Ermənistan siyasi konyunktura aləti kimi: bu dəfə Vaşinqton ipləri çəkir!


Kamal Adıgözəlov

Kütləvi informasiya vasitələrində ABŞ və Avropanın Cənubi Qafqazda daha da fəallaşdığından bəhs edən məlumatlar getdikcə artır. Əsas tendensiya Vaşinqton və Brüsselin Ermənistanı açıq surətdə dəstəkləməsi, onu himayə etməsi ilə bağlıdır. Belə təəssürat yaranır ki, kollektiv Qərb Cənubi Qafqazda Rusiyanı zəiflədib, özünün hərbi qüvvələrini buraya yeritmək fikrindədir. Bu səbəbdən Türkiyənin Rusiya ilə birgə monitorinq qrupunu regionda saxlamasını da Qərb paytaxtlarında həzm edə bilmirlər. Kremlə gəldikdə isə, o, Cənubi Qafqazı tərk etməyəcəyini bir daha bəyan edib. Bunlar regionda yeni qarşıdurma əlamətlərinin meydana gəldiyini göstərir. Həmin bağlılıqda regional təhlükəsizliyin təmininin müxtəlif aspektlərinin analizi çox maraqlı olardı.

Yeni təxribatlar: "demokratlar" radikallaşır!

Qərbin Cənubi Qafqazda təxribatlarını yeni səviyyəyə yüksəltdiyindən artıq əminliklə danışmaq olar. Bir müddətdir ki, ABŞ və Avropanın güclü dövlətləri üstüörtülü şəkildə regionda geosiyasi balansı pozmaq istiqamətində müəyyən addımlar atırdılar. Lakin onlar bu zaman daha çox yumşaq ritorikaya üstünlük verirdilər. Yeganə sərt ifadələr məsələ konkret olaraq Rusiya və İrana gələndə özünü göstərirdi. Ancaq indi vəziyyət kardinal surətdə dəyişib. Bunun başlıca iki əlaməti özünü göstərir.

Birincisi, artıq Qərb Azərbaycanı açıqca ittiham edir, hədələyir, təzyiq göstərməyə çalışır və tələblər qoyur. İkincisi, Qərb bütün bunların fonunda Ermənistana birtərəfli dəstək nümayiş etdirir. Onu silahlandırır, demokratiya və liberalizm elementləri ilə əlaqələndirir, müdafiə etmək üçün ciddi addımlar atacağını bəyan edir. Rəsmi İrəvan isə düşünmədən və kortəbii şəkildə bu deyilənlərə inanır.

Nəticədə, regionda dolaşıq geosiyasi mənzərə yaranıb. Bir tərəfdən, İsrail-Fələstin münaqişəsinin yaratdığı gərginlik var. Digər tərəfdən isə, Qərbin birtərəfli və süni bəhanələrlə Ermənistanın təhlükə qarşısında olduğunu iddia edib, hər hansı üsulla onu reabilitasiya etmək cəhdləri özünü göstərir. Bu iki istiqamətin konkret praktiki təsdiqləri də vardır.

Avropanın addımlarından başlayaq. Burada daha çox Jozep Borrel canfəşanlıq edir. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi açıq bəyan edir ki, Azərbaycan yanlış mövqedədir, Ermənistanı "işğal" edə bilər. Buna qarşı Aİ lazım olan addımları atacaq. Nədən ibarətdir bu "lazım olan addımlar"? Hər şeydən öncə, ideoloji komponenti olan bir prosesdir. Azərbaycanı haqsız göstərib, "təcavüzə məruz qalan" "zəif və məzlum" Ermənistanı müdafiə etməkdən bəhs edilir. Bu ideoloji şantajda, təbii ki, "demokratiya" və "insan haqları" nağılı xüsusi yer tutur.

Digər tərəfdən, sözdə qalmayıb, Ermənistanı durmadan silahlandırırlar. Bu işə artıq Gürcüstanı da qatıblar. Tbilisi bəlkə də müasir tarixində ən böyük səhvini edib. Sonrasının necə olacağı məlum deyildir, lakin artıq Azərbaycanı düşünməyə vadar edən yanlışlığı Gürcüstan hakimiyyəti edib. Və bunun cavabını dərhal alıb. Azərbaycan Xarici İşlər Nazirliyi verdiyi bəyanatda "3+3"-ün "3+2"-yə çevrildiyini ifadə edib. Yəni, Gürcüstan regional təhlükəsizlik formatından təcrid oluna bilər.

