“Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana səfəri bəlkə də HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən əvvəlki zamana planlaşdırılmışdı. Ancaq HƏMAS liderinin öldürülməsindən sonra Yaxın Şərqdə artan gərginlik və onun Cənubi Qafqaza sıçramaq ehtimalı fonunda Moskva Şoyqunun səfərini artıq təxirəsalınmaz gündəlik kimi təşkil etdi. Şoyqunun Tehrandan sonra Bakıya gəlməsi həmin gündəliyi aydınlaşdırır”.
Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Bakıya səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Moskva ilə Tehran əlaqələrini strateji adlandıraraq bu tərəfdaşlığı genişləndirmək üçün sistemli qərarların veriləcəyinə işarə edir ki, bu, iki dövlətin həm Yaxın Şərq, həm də Cənubi Qafqazdakı əməkdaşlıq səhnəsini dinamikləşdirir:
“Bununla belə, Rusiya ilə İran bir-birlərinə təhlükəsizlik vədləri üçün tezislər versə də Moskvanın Tehranı sona qədər qoruya bilmək potensialı, gücü və ümumilikdə belə bir istəyi yoxdur.
Yəni İran və İsrail arasında birbaşa münaqişə yaranarsa, Rusiyanın Tehrana potensial dəstəyi ABŞ-ın Təl-Əvivi dəstəkləməsi ilə eyni səviyyədə ola bilməz.
6 avqust 2024-cü il. Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib
Elə isə sual olunur: Rusiya daha çox nə istəyir?
Rusiya indi Yaxın Şərqdə artan eskalasiya qorxularının fonunda mümkün hərbi əməliyyatları Rusiya qüvvələrinin yerləşdiyi Suriyaya təsir miqyasını ölçür.
Beləliklə, Kreml İranın təhlükəsizliyinə “cavabdeh” bir dövlət kimi görüntüsünü yaradaraq əsl məqsədini fərqli macəralara yönəldir və iki bölgəni – Yaxın Şərq və Cənubi Qafqazı – eyni təhlükəsizlik məntiqində qavrayır.
İran da hiyləgərlik işlətmək üçün müəyyən ipuclarından yapışır. İran Ukrayna müharibəsinin kölgəsində zəifləyən Rusiya-İsrail münasibətlərinin nəticələrindən istifadə etməyə çalışır.
İran Suriyada Rusiya ilə müttəfiq olsa da bu sövdələşmələri yaxşı başa düşür, amma Kremldən hərbi-texniki dəstək də umur. Əsasən də Rusiyadan hava hücumundan müdafiə sistemlərinin alınması İranın prioritetidir. Amma müharibə olacağı zamanlarda belə həmin sistemlərin etibarlılığı və imkanları sual altındadır”.
Ekspert deyib ki, Şoyqunun Tehrandan sonra yolunu Bakıya salması və Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparması üç mühüm aspekti canlandırır:
“- Artan İran-İsrail qarşıdurması fonunda proqnozlaşdırılan müharibə ehtimalları Yaxın Şərqlə Cənubi Qafqazı vahid geosiyasi məkan kimi birləşdirir,
– Rusiya İran-İsrail qarşıdurmasının Cənubi Qafqaz coğrafiyasına təsirlərini analiz edərək Qərbin bu regionda İrana qarşı həmlə strategiyasını hesablayır,
Aqşin Kərimov
– Rusiya hesablamalarını Azərbaycanla bölüşür və Bakının tuta biləcəyi mövqeni birinci şəxsin dilindən eşidib ona uyğun qərarlar hazırlamaq istəyir.
Şoyqunun Bakıya səfəri ilə bağlı başqa bir məsələni də təhlil etmək lazımdır. Kreml ehtimal ki, proseslərin Azərbaycan-Ermənistan münasibətlərinə təsirləri yönündə Azərbaycan tərəfində rəy yaratmaqla oyun qaydalarını tamamilə öz xeyrinə dəyişdirməyi hədəfləyir. Bunun açıqlamasını birbaşa və tələsik vermək olmaz, amma ümumi plan belə görünür ki, Kreml Cənubi Qafqaz oxunun tərpənməsi ehtimalları fonunda Azərbaycandan Qərbə qarşı alternativ cəbhə kimi yararlanmağa çalışır. Şoyqu bununla paralel olaraq İranın da Azərbaycandan istək və arzularını Rusiya strateji süzgəcindən keçirilmiş şəkildə Bakıya çatdırır. Yəni, İran Rusiya vasitəsilə İsrail-İran qarşıdurmasında, bunun ardınca İrana qarşı İsrail müttəfiqlərinin endirə biləcəyi zərbələr fonunda Azərbaycanın mövqeyini dəqiqləşdirmək istəyir.
Azərbaycan təbii ki, hər hansı üçüncü ölkəyə qarşı cəbhə rolunu oynamayacaq, amma proqnozlaşdırılabilən tərəflər belə fikir yürütməyə əsas verir ki, Bakı geosiyasi mübarizədə öz mövqelərini irəlilətmək üçün manevrlər edəcək. Bu manevrlərin necə olacağını yaxın müddətli zamanda müşahidə edə bilərik”.