Xəzərlərin yadigarları - karaimlər



Zəhra HƏSƏNOVA
BDU-nun tələbəsi

Tarix səhnəsində karaimlər

Geniş coğrafi əraziyə yayılan və yox olmaq təhlükəsi ilə üzləşən müxtəlif türk xalqları vardır ki, onlardan biri də günümüzdə başda Litva olmaqla, Belarus, Polşa, İsrail, Ukrayna, Rusiya, Türkiyə kimi ölkələrin ərazisində yaşayan karaimlərdir. Qeyd etmək lazımdır ki, “karaim” sözü həm də yəhudiliklə bağlı bir məzhəbin adıdır, lakin bizim məqalədə haqqında danışdığımız türk xalqı olan karaylar, digər adı ilə karaim türkləridir.

Karaimlərin tarixi ilə bağlı ziddiyyətli fikirlər mövcud olsa da, mənşə baxımından türk olduqları, demək olar ki, bütün elm dünyası tərəfindən qəbul edilməkdədir. Bunun da ən böyük sübutu digər türk dilləri və folklor nümunələri ilə olan hədsiz bənzərlikləridir. A.A.Baskakov karaim türklərinin vaxtilə Krıma köç edən kimmerlərdən törədiyi, bir çox tədqiqatçı isə linqvisistik dəlillər gətirərək onların xəzərlərdən başqa bir kökə aid olmaqdıqları qənaətindədir. Karaimlərin bəzi mənbələrdə qırğızlar olaraq da anlandırılmasına rast gəlirik.

Xəzərlər və karaimlər arasındakı ən böyük bənzərlik dinlə bağlıdır. Bildiyimiz kimi, türk xalqlarının əksəriyyəti islam, yaxud xristianlığı qəbul etsə də, xəzərlər və karaimlər arasında musəvilik ön planda olmuşdur. Dilə gəldikdə isə, əlbəttə, türk dilləri arasında fonetik, leksik və qrammatik qatlarda olan bənzərlik, hətta eynilik təəccüb doğurmur, əksinə olduqca təbii qəbul edilir. Nəticə etibarilə deyə bilərik ki, həm linqvisitik, həm dini, həm də tarixi dəllilər bizi karaimlərin kökü ilə bağlı xəzərlərə aparıb çıxarır.

Karaimlərin dəqiq olaraq tarix mənzərəsində nə zaman göründükləri bəlli deyil, buna baxmayaraq Litva, Qafqaz və hətta Azərbaycana 14-cü əsrin sonlarında gəldiklərini bilirik. Eyni zamanda Böyük Litva knyazlığının hersoqu Vitovt karayları örnək vətəndaşlar olaraq qəbul etmiş, onlara torpaq payı verərək ölkənin sərhəd ərazilərində yerləşdirmişdir. Bu həm də tarixən tez-tez şahid olduğumuz qorunma strategiyasına uyğun olaraq atılmış addım idi. XX əsrdə isə karaimlər arasında ayrılma və dağılmalar başlanmış, əsasən Rusiya və Polşa ərazisinə köç edən türk mənşəli bu xalqın sayında azalmalar özünü göstərmişdir. Bununla bağlı dildə də müəyyən boşluqlar meydana gəlmiş, nəticədə karayların bir çoxu rus dili başda olmaqla digər yad dilləri öz ana dilləri olaraq qəbul etmişlər. 2-ci Dünya Müharibəsi illərində də karaimlər yəhudi olduqları zənn edilərək başlanğıcda almanlar tərəfindən məhv edilmək təhlükəsilə üzləşsələr də, sonradan yəhudiliklə sadəcə dini bağlantılarının olduğuna bütün tərəfləri inandırmış, beləliklə krımçakların əksinə böyük və haqsız qırğından canlarını qurtara bilmişdilər.

Karaimlərin yaşayış tərzi

Karaimlərin tarixinə və məişətinə nəzər saldıqda vaxtilə bir çoxunun köçəri həyat tərzi sürdüyünü görə bilərik. Onlar mövsümə uyğun olan məşğuliyyətlər baxımından xəzərlərlə çox bənzəyirlər. Məsələn, yazda məhsul toplamaq üçün bağlar və tarlalara üz tutsalar da, payızda daimi yaşayış yerlərinə dönürdülər. Hətta məşğul olduqları peşə sahələri soyadlarına da yansıyır: çoban, ovçu, ağac kəsici, sütcü, arıçı və sair. Türklər üçün qutsal hesab edilən at karaimlərin də inanc sistemində özünü qorumaqdadır.

Karaimlərin bugünki sayları olduqca azdır, saylarının azalmasına səbəb olaraq köçlər, ərimə prosesi göstərilir. Bu da karaycanı yox olmaq təhlükəsinə aparır, hazırda bu dil “ölmək üzrə olan dillər” içindədir. Karaim dilində danışanların bugünki sayları YUNESKO-nun Dünya Dilləri atlasında cəmi 99 nəfər göstərilir. Xüsusən, gənc nəsil demək olar ki, ana dili olan karaycadan imtina etmiş və digər slavyan dillərinə üz tutmuşdur. Üstəlik türk dünyasında, habelə Azərbaycanda bu xalq, onun dili çox az tədqiqatçı tərəfindən araşdırılmış, əsasən Avropa və rus alimləri bu məsələ ilə dərindən və ətraflı şəkildə məşğul olmuşdur.

Karaimlərin dini inancı

Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, karaimlər musəvilik inancına sahibdir və bəzən “kara”, yəni “çağıran, səsləyən” mənasilə adlarının da “çağırışçı”, “missioner” kökənli olduğunu qeyd edirlər. Bəzi mənbələrdə isə “kara” sözünün qədim yəhudi dillərində “oxucu” mənasına gəldiyi, günümüzdə “qiraət” sözünün də bu kökdən törədiyi fikri də öz əksini tapır. Karaimlərin inancı yəhudilərdən bir qədər fərqlənən orijinal xüsusiyyətlərə malikdir, belə ki, karaylar türk mədəniyyəti, eyni zamanda islam ənənələrindən təsirlənərək inanclarına tez-tez əlavələr etmişdilər. Onların inancı 3 təməl üzərinə quruludur: ilk öncə Tövrat, sonra müqayisə, yəni onlara təqdim olunanlara kor-koranə inanmır, digər inanclarla da müqayisə aparırlar, son olaraq isə sahib olduqları ənənələrə bağlılıq, yəni onların dini mətnlərlə zidləşməməsi üçün çalışırlar.

Karaylar öz dinlərini “karaizm” də adlandırırlar və bir müddət sonra bu ad etnonim və etnotoponimə çevrilib. Bu məzhəbin fərqli yönlərindən biri də Musa ilə bərabər, həm İsa , həm də Məhəmmədi peyğəmbər olaraq qəbul etməsindədir. Eyni zamanda müqəddəs ocaqlara və ziyarətgahlara ayaqqabısız girmək, bu yerləri təmiz saxlamaq bizə İslamı xatırladan qaydalardandır. Oruc tutmaq, zəkat vermək kimi inanclara sahib olan bu türkmənşəlli xalq, həmçinin insanın etdiyi bütün əməllər qarşılığında mükafat və ya cəza alacağına inam bəsləyir. İslamda geniş yayılan “qiyamət günü” inancıyla bərabər, ölülərini də üzü Qüds şəhərinə (bu şəhər onlar üçün müqəddəs hesab olunur) doğru dəfn edirlər.

P. Qolden qeyd edir ki, xəzərlərin yəhudiliyi karaylardan fərqli olmuşdur. Belə anlaşılır ki, xəzərlər karaim inancına sahib olmamışdır. X əsrdə yaşamış Məsudinin qeydlərinə əsasən Xəzərlərdə ümumiyyətlə dövlət dini olmadığını görməkdəyik.

Digər dinlərlə, xüsusən, islamla bu qədər iç-içə olmaları səbəbilə günümüzdə onları yəhudi hesab etməyənlərin də sayı çoxdur, bu dinin kəskin sərhədləri və qapalı inanc sisteminin karaimlər tərəfindən bir qədər şaxələndirilməsi birmənalı qəbul edilmir və karaizmin ayrı bir din, ayrı məzhəb olması fikri üzərində daha çox durulur. Məşhur səyyah Övliya Çələbi “Səyahətnamə”də yazır: “Digər məzhəbdən olan yəhudilər karani məzhəbini sevmirlər...Tatarca danışırlar... Şapka taxmırlar... Tatarlara xas bənövşəyi rəngli papaq (tatar kalpağı) taxırlar...”

Karay dili və istifadə etdikləri əlifbalar

Türkologiyada ilk olaraq karaim dilini digər türk dilləri birgə təqdim edən şəxs A.N.Samoyloviç olmuşdur. XIX əsrin sonlarından etibarən V.V.Radlov, C.Qceqovski, sonralar T.Kovalski, V.A.Qordlovski və başqaları tərəfindən tədqiq edilib, bu tədqiqatçıların içində əslən karaim olan Sereya Şapşalın adını da xüsusi olaraq qeyd etməliyik.

Karaylar tarixən latın, rus və yəhudi əlifbalarından istifadə etsələr də, bəzi qaynaqlara görə, onların öz yazıları da olub, lakin bu fikir sonradan özünü tam doğrulda bilməyib. Karaimlər son zamanlara qədər dini yazıları üçün (dini öyütlər, ilahilər, dualar və s.) ivrit yazısından istifadə ediblər. Ən qədim karaimcə mətnlər 16-18-ci əsrlərə aiddir. XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən isə Polşa karaimləri latın əlifbasından, Rusiya karaimləri isə kiril əlifbasından istifadə ediblər.

XX əsrə qədər özünü qoruyub saxlayan karaim dili bu gün artıq yox olmaq üzrədir, belə ki, karaimlərin çoxu rus, ukrayn, polyak dillərində danışır və ana dilləri itir, hətta ad və soyadlarında da getdikcə yadlaşma prosesi özünü açıq-aydın göstərir. Digər tərəfdən ədəbi dilləri olmadığından məskunlaşdıqları ölkələrin ədəbi dilindən istifadə edirlər.

Buna baxmayaraq atalar sözü, məsəl və folklor nümunələrinə nəzər saldıqda görürük ki, bu dil özündə əski türkcənin bir çox fonetik, leksik və qrammatik xüsusiyyətlərini qoruyub saxlamağı bacarmışdır. Bununla yanaşı, karaycada slavyan dillərinin, xüsusən Ukrayn dilinin təsirini açıqca görmək mümkündür, məsələn müasir karaim dilində vurğu praktik şəkildə sözün müxtəlif hecaları üzərinə düşür və güman edilir ki, bu məhz slavyan dillərinin təsiri ilə meydana çıxmış bir xüsusiyyətdir. Əlbəttə, əgər daha dərin nəzər salsaq, təkcə fonetikada deyil, eyni zamanda sintaksisdə (sözlərin əlaqələnməsi baxımından), morfologiyada (sözönlərinin işlədilməsi) və leksikada (pesok, rosa, skala və s.) da belə nümunələrə rast gələ bilərik. Lakin yuxarıda qeyd etdiyimiz kimi karaimcə həm də qədim türk mənşəli sözləri də tərkibində mühafizə edib saxlamışdır, məsələn yav “yağ”, tarlov “tarla” və s. Eyni zamanda bəzi fərqli xüsusiyyətlərə də rast gəlmək mümkündür, nümunə üçün “küz ay” dedikdə “noyabr” nəzərdə tutulur. “Güz”, bildiyimiz kimi, “payız” mənasında bir çox türk dillərində işlənib və günümüzdə də işlənməkdədir. Bundan əlavə, karaimcə “kış ay” dedikdə “yanvar”, “kara kış ay” dedikdə isə “fevral” nəzərdə tutulur.

