Kamal Adıgözəlov
Azərbaycan rəhbərliyinin regional sülh, barış və əməkdaşlıq istiqamətində atdığı təsirli addımlara dünyada fərqli reaksiyaların olduğunu müşahidə edirik. Haqq-ədaləti tanıyanlar bundan razı qalır və hətta dəstək verirlər. Lakin elə qüvvələr də vardır ki, əskinə hərəkət edirlər. Onlar Ermənistanın siyasi möhtəkirlik və manipulyasiya cəhdlərinə müxtəlif üsullar və bəhanələrlə haqq qazandırmaq yolu ilə regionda təhlükəli vəziyyət yaradırlar. Təəssüf ki, bu keyfiyyətdə ABŞ və Avropa İttifaqının bir sıra ölkələri daha çox canfəşanlıq göstərirlər. Onlarla yanaşı, Rusiya və İranın da Cənubi Qafqazda geosiyasi mənzərənin sabitləşməsi və təhlükəsizliyin təmininə münasibətləri diqqətə alınmalıdır. Bütün bunların fonunda Cənubi Qafqazda geosiyasi mənzərənin bir sıra xüsusiyyətləri üzərində geniş dayanmağa ehtiyac görürük.
Təhlükəli regional trek: Qərb yeni risklər yaradır
Cənubi Qafqazda sülhün bərqərar olması ətrafında böyük geosiyasi güclərin mübarizəsi getdikcə daha da intensivləşir və bir sıra aspektlərdə yeni çalarlar kəsb edir. Təəssüf ki, həmin çalarlar haqqında müsbət məzmunda danışmaq mümkün deyildir. Əksinə, hiss olunur ki, müxtəlif bəhanələrlə regionun geosiyasi dinamikasını təcavüzkarın xeyrinə dəyişməyə çalışılır. Nə qədər paradoksal olsa da, bu prosesdə daha fəal rolu ABŞ və Avropa İttifaqı oynamağa başlayıb. Bununla da Azərbaycan vətəndaşlarının təsəvvürlərində Qərbin geosiyasi və siyasi obrazı mənfiyə doğru dəyişməkdədir. Daha konkret ifadə etsək, ABŞ və Avropa ermənilərin tərəfini tutur və Azərbaycana qarşı əsassız ittihamlar və tələblər irəli sürürlər.
Azərbaycan mətbuatında bununla bağlı mövqe belədir ki, Qərb siyasi dairələri Azərbaycan və Ermənistanın imzalayacağı yekun sülh sazişinin mətnində Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıtma hüquqları, təhlükəsizliyi, onlara humanitar yardım göstərilməsi və s. kimi məqamların da yer almalı olduğu şərtini irəli sürürlər. Bu şərtlərdən belə çıxır ki, birincisi, Qərbdə hesab edirlər ki, ermənilər Qarabağı könüllü tərk etməyiblər və onları kimsə qovub, ikincisi, onların geri qayıtmasına rəsmi Bakı mane olur, üçüncüsü, bu, artıq Azərbaycanla Ermənistan arasında həll ediləsi məsələ deyil, mütləq beynəlxalq dairələr işə qarışmalıdır. Bununla ABŞ və Aİ Cənubi Qafqazda geosiyasi nüfuzlarını artıraraq hər şeyi öz maraqlarına uyğun qura bilərlər.
Lakin bu mövqe adi məntiqi tənqidə belə tab gətirmir. Çünki Qərbin vasitəçilik missiyası Azərbaycan və Ermənistan təmsilçilərinin sülh danışıqlarına şəraitin yaradılması ilə məhdudlaşmalıdır. Yəni, onlar səmimiyyətlə sülh və barış naminə tərəflərin danışıqlar masasına oturmasına yardım göstərməli, bunun üçün öncədən kiminsə tərəfini tutmamalıdırlar. Digər tərəfdən, vasitəçilər müzakirələrin hüquqi nəticələrini müəyyən etməməlidirlər. Əksinə, tərəflərin gəldikləri ortaq qənaətlərin reallaşmasına çalışmalıdırlar.
