9-cu sinif şagirdi özünü məktəb binasından niyə ATIB? – Rəsmi AÇIQLAMA


Xəbər verildiyi kimi Bakıda şagird özünü məktəb binasından yerə atıb.

Hadisənin ötən gün Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir. Belə ki, sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən yerə atıb.

Bizim.Media məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə yaradıb.

Qurumun mətbuat katibi Bəşarət Məmmədov saytımıza açıqlamasında bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir. Hadisə ilə bağlı araşdırma aparılır:

“Məktəbdən verilən ilkin məlumata görə Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Əlavə məlumat veriləcək.


MANŞET XƏBƏRLƏRİ