Karaim dilinin 3 dialekti mövcuddur: krım, trakay və xaliç. Xaliç dialektində danışanların sayı 10-dan azdır, trakay nisbətən canlı istifadə olunanıdır. Krım dialekti Türkiyə türkcəsi başda olmaqla digər dillərlə çox qarışıb, öz kökünü itirib.

Karaylar ən çox ərəb, ibrani, fars və rus dillərindən söz almışdılar. Ərəb və fars mənşəli alınmalar daha çox Krım dialektində özünü göstərir, sözsüz ki, bu dinlə bağlı olaraq inkişaf etmişdir. Bəzən Osmanlıcadan da alınmalara rast gəlirik. Eyni zamanda italyan, yunan, fransız və başqa Avropa mənşəli dillərdən də alınmalar mövcuddur.

Bu dildə əksər ümumişlək sözlər, məsələn rəng adları boz, sarı, siyah, al və s. elə digər türk dillərində olduğu kimidir. Feillər üçün də eyni sözü demək mümkündür: götür-, gel-, geçir-, düşün-, çap-, bastır- və s.

Karaim dilinin sintaktik quruluşuna nəzər saldıqda bir çox fərqli məqamlara rast gəlirik ki, onların bir çoxu slavyan dillərinin təsiri ilə dəyişmişdir. Digər türk dillərində az-az rast gəldiyimiz “inversiya- cümlədə söz sırasının pozulması” karayca üçün təbii haldır: başı atnın - atın başı, Navilerin asıra isandırttın ulusunnu-“Peyğəmbərlərin vasitəsilə qullarını inandırdın” və b. Bəzən inversiya hadisəsini İbrani yazı dilinin təsirinin nəticəsi olaraq da qəbul edirlər.

Karayca türk dillərinin qıpçaq qrupuna daxil olsa da, zənnimcə, oğuz qrupuna aid olan dillərin nümayəndələri tərəfindən də rahatlıqla anlaşıla bilər, məsələn:

“Qızım sana eytem, kelinim sen eşit”, yəni “Qızım sənə deyirəm, gəlinim sən eşit”.

Əlbəttə, karaim dilinin fonetik, leksik, xüsusən, sintaktik quruluşunda digər türk dillərilə müqayisədə meydana gələn xeyli fərq göstərmək olar, lakin bunlar bütövlükdə ayrı bir tədqiqat və məqalənin mövzusudur.

Karaim ədəbiyyatı ilə bağlı əlimizdə zəngin mənbələr olmasa da, atalar sözləri, məsəllər, nəğmələr, tapmacalar və s. bu xalqın ədəbi təfəkkürünün heç də ümumtürk ədəbi düşüncəsinə yad, yaxud uzaq qalmadığını sübut etməkdədir. Əlbəttə, hər bir xalqın ədəbiyyatına, bədii yaradıcılıq nümunələrinin yaranmasına bir çox amillərin təsiri vardır. Karaylar türkdür, bu o deməkdir ki, qəhrəmanlıq və bahadırlıq motivi əsərlərində əsas xətt olaraq keçir. Bundan əlavə, ümumtürk düşüncəsinə görə, qutsal və çox əhəmiyyətli bir canlı olaraq qəbul edilən at Karay atalar sözlərinə də yansımışdır: “Atnın yanına eşek baglasan, at da eşek bolır”, “El atına bingen çüşer”, “Bir atın hayrına bin at suv içer” və s.

Son olaraq deyək ki, karaimlərlə bağlı tədqiqatların azlığını nəzərə alaraq, zəngin dilləri, ədəbiyyat nümunələri və köklü mədəniyyətləri olmasına baxmayaraq, tarix mənzərəsindən tədricən silinməkdə olan bu xalqı oxuculara tanıtmaq məqsədilə bu məqalə hazırlanmışdır. Ümid edirik ki, bu istiqamətdə araşdırmalar artacaqdır.


MANŞET XƏBƏRLƏRİ