Kamal Adıgözəlov
Hazırda ekspertlər "Qafqaz evi" ideyasının reallaşması imkanlarının geosiyasi təhlilini aparmağa çalışırlar. Bu istiqamətdə çox fərqli arqumentlər gətirilir. Bunun fonunda Cənubi Qafqaz uğrunda geosiyasi mübarizənin yeni səviyyədə daha da kəskinləşdiyi müşahidə olunur. Onun ümumi, geniş regional və məxsusi regional miqyasda özünü göstərdiyini deyə bilərik. Onların hər birinin də öz "oyunçuları" vardır. Lakin bütövlükdə həmin miqyaslar ümumi geosiyasi dinamikanı müəyyən edirlər. Həmin miqyasların qarşılıqlı əlaqədə təhlili həm ideyanın reallaşma potensialını, həm də "Qafqaz evi"nin Azərbaycan modelinin konstruktivliyini görməyə imkan verir. Biz "Qafqaz evi" ideyası bağlantısında son dövrlərdə Cənubi Qafqazda müşahidə edilən geosiyasi dinamikanın bir sıra aspektləri üzərində geniş dayanmağa ehtiyac görürük.
"Qafqaz evi" yüz ildən sonra: regionun yeni siyasi və iqtisadi mənzərəsi
Azərbaycan praktiki müstəvidə Cənubi Qafqazın taleyini köklü şəkildə dəyişir. Özü də bunu geniş geosiyasi məkanda sülh, əməkdaşlıq, barış və təhlükəsizliyin təmini ilə sıx əlaqədə edir. Təbii ki, bu cür geniş miqyasda məsələnin həlli üçün güclü siyasi-diplomatik məharət və geniş sosial-iqtisadi imkanlar olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyəti ilə bu şərtləri dünyaya nümayiş etdirməkdədir. Həmin səbəbdəndir ki, regionda Azərbaycanın təşəbbüslərinə əngəl olmağa çalışanlar tədricən geri çəkilirlər. Bunun əlamətləri son zamanlar daha qabarıq görünməkdədir.
Məsələnin bu tərəfinə Cənubi Qafqazda müşahidə edilən geosiyasi proseslərin ümumi mənzərəsi fonunda bir daha nəzər salmaq lazım gəlir. Hazırda regionda nüfuz dairələrinin yeni geosiyasi bölgüsündə pay əldə etmək uğrunda üç səviyyədə sərt rəqabət gedir. Birinci, ən yüksək səviyyə Türkiyə-Rusiya-Avropa İttifaqı-ABŞ dairəsində müşahidə olunur. Cənubi Qafqazda ikinci səviyyə Azərbaycan-Ermənistan-İran-Rusiya miqyasında özünü göstərir. Üçüncü isə Azərbaycan-Gürcüstan-Ermənistan miqyasını əhatə edir ki, bu da "Qafqaz miqyası" adlandırıla bilər.
Yekun olaraq regionda geosiyasi durum bu üç səviyyədə baş verənlərin qarşılıqlı əlaqəsi kimi özünü göstərir. Onların hər biri üzərində ayrıca dayanmaq lazım gəlir. İlk öncə, Cənubi Qafqazda Azərbaycanın yaratmaq istədiyi geosiyasi mənzərənin ümumi cizgilərinə diqqət yetirək. Məsələ ondan ibarətdir ki, rəsmi Bakı 100 ildən çoxdur ki, bu regiona fəlakət gətirən təhlükəli faktorları neytrallaşdırıb, yerli dövlətlərin sayəsində dinc yanaşı yaşamağın dayanıqlı formasını həyata keçirməyə çalışır. Bunun adını ümumi olaraq "Qafqaz evi" kimi ifadə edək. Keçən əsrin əvvəllərindən "Ümumi Qafqaz evi" yaratmaq cəhdlərinin qarşısı daha güclü geosiyasi qüvvələr tərəfindən sərtliklə alındı. XX əsrin 20-ci illərində Azərbaycan, Gürcüstan və Ermənistan cəmi bir neçə ay federasiyada oldular. Sonra sovetlər bu üç respublikanı güclü mərkəzçilik əsasında bir yerə yığdı və bununla da müstəqil "Qafqaz evi" ideyası aradan qalxdı.
