənada mübahisəlidir. Çünki həm inşaat materiallarında, həm də işçi qüvvəsinin əməkhaqlarında ciddi fərqlər meydana gəlib”.

Bu sözləri “Yeni Sabah”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

O qeyd edib ki, mövcud statistik məlumatlar dövlət qurumlarının sifarişi ilə aparılan rəsmi tədqiqatlar əsasında əldə olunub, amma özəl şirkətlər və fərdi şəxslər də tikinti işi ilə məşğuldur:

“İstər fərdi evlər, istər çoxmərtəbəli binalar, istərsə də bağ evləri inşa edən yüzlərlə şirkət və şəxs var. Onların informasiyasına əsaslansaq, artımın daha yüksək olduğunu görə bilərik.

Dəqiq hesablamalar aparmaq çətin olsa da, təqdim olunan rəqəmlərdən artımın olduğu açıq görünür. Bütün hallarda xərclərin artımı ümumi tendensiya olaraq tikinti işlərinin maya dəyərinin yüksəlməsinə səbəb olur. Maya dəyərinin artması isə avtomatik olaraq bazarda daşınmaz əmlak qiymətlərinə təsir göstərir.

Tikinti xərclərinin istər indeks əsasında, istərsə də smeta şəklində hesablanmış artımı daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Onsuz da bu artımı hər rübdə, bəzən isə aylıq olaraq izləyirik. Statistik olaraq daşınmaz əmlak bazarında hər ay 1-2% artım müşahidə olunur ki, bu da ilin sonunda orta hesabla 15–20% artım deməkdir”.

V. Oruc onu da əlavə edib ki, 2025-ci ilin ikinci rübündə tikinti və quraşdırma məsrəflərinin birinci rüblə müqayisədə artması da bu tendensiyanı təsdiqləyir:

“Deməli, daşınmaz əmlak bazarındakı qiymət artımı səbəbsiz deyil. Çünki developer şirkətlər tikinti xərcləri, torpaq dəyəri və digər xərcləri nəzərə alaraq bazara məhsul təqdim edirlər və heç bir sahibkar mənfəətindən imtina etmir. Bu da qiymətlərin yüksəlməsini qaçılmaz edir.

Bu proqnozlaşdırmağa imkan verir ki, 2025-ci ildə də daşınmaz əmlak bazarında qiymət artımı davam edəcək. Bu, investorlar üçün ciddi siqnaldır. Yüksələn qiymətlər həm də əlavə tələbin formalaşmasına səbəb olacaq və nəticədə daşınmaz əmlak bazarında yeni bir bahalaşma dalğası müşahidə olunacaq”.


MANŞET XƏBƏRLƏRİ