ABŞ və Aİ-nin davranışından isə belə çıxır ki, onlar qalib tərəfi erməni ssenarisi əsasında hansısa sazişi imzalamağa məcbur etməyə çalışır, eyni zamanda, bu prosesdə regionda nüfuzu olan digər qüvvələri – Rusiya, Türkiyə və İranı təcrid etməyə cəhd göstərirlər. Belə təəssürat yaranır ki, Qərb bütövlükdə regionda təkbaşına hakim olmaq arzusundadır və bunun üçün ən radikal addımı atmağa belə hazırdır. Bunun ilkin əlamətləri iki məqamda özünü göstərir. Birincisi, Ukrayna cəbhəsində vəziyyətin tədricən Rusiyanın xeyrinə dəyişdiyi və Yaxın Şərqdə İsrailin bütövlükdə vəziyyətə təkbaşına nəzarət edə bilmədiyi aydınlaşır. Bu baxımdan dünyanın geosiyasi nizamında yeni çalarlar meydana gəlir. İkincisi, Qərb, obrazlı desək, İrəvanda Azərbaycana qarşı "savaş masası" yaradır. Bu barədə mətbuat yazır. Burada başlıca məqam ondan ibarətdir ki, Qərb açıq şəkildə müharibədən bəhs etmir, lakin Ermənistana elə yardımlar edir, diplomatik yolla elə təkliflər verir və paralel olaraq, Azərbaycanla bağlı elə tələblər irəli sürür ki, çox radikal təsir bağışlayır. Sanki yeni "sülh dili" icad etmiş Qərb pafoslu ritorika ilə regionda vəziyyəti Ermənistanın xeyrinə dəyişməyə çalışır, gah Ermənistana silah satır, gah da ideoloji iş aparır, müəyyən vaxtlarda isə "yeni sülh şərtləri" uydurur, Rusiyasız hansısa nizamlama formatından bəhs edir, üstəlik, müxtəlif ibarələrlə regiona hərbi qüvvə yeritməyi təşviq edir. Bu zaman Rusiyanın regionu tərk etməsi əsas şərtlərdən biri kimi qoyulur.
Amerika isə son zamanlar daha irəli gedib. Konkret olaraq, "yeni Minsk qrupu" yaradır. Oraya ABŞ, Fransa və Aİ daxil edilir. O mənada ki, Cənubi Qafqazda sülh, barış və əməkdaşlıq məhz bu güclərin birgə səyi nəticəsində yaranmalıdır. Digərləri bəri başdan ya mənfi imicdə təqdim edilir, ya da, ümumiyyətlə, iştirakları artıq iş sayılır.
Azərbaycanın özünə inamı: təhlükəsizliyin regiondaxili şərtləri
Burada digər bir tendensiya diqqətdən yayınmır. Məsələ ondan ibarətdir ki, Qərbin bu cür radikal addımları fonunda Rusiya və Ermənistan arasında ziddiyyətlər daha da kəskinləşir. Rəsmi İrəvanın Rusiyaya münasibətdə ritorikası dəyişir. İndi İrəvan bəyan edir ki, Rusiya, o cümlədən KTMT ona lazım deyil, çünki suverenliyinə və təhlükəsizliyinə təminat vermirlər. Qərb isə bu təminatı verəcək. Ancaq rəsmi İrəvan, görünür, Ukrayna nümunəsindən dərs ala bilmir. İndi ukraynalılar düşdükləri vəziyyətdən yarısalamat çıxmaq üçün çalışırlar. Bundan başqa, erməni siyasi şüuru anlamır ki, hər hansı dövlətin müstəqilliyi və suverenliyini onun özü təmin edə bilər. Kənardan kimsə buna başçılıq edirsə, burada nə müstəqillik var, nə də suverenlik. Buna görə də Ermənistan rəhbərliyinin Azərbaycanla münasibətləri Qərb ssenarisi üzrə normallaşdırmaq ümidi xülyadır. Bu barədə Bakı artıq açıq və birmənalı danışır.
Bu baxımdan bəzi Qərb KİV-lərinin ədalətli mövqe tutmasını da vurğulamaq lazımdır. Məsələn, Almaniyanın "Berliner Zeitung" qəzetində Tomas Fasbenderin Cənubi Qafqaz regionundakı son hadisələrdən bəhs edən məqaləsində SSRİ-dən miras qalmış dondurulmuş münaqişələrdən birinin Qarabağdakı xunta rejiminin darmadağın edilməsi ilə başa çatdığı açıq vurğulanır. Bu fakt Azərbaycanın yeni geosiyasi səviyyəyə çıxması üçün imkan yaradır. Məqalədə deyilir: "Beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan qeyri-qanuni hərəkət etməyib. Başqa sözlə, güclünün qanununu deyil, öz qanunlarını tətbiq edir. Bakı öz ərazisində dövlət hakimiyyətini və bununla da Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Bu nöqteyi-nəzərdən onun hərəkətləri BMT Nizamnaməsinə uyğundur. Azərbaycana qarşı beynəlxalq sanksiyalar, çox güman ki, mənasızdır və onları hesaba almamaq lazımdır. Bu o deməkdir ki, paradoksal olsa belə, regionda geridönüşü olmayan yeni proseslərin başladığını ehtimal etmək olar. Lakin bu yeni başlanğıcdan ən çox Ermənistan qazana bilər".
Müəllif bu qənaətini Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ifadə etdiyi fikirlərlə daha da gücləndirir. Hikmət Hacıyev qeyd edib ki, "Azərbaycan üçün münaqişənin hərbi fazası başa çatıb". "Bakı Zəngəzur dəhlizinin eksterritoriallığına can atmır, söhbət yalnız beynəlxalq hüquqa uyğun olaraq status-kvo əsasında avtomobil və dəmir yollarının açılmasından gedir". Və "Ermənistan ilə razılığa gəlmək mümkün olmadığı təqdirdə Azərbaycanın və Türkiyənin "B" planı hazırdır: İran ərazisindən Araz çayının sahili ilə cənubdan və Ermənistan ərazisindən şimal marşrutuna paralel əlaqə" ("Berliner Zeitung").
Bundan başqa, Hikmət Hacıyev bəyan edib ki, Avropa İttifaqının bir sıra üzvlərinin (məsələn, Fransanın) Ermənistanı hərbiləşdirmək planı çox zərərlidir. Çünki indi Ermənistanın silaha deyil, "sülhə ehtiyacı vardır"! Azərbaycan və Türkiyənin "B" planı da bundan xəbər verir: Bakı və Ankara üçün alternativlər vardır!
Bütün bunların fonunda Azərbaycan Prezidentinin köməkçisinin aşağıdakı fikirləri geosiyasi baxımdan əhəmiyyət kəsb edir. Hikmət Hacıyev vurğulayıb: "Biz Fransa kimi üzv ölkələrə həmişə tövsiyə etmişik ki, birincisi, Azərbaycan ərazisində separatizmi dəstəkləməsinlər. İkincisi, Ermənistanda revanşizmi dəstəkləməklə bağlı lazımsız mesajlar verməyin, həm də regionumuzda geosiyasi lazımsız oyunları irəli sürməkdən əl çəkin".
Əslində isə söhbət Azərbaycan Prezidentinin müəyyən etdiyi mövqedən gedir. İlham Əliyev qətiyyətlə bəyan edib ki, sülh məsələsi yalnız region daxilində həll edilməlidir, kənardan kimsə müdaxilə etməməlidir. Yəni, birbaşa, kənardan təsir olmadan Azərbaycan-Ermənistan danışıqları aparılmalıdır.
Tamamilə aydındır! Rəsmi Bakı Qərbin bütün oyunlarını incəliklərinə qədər bilir və buna uyğun addımlar atır. Yaxşı olardı ki, Qərb paytaxtlarında müxtəlif geosiyasi oyunlar qurub Azərbaycanı tələyə salmaq planları üzərində deyil, səmimiyyətlə regionda sülhün bərqərar olmasına çalışsınlar.
İndi hamı görür ki, Azərbaycan Ermənistanı vasitəçi olmadan danışıqlar masasına oturda bilir. Son informasiyalara görə, iki ölkənin şərti sərhədində nümayəndə heyətlərinin görüşü olmalıdır. Orada nə Qərbə, nə Rusiyaya, nə də İrana ehtiyac vardır. Yeri gəlmişkən, İran bu proseslərin fonunda sönük görünür. Ya Tehranda Azərbaycanın gücünü artıq etiraf edirlər, ya da İran rəhbərliyi konstruktiv mövqeyə gəlməyə çalışır. Ümid edərdik ki, ikinci olsun.
Hər bir halda Azərbaycan özünün ədalətli və haqlı yolunda inamla irəliləyir! Onunla razılaşmaq və sülh yaratmaqdan başqa Qərbin, Rusiyanın, İranın və Ermənistanın yolu yoxdur! Zaman da bunu hər kəsə sübut edəcək!