Türkiyəni silkələyən “fəlakət ssenarisi”: Ərdoğanın 23 illik planı aktivləşdi – Qorxunc detal


Son zamanlar Türkiyədə Konstitusiya dəyişikliyinə dair genişmiqyaslı müzakirələr ictimaiyyətdə fikir ayrılığına səbəb olub. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın “yeni və sivil anayasa” çağırışları yalnız sistemin yenidən qurulması məqsədi daşımır, həm də etnik və kimlik siyasətində dəyişikliklərin edilməsinə dair ciddi mesaj olaraq qəbul olunur.

Ərdoğanın son çıxışlarında “Türk‑Kürd‑Ərəb İttifaqı” mövzusunu intensiv şəkildə vurğulaması bu fikirləri daha da gücləndirir. Hökumət mövzu ilə bağlı ölkənin müxtəlif bölgələrində simpoziumlar, tədbirlər təşkil edir, dəstək toplamaq üçün kampaniya aparır.

Ərdoğanın kimlik-siyasi narativləri və Konstitusiya təşəbbüsləri Türkiyənin strukturuna necə təsir edəcək? Türk‑Kürd‑Ərəb birlik modeli demokratik perspektivləri şərtləndirir, yoxsa yeni etnik identifikasiyalara yol açır?

Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsaməddin İnanc deyib ki, Türkiyədə PKK-nın, Suriyada YPG-nin, İranda PYD-nin silahları yerə qoyması, həmçinin Avropadakı bölücü kürd separatçılarının təslim olması prosesi davam edir:

“Təbii ki, bütün bunlar Türkiyə ictimaiyyətində, o cümlədən ölkə xaricində “yeni bir Konstitusiya tərtib ediləcəkmi?” sualını gündəmə gətirir. İctimaiyyətdə konkret narahatlıqlar var. Xüsusilə də PKK-nın silahı yerə qoyması müqabilində onlara müəyyən haqların tanınacağı və bunun yeni Konstitusiyada əksini tapacağı iddiaları geniş yayılıb. Bildiyiniz kimi, hazırda Türkiyə parlamentində bir komissiya fəaliyyət göstərir və onun yeni Konstitusiya ilə bağlı yaradıldığı deyilir. Müşahidəmə görə, etnik və məzhəb baxımdan güzəştlərin edilməsi və ya bunların Konstitusiyada öz əksini tapması inandırıcı görünmür.

Hazırda bu məsələdə ən təhlükəli fiqur ABŞ-ın Türkiyədəki səfiri Tom Barakdır. Səfir həm də ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsidir. Əslən livanlı olan Barakın ata-babası Osmanlı vətəndaşı olub. Yəni o dövrü görüb. Son zamanlar isə tez-tez, – “biz Osmanlıda din, millət, etnik ayrı-seçkilik görmədən birlikdə yaşayırdıq, bu gün Türkiyədə də bunu etmək olar” kimi fikirlər səsləndirir”.

husamettin inanc
Hüsammetin İnac

Politoloq bildirib ki, Türkiyədə ‘Türk-Ərəb-Kürd konfederasiyası’ kimi fərqli fikirlərin müxtəlif qruplar tərəfindən irəli sürülməsi təəssüf doğurur:

“Bu və bu kimi ideyaların, yaxud planların ölkəmiz üçün fəlakətlə nəticələnəcəyini düşünürəm. Türkiyə tək bir millət əsaslı dövlət olaraq qurulub. Dövlətin bir adı var, o da Türkiyədir. ‘Türk milləti’ ifadəsi tək bir etnik qrupu deyil, bütün milləti özündə ehtiva edir. Bu proses nəticəsində etnik, dini və məzhəbi məsələlərin Konstitusiyada öz əksini tapması Türkiyəni Suriyanın vəziyyətinə sala bilər. Konstitusiyada kürd kimliyinin və ya kürdlərə özünüidarəetmə haqlarının verilməsi PKK-nın uzun illərdir istədiyi məsələdir. Belə bir addım yalnız terror qruplaşmasının maraqlarına xidmət edər. Türkiyənin unitar, bütöv sisteminin federativliklə əvəzlənməsi ölkəni gələcəkdə açıq vətəndaş müharibəsinə sürükləyə bilər”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Türkiyədə Konstitusiyanın dəyişdirilməsi məsələsi Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldiyi 2002-ci ildən bəri müzakirə edilir:

“Bir dönəm müəyyən maddələrin dəyişdirilməsi gündəmə gəlsə də, tam şəkildə buna nail olunmadı. Çünki müxalifət ciddi şəkildə etiraz etdi. Eyni zamanda Türkiyədə bir sıra digər problemlər də baş qaldırdı. Bu gün hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) birlikdə PKK-nın siyasi qanadı olan DEM Partiyası ilə bu qərarı gerçəkləşdirmək istəyirlər. Ərdoğan hökuməti PKK problemini birdəfəlik həll etməyə çalışır. Siyasi islahatlarla paralel şəkildə bu məsələni yoluna qoymaq niyyətindədir. Ancaq Konstitusiyanın dəyişdirilməsi türk xalqının verəcəyi qərardır.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Proses riskli görünsə də, mən MHP-nin bu məsələdə “qırmısı xətlərin” aşılmasına icazə verəcəyini düşünmürəm. MHP lideri Dövlət Baxçalı PKK ilə danışıqları təklif etdi. Bu, bir növ güzəştdir, lakin partiyanın da bir güzəşt limiti var. Yəni hər şeyə razı olacaqlarını düşünmürəm”.


MANŞET XƏBƏRLƏRİ