Bunun fonunda ekspertlər Ermənistan rəhbərliyinin xarici səfərlərinə diqqət yetirməyi tövsiyə edirlər. Konkret nümunə kimi, Nikol Paşinyanın KTMT-nin Minskdə keçiriləcək sammitinə getməməklə yanaşı, tez-tez Avropanın şəhərlərində peyda olmasını göstərirlər. Belə ki, erməni rəsmilər Parisdə, Brüsseldə və digər Avropa şəhərlərində Ermənistanın "təhlükəsizliyinin təminindən", "risklərin aradan qaldırılmasının vacibliyindən", Azərbaycan və Türkiyənin yaratdığı "təhlükələrdən" bəhs edirlər.

Buna Avropa dəstək verir və hətta "qədim erməni torpaqları"nın qorunması məsələsi haqqında danışırlar. Praktiki olaraq isə, müxtəlif üsullarla Ermənistana silah göndərirlər.

Burada qısa haşiyə çıxaq. Bu gedişat bir neçə il əvvəl Ukraynaya verilən dəstəyi xatırladır. Onda prosesi çox gizli aparmışdılar. Rusiya Ukraynaya hücum edəndən sonra aydın oldu ki, qərblilərin "dəstək" dedikləri faktor yarımçıq və təmənnalı köməklərdən ibarət imiş. Əsas məqsəd Rusiya və Ukraynanı süründürməçi müharibəyə sürükləmək və oradan özünün geosiyasi maraqlarına dividend əldə etməkdir.

Buna bənzər ssenari Ermənistanla oynanılır. Qərbin iddiaları da daha geniş və təhlükəli xarakter alır. Bunu J.Borrellə yanaşı, Vaşinqtonu təmsil edənlərin dediklərindən də hiss etmək mümkündür. Budur, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn Azərbaycanı ittiham edib və Bakını ehtiyatlı olmağa çağırıb. Guya Azərbaycan Ermənistana hücum edib onun ərazi bütövlüyünü pozmağa çalışır. Bunun qarşısını almaq üçün Vaşinqton 907-ci düzəlişlə bağlı düşdüyü gülünc vəziyyətə bir də baş vurmağa qərar verib. Belə ki, Ermənistana hər cür hərbi dəstək verməklə paralel olaraq Azərbaycana hər cür yardımı dayandırır.

Buna, təbii ki, rəsmi Bakının cavabı gecikmədi. Azərbaycan rəhbərliyi bəyan etdi ki, heç bir təhdid dilini qəbul etmir və ABŞ bu gedişatla vasitəçilikdən məhrum ola bilər. C.O`Braynın hədələri, xəbərdarlığı və sayıqlamalarından sonra isə rəsmi Bakı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşdə iştirak etməməyi qərara alıb.

ABŞ və Avropa: ikisinin birgə geosiyasi səhvi

Baxın, C.O`Brayn nə deyir. Birincisi, "ABŞ Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin beş illik fəaliyyət müddəti başa çatdıqdan sonra çıxarılması üçün daha stabil yol tapmalıdır". İkincisi, Azərbaycana Amerikanın yüksək rütbəli rəsmilərinin səfərləri dayandırılıb. Üçüncüsü, "hər hansı dəhliz yalnız Ermənistanın razılığı ilə yaradılmalıdır" və bu zaman "güc tətbiqi və ya İranın iştirakı ilə nəqliyyat dəhlizinin yaradılmasına göstərilən cəhdlərə qətiyyətli cavab addımları ilə reaksiya veriləcək".

Bu birtərəfli və əsassız yanaşmadan hansı nəticəni çıxara bilərik? İlk öncə aydın olur ki, ABŞ və Avropanın dərdi Ermənistanın dövlətçiliyi və ermənilərin haqlarının təmini deyildir. Onları narahat edən sözəbaxımlı olmaq istəməyən və Cənubi Qafqazda varlığını təmin etməyə çalışan böyük dövlətlər – Rusiya, Türkiyə və İranın fəallaşmasıdır. Lakin burada da ziddiyyət vardır. Çünki Rusiya və İran, faktiki olaraq, Ermənistanı müdafiə edirlər (təbii ki, müəyyən çərçivədə), Türkiyənin isə İrəvana qarşı heç bir qərəzli mövqeyi yoxdur. Deməli, əsas məsələ Qərbin siyasi dairələrinin qafalarının qarışıq olması və özlərindən başqa kimsəni düşünməmələridir.

Belə görünür ki, regionda Rusiya və İranın mövcudluğunun Ermənistan üçün xeyri var ki, ziyanı yoxdur. Ancaq Qərb bunu elə təqdim etməyə çalışır ki, İran və Rusiya Ermənistanın məhv olmasına rəvac verəcəkdir. Bu halda Amerika və ya Fransa üçün Ermənistanın təhlükəsizliyi məsələsi öz maraqlarını təmin etmək üçün istifadə etdikləri bir ritorikadır. Real güdülən məqsəd isə Cənubi Qafqaza Qərbin silahlı missiyasını yeritməklə Rusiyanı sıxışdırmaq və İranı təcrid etmək, Türkiyəni isə məhdud çevrəyə salmaqdır.

Buna görədir ki, Vaşinqton Zəngəzur dəhlizinin açılmasını mütləq sayır, eyni zamanda, orada Rusiya və İranın varlığını qəbul etmir. Fransa da eyni mövqedədir. Bu vəziyyətdə Ermənistanın sürətlə silahlandırılmasının ilk növbədə ermənilərin öz başında çatlayacağı ehtimalı çox yüksəkdir. Ermənistan çox zəifdir və hər hansı təxribat törətsə, ona havadarları kömək edə bilməyəcəklər. Həm də Azərbaycan heç yerə hücum etmək fikrində deyil. Özünü müdafiə etmək isə təbii hüququdur. Bu hüquqdan Azərbaycan yararlanıb, Ermənistanın istənilən təcavüzünə cavab verə bilər!

Regional təhlükəsizlik baxımından məsələnin başqa tərəfi də aktualdır. Konkret olaraq, bütün bunlar Cənubi Qafqazda pozitiv geosiyasi tendensiyalara zərər verə bilərmi? Ən azından bu tendensiyanı ləngidə və ya zəiflədə bilər. Çünki rəsmi İrəvanın revanşizm xülyasından tam azad olduğunu demək çətindir. Əksinə, bir sıra KİV erməni terror təşkilatlarının yenidən fəallaşdıqlarını vurğulayırlar. Əlbəttə, müasir mərhələdə terror qruplarının vasitəsilə müstəqil dövlət qurmaq mümkün deyildir. Ermənistan bu yolla getsə, daha ağır vəziyyətə düşəcək. Digər tərəfdən, rəsmi İrəvanın növbəti dəfə Qərb diplomatiyasının tələsinə düşməsi çox pis nəticələr verə bilər.

Hiss olunur ki, Gürcüstan rəhbərliyi də müəyyən dərəcədə Qərbin siyasi təxribatlarına uymağa başlayıb. Görünür, "Gürcü arzusu" M.Saakaşvilidən daha çox qərbçi olduğuna əhalini inandırmaq qərarına gəlib. Çünki son zamanlar qərbyönümlü gürcü siyasi dairələri hakimiyyətə daha çox iradlar bildirməyə başlayıb. Ancaq birmənalı deyə bilərik ki, bu yol Tbilisini geosiyasi dalana aparır. Yarımçıq qərbçilik və Ermənistanın yanında durmaqla heç Qafqazı aşa bilməzsən. Bundan başqa, Azərbaycanın illərdir təklif etdiyi real dəstək və layihələrə xəyanət siyasi iflasın əlamətidir.

Belə çıxır ki, Qərb, faktiki olaraq, Cənubi Qafqazı geosiyasi dalana sürükləyir. Bunun başlıca qorxulu əlaməti Rusiya və İranı daha radikal etməklə bağlıdır. Bir sıra gürcü eksperti hesab edir ki, Rusiya Gürcüstanla oynamayacaq və zarafat etməyəcək. Çox qısa bir müddətdə Gürcüstanı tamamilə işğal edə bilər. Kremlin gücünün azaldığı haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir. Artıq bunu Qərb KİV-ləri də etiraf edir.

Beləliklə, Qərbin Cənubi Qafqazda geosiyasi vəziyyəti daha da gərginləşdirdiyi aydındır. Bu prosesdə onlar Ermənistandan oyuncaq kimi istifadə edirlər. Hələlik durum qeyri-müəyyən və riskli olaraq qalır. Görünür, Moskvanın hansısa sərt və konkret addım atması lazım gələcək. Bu da rəsmi İrəvana "soyuq duş" olacaq!


MANŞET XƏBƏRLƏRİ