SSRİ dönəmində Qafqaz respublikaları nəinki daha yaxın oldular, hətta araya süni surətdə yeni düşmənçilik toxumları səpildi. Bununla da ideologiya və sözdə "qardaş xalqlar" deyilsə də, reallıqda düşmənçilik özünü daha çox göstərdi. Bunun nəticələrindən biri Azərbaycanın torpaqlarının Ermənistana qanunsuz və əsassız olaraq verilməsi, azərbaycanlılara qarşı haqsızlıqların və təhqirlərin daha da çoxalması və Moskvanın açıqca erməni və gürcü xalqını Azərbaycan xalqından üstün tutması idi.
Həmin tendensiya özünün pik nöqtəsinə 1988-ci ildə çatdı və cəmi bir neçə ilə Ermənistan sovetlərin və Qərbin bir sıra dövlətlərinin havadarlığı ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. Bununla, obrazlı desək, "Qafqaz evi" tamam dağıldı. Yalnız Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin ideya yenidən aktuallaşdırıldı və bu dəfə regionun üç müstəqil dövlətinin bir araya gəlməsi məqsədi önə çıxarıldı.
Lakin Ermənistan o qədər havadarlarına arxayın idi ki, işğalçılığından bir addım da geri çəkilmək istəmədi. Ancaq ideya Azərbaycan rəhbərliyinin gündəmindən bir an da olsa çıxarılmadı. Çünki ancaq "Qafqaz evi"nin yaradılması sayəsində regiona kənar mənfi təsirləri neytrallaşdırıb dayanıqlı sülh əldə etməyin mümkünlüyünü Heydər Əliyev çox dərindən anlayırdı.
Təbii ki, belə bir şəraitdə rəsmi Bakı uyğun tarixi situasiyanın yaranmasını gözləməli idi. Nəhayət, 44 günlük Vətən müharibəsi və bu ilin sentyabrında cəmi 23 saat 43 dəqiqə davam edən çox uğurlu antiterror tədbirləri müstəqil Azərbaycanın regional miqyasda tarixi missiya yerinə yetirmək üçün tam hazır olduğunu göstərdi. Bu proses böyük güclərin Cənubi Qafqaz uğrunda mübarizəsini daha da gücləndirdi.
Azərbaycanın təşəbbüsü və reallıq: bütün geosiyasi gücləri birləşdirə biləcək faktor
Onun ən kəskin əlaməti Türkiyə-Rusiya-Avropa İttifaqı-ABŞ "zənciri"ndə özünü göstərir. Burada Türkiyə və Rusiya bir düşərgədə, Aİ (xüsusilə Fransa) və ABŞ əks düşərgədə qərarlaşıb. Son zamanlar Cənubi Qafqazda baş verənlər çox maraqlı və bir qədər də riskli faktorları üzə çıxarır. Belə ki, Aİ və ABŞ "Qafqaz evi" ideyasını yalnız özlərinin maraqlarına sərf edən kontekstdə görürlər. Rusiya isə Gürcüstanla və son dövrlərdə Ermənistanla olan ziddiyyətlər ucbatından sanki bu ideyadan kənarda qalır.
Təbii ki, bu şərtlər daxilində "Qafqaz evi" ideyasının reallaşması imkansızdır. Yalnız Türkiyə tam konstruktiv və regionun hər bir ölkəsinin maraqlarına uyğun mövqe tutmaqdadır. Deməli, qlobal güclər səviyyəsində "Qafqaz evi" ideyası gərgin mübarizənin kölgəsində qalır və onun reallaşmasında həmin səviyyədə mübarizə aparan ABŞ, Avropa İttifaqı və Rusiya maraqlı deyillər.
Bundan bir qədər məhdud olan ikinci səviyyədə İran, Azərbaycan, Ermənistan və Gürcüstan fəaldırlar. İran burada müxtəlif istiqamətlərdə "qırmızı cizgilər" çəkməklə, yəni, ancaq qadağalar qoymaqla məşğuldur. Bunun fonunda müasir reallığa uyğun olan ciddi təklif irəli sürmür. Tehran əsas olaraq Ermənistanla bağlı "qırmızı cizgilər"ə işarə edir ki, bu da birtərəfli yanaşmadır. Ancaq Qərbin ucbatından Tehran üçün də Ermənistan obrazı dəyişir. İran getdikcə daha çox Azərbaycana haqq qazandırmağa başlayıb. Bunun əlamətlərindən biri İran ərazisindən keçməklə Naxçıvana yolun açılmasıdır. Deməli, bu səviyyədə də qeyri-müəyyənlik və ziddiyyətlər mövcuddur.
Nəhayət, "yerli" adlandırıla biləcəyimiz üçüncü səviyyədə Azərbaycan təşəbbüskar kimi çıxış etməkdədir. Prezident İlham Əliyevin Gürcüstana son səfərində "Qafqaz evi" ideyası yenidən konkret məzmun kəsb etməyə başladı. Azərbaycan rəhbəri Qafqaz platforması formulunu irəli sürüb. Bu formatda Azərbaycan, Gürcüstan və Ermənistan praktiki olaraq münasibətlərini qarşılıqlı konstruktiv çərçivədə qura bilərlər. Bunun üçün Azərbaycanla Ermənistan sülh müqaviləsini imzalamalıdırlar. Və bunun da həyata keçirilməsinin ən yaxşı variantı Gürcüstanın vasitəçiliyidir. Çünki bu halda kənardan heç kim vasitəçilik bəhanəsi ilə qafqazlıların işinə qarışa bilməyəcək. Bu, Türkiyəni və İranı tam, Rusiyanı isə böyük ölçüdə qane edir.
Həmin səbəbdən İlham Əliyevin bu təşəbbüsü Türkiyə, İran və Rusiyada razılıqla qarşılanıb. Qərb də açıq şəkildə bu təşəbbüsə qarşı çıxa bilmir. Lakin dolayısı ilə yenə də vasitəçi kimi ya Vaşinqtonu, ya da Brüsseli göstərirlər. Bu isə o deməkdir ki, Qərb "Qafqaz evi" ideyasında özünün ənənəvi mövqeyini dəyişmir. Bunun nə qədər davam edəcəyi məlum deyildir.
Ancaq Azərbaycan öz fəaliyyətini səngitmir. Prezident İlham Əliyev müxtəlif tədbirlərdə Qafqaz platformasının aspektlərini gündəmə gətirir. Məlum olur ki, rəsmi Bakı faktiki olaraq Cənubi Qafqazda geosiyasi mənzərənin yeniləşməsi üçün növbəti səviyyədə mübarizəyə başlayıb. Burada ekspertlər Ermənistanın mövqeyində müşahidə edilən dəyişikliklərə diqqət çəkirlər.
Nikol Paşinyanın son bəyanatlarından görünür ki, rəsmi İrəvan Rusiyanı Qafqazdan və deməli, "Qafqaz evi"ndən uzaqlaşdırmaq kursunu seçib. Onun əlamətlərindən biri N.Paşinyanın Rusiyanın iştirakı olmadan "kommunikasiya layihəsi" hazırlamasıdır. Həmin "layihə"də Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan var, amma Rusiya yoxdur.
Bundan başqa, İrəvan deyir ki, Ermənistanda xüsusi qurum yaradılacaq ki, o da Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin edəcək. Ekspertlər bunu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinin Ermənistan tərəfindən pozulması kimi qiymətləndirirlər. Çünki həmin bənddə Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti orqanları tərəfindən təmin edilməsi ifadə edilib.
Bunlar nəyi göstərir? Onu göstərir ki, Ermənistan yenə də real olaraq "Qafqaz evi"nin yaradılmasına mane olmağa çalışır. Açıq deməsə də, rəsmi İrəvan Gürcüstanın vasitəçi olmasına üstünlük vermir. Onu daha çox havadarları – ABŞ və Aİ qane edir. Səbəb kimi rəsmi İrəvanın özünün təhlükəsizlik məsələlərini zəif Gürcüstanın deyil, güclü havadarı olan Qərbin təmin edə biləcəyinə inanmasını göstərirlər.
Ancaq faktlar onu sübut edir ki, bu cür əminlik faciə ilə nəticələnə bilər. Bunu Ukrayna və Gürcüstanın bugünkü vəziyyəti aydın ifadə edir.
Beləliklə, Azərbaycan faktiki olaraq "Qafqaz evi" uğrunda daha geniş miqyasda gərgin mübarizəyə start verib. Bakının bu məqsədinə çatacağı şübhə doğurmur. Çünki xalqların dinc yanaşı yaşamasına üstünlük verən Azərbaycan regionun xeyri üçün çalışır. Ona görə də həmin tendensiyanın güclənəcəyini gözləmək olar!