“Bu, andlı iclasçıların verdiyi qərardır. Məhkəmənin iclası isə bu gün günortadan sonra keçiriləcək və yekun qərar həmin prosesdə qəbul ediləcək. Hazırkı mərhələdə hər hansı münasibət bildirmək istəmirəm, çünki proses davam edir. Xatırladım ki, indiyədək məhkəmə iclasları qapalı keçirilib”.
Bunu “Yeni Sabah”a Rusiyanın Yekaterinburq şəhərində keçirilən məhkəmədə ittiham olunan şəxslərdən biri - Bakir Səfərovun qardaşı, jurnalist Seyfəddin Hüseynli (Səfərov) bildirib.
O, qardaşının ittihamlarla razılaşmadığını və özünü təqsirli bilmədiyini vurğulayıb:
“Vəkil onun təqsirsiz olduğunu sübut edib. Bu proseslərdə qardaşımın hər hansı təqsiri yoxdur.
Hazırda həbsdə olan təkcə o deyil, digər Səfərovlar da bizim qohumlardır. Yeri gəlmişkən, ittiham olunan Bakir Səfərovun əleyhinə indiyədək hər hansı əsaslı və tutarlı sübut irəli sürülməyib”.
Xatırlatma: Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində ittiham olunan "Ural Azərbaycan" diaspor təşkilatının rəhbəri Şahin Şıxlinski və digər təqsirləndirilən şəxslərlə bağlı Andlılar Məhkəməsinin kollegiyası qərarını elan edib.
Qərara əsasən, Şahin Şıxlinski, Ayaz Səfərov, Bakir Səfərov, Kamal Səfərov, Məzahir Səfərov və Şücayəddin Rəcəbov təqsirli biliniblər.
2025-ci ilin iyununda Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunub. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb.
Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.