İlham Əliyev və İrakli Kobaxidze bəyanatla çıxış ediblər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış edirlər.

Turkustan.az-ın məlumatına görə, Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır.

“Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur”, - deyə Azərbaycan Prezidenti bildirib.

İlham Əliyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi də artmaqdadır, artıq 900 milyon dollara yaxındır, keçən il təxminən 15 faiz artıb.

“Gürcüstan hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində Gürcüstanda çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur”, - deyə dövlətimizin başçısı vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