Azərbaycan həkimləri cavab verir: Çörək yeyək, yoxsa yox?


Rusiyalı məşhur endokrinoloq Zuxra Pavlova xəstələrinə çörək tövsiyə etdiyini deyib.

Onun sözlərinə görə, o, adi maya çörəyi, o cümlədən qara çörək yeməyi tövsiyə edir. Onun həmkarı, cərrah və uroloji onkoloq Mark Qadziani də çörəyi, xüsusən də çovdarı sağlam hesab edir. Onun sözlərinə görə, ondan istifadə zamanı insanlar ürək və qan damarlarının fəaliyyəti ilə bağlı xəstəliklərdən az əziyyət çəkirlər.

Bəs çörəyin insan orqanizminə təsirləri barədə Azərbaycan həkimləri nə fikirləşir?

Mövzu ilə bağlı farmokoloq Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, çörəyin özü yox, normadan artıq yeyilməsi zərərlidir:

“Tibbdə əsas mübadilə anlayışı var. Əsas mübadilə insanın bədəni üçün lazım olan minimum enerjinin həll olunması deməkdir. Bu enerjinin yaranmasında un məhsulları, karbohidratlar, yağlar, zülallar, mineral maddələr, vitaminlər və s. iştirak edirlər. Sağlam insan gündə nə qədər enerji sərf edirsə, ona uyğun kompleks qida qəbul etməlidir.

İnsan bədəninin təqribən 70-80%-i mayedirsə, biz gündəlik olaraq onu qəbul etməyi bacarmalıyıq. Digər məsələ budur ki, qidaların həlli üçün vitaminlər lazımdır. Vitaminlər fermentlərə çevrilir, fermentlər də qidaları həll edir”.

O bildirib ki, qidalanmada karbohidratların əhəmiyyəti mühümdür:

“Lakin hər şeyin çoxluğu ziyandır. Çörəyi normadan artıq qəbul edildikdə, qaraciyərin piylənməsi halı ilə qarşılaşırıq. Yəqin ki, endokrinoloq Zuxra Pavlova çörəyin ümumiyyətlə istifadə edilməməsi mifinə qarşı belə danışıb”.

“Biz təqribən isti ölkədə yaşayırıq deyə enerjnin sərfi bizdə tez gedir. Un məhsulları tez parçalanır, buna görə də insana enerji verir. Müsbət tərəfi olsa da, çörəkdən düzgün istifadə etməliyik”- bunu isə qastroenteroloq Tərlan Qasımov Cebhe.info-ya deyib.

O, açıqlamasında hazırda bişirilən çörəklərin olduqca zərərli olduğunu vurğulayıb:

“Hazırda texnologiya vasitələri il bişirilən çörəklərin ziyanı xeyrindən olduqca çoxdur. Yeməyin yanında bir dilim çörək yemək problem yaratmaz, amma çox təəssüf ki, əhali çörəyə çox meyillidir. Keçmişdə un dəyirman unu idi, unun tərkibində müəyyən qədər kəpək vardı.

Həmçinin o vaxtlar çörəyi yaxşı bişirirdilər, İndi çörəyi ekstra unla bişirirlər, bu isə çox zərərlidir. Dietik baxımdan faydalı olan Kineo çörəkləri bir sıra Avropa ölkələrində istifadə olunur. Bizim ölkəmidə isə bu çörəklər yox dərəcəsindədir”.


MANŞET XƏBƏRLƏRİ