“Ölkəyə 15 min manata elektomobillər gətirmək olar” – Ekspertdən hökumətə ÇAĞIRIŞ


Elektrik və hibrid avtomobillərə tam keçidlə bağlı qlobal səviyyədə işlər görülür. Bunun çoxsaylı səbəblərindən biri də yaşıl enerjini qorumaq və atmosferi çirklənmədən azad etməkdir.

Bəs Azərbaycanda elektromobillərə keçidlə bağlı son durum necədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, qlobal istiləşmə və iqlim dəyişikliyi fonunda müşahidə edilən neqativ hallar onu deməyə əsas verir ki, nəqliyyat vasitələri ekoloji standartlara cavab verməlidir.

“Ümumi istiləşmə və ekoloji problemlər neft və neft məhsullarının kütləvi ixracı və satışına başlandığı və təbiətə buraxılan zərərli qazların miqdarının artdığı dövrdən aktualdır. Odur ki, hazırda qlobal miqyasda elektromobillərə üstünlük verildiyini müşahidə edirik. Ölkəmizdə də elektromobillər, o cümlədən daha az karbon qazına malik olan nəqliyyat vasitələri ilə bağlı proqnozlar ürəkaçandır. Digər tərəfdən isə COP-29 kimi ekoloji əhəmiyyətli sammitin ölkəmizdə keçirilməsi bu tipli avtomobillərə tələbatın artacağını, bu yöndəki təbliğata təkan verəcəyini düşünmək üçün əsaslar yaradır”.

Digər müsahibimiz iqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, Azərbaycanda avtomobil bazarında hibrid və elektriklə işləyən avtomobillər ümumi avtomobil parkının cüzi hissəni təşkil edir:

“Dünyada gedən trendlərlə müqayisə etsək, görərik ki, bu avtombillərdən istifadə göstəricilərinə görə Azərbaycan çox aşağı səviyyədədir. Müqayisə üçün deyim ki, Danimarkada avtomobil sahiblərinin yarıdan çoxu hibrid və elektrikli avtomobillərdən istifadə edir. Ona görə də bu baxmıdan Azərbaycanın göstəricilərini məqbul saymaq olmaz”.

Azərbaycan hökumətinin keçən il hibridlə və elektriklə işləyən avtomobillərin idxalına güzəştlər təyin etdiyini deyən N.Cəfərli bunları deyib:

“Güzəştlərin yalnız son 3 ildə istehsal olunmuş elektirik və hibrid avtomobillərinə tətbiqi doğru yanaşma deyil. Çünki dünyada elektriklə işləyən avtomobillərin 3 və ya 5 il bundan öncə istehsal olunanları da eyni prinsiplə çalışır. Ona görə də Azərbaycanda elektrik və hibrid avtomobillərinin sayının az olduğunu nəzərə alaraq, bu regulativ akt dəyişdirilməlidir. Yəni 3 illik nəzərdə tutulan güzəştlər ən azı 7 ilə qaldırılmalıdır ki, bu, avtomobil bazarına da müəyyən dərəcədə ciddi təsir göstərsin”.

Ekspert bildirir ki, bu zaman həmin avtomobillərin əlçatanlığı da təmin olunar:

“Güzəştlər son 7 ildə istehsal olunmuş avtomobillər üçün nəzərdə tutulsa, bu ölkə bazarında müəyyən ucuzlaşamaya da səbəb olar. Çünki son 3 ildə istehsal olunmuş hibrid və elektrik avtomobilləri çox bahadır. Baha olduğuna görə də güzəştlər olsa belə, orta satistik gəlirlə vətəndaş onları ölkəyə gətirə bilmir. Amma bunu 7 ilə qaldırsalar, məsələn, 15 min manata hibrid və elektrik avtomobilləri ölkəyə alıb gətirmək olar. Bu da ölkənin avtoparkının yenilənməsinə, həm də ekoloji təmiz avtomobillərin daha çox geniş yayılmasına səbəb ola bilər”.


MANŞET XƏBƏRLƏRİ