Beş Mərkəzi Asiya dövləti və Azərbaycan: yeni "5+1" formatının perspektivləri


Kamal Adıgözəlov

Azərbaycanın qırx dörd günlük müharibədə əldə etdiyi qələbənin geosiyasi, iqtisadi və mədəni əks-sədası getdikcə daha ucadan eşidilir. Prezident İlham Əliyevin çox uğurlu siyasəti ölkəmizə yeni qələbələr bəxş etməkdədir. Bu kontekstdə ekspertlərin Mərkəzi Asiya dövlətləri və Azərbaycanı nəzərdə tutan "5+1" əməkdaşlıq formatından bəhs etmələri diqqəti cəlb etməkdədir. Həmin formata görə, Mərkəzi Asiya dövlətləri Azərbaycanla daha sıx əməkdaşlıq əsasında qlobal əməkdaşlıq modellərində iştiraklarının təmin edilməsinə yeni impuls vermək niyyətindədirlər.

"C5+1" dialoqu və Vaşinqton: Mərkəzi Asiya real əməkdaşlıq yolunda

Son zamanlar ekspertlər "C5+1" əməkdaşlıq formatından tez-tez bəhs edirlər. Bu təşəbbüs ABŞ rəsmilərinin Mərkəzi Asiya ilə bağlı ifadə etdikləri bir sıra fikirlərin fonunda meydana gəlib. Vaşinqton həmin region dövlətləri ilə əlaqələri inkişaf etdirmək niyyətini açıq ifadə edir. Lakin burada bir sıra geosiyasi məqamlar mövcuddur ki, onların üzərində dayanmaq gərəkdir.

Məsələ, hər şeydən öncə, "C5+1" formatının məzmunu ilə bağlıdır. Bu format haqqında Vaşinqton beş Mərkəzi Asiya ölkəsinin (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan) hökumətlərinin və ABŞ hökumətinin əməkdaşlıq formulu olduğunu deyir və onu "regional dialoq platforması" adlandırır. Bu təşəbbüsün əsası 2015-ci ildə Səmərqənd şəhərində Mərkəzi Asiya ölkələri nazirlərinin və ABŞ dövlət katibinin iştirakı ilə keçirilən xüsusi iclasda qoyulub. Burada başlıca tezis "ABŞ və Mərkəzi Asiya arasında ümumi məqsədə çatmaq – müstəqil, çiçəklənən və qorunan Mərkəzi Asiyaya nail olmaq üçün ABŞ-la Mərkəzi Asiya arasında fəaliyyətin koordinasiya edilməsi"ndən ibarətdir.

Əvvəlcə, bu məqsədə nail olmaq üçün Vaşinqton nisbi fəallıq göstərdi. Sonra isə Çin və Rusiyanın fəallığı fonunda bu hərəkətlilik səngidi. Bundan başqa, konkret proqramların reallaşması gözə dəymədi. Nəticədə, həmin format bir qədər arxa plana atıldı.

Özbəkistanlı ekspertlər belə qənaətdədirlər ki, "C5+1" formatının məzmunu fərqlidir. Çünki o, "Rusiya-Çin-ABŞ daxili geosiyasi üçbucağının rəqabətindən alınır".

Bu o deməkdir ki, öncədən həmin format sərt geosiyasi rəqabət fonunda mövcud ola bilər. Məhz buna görə də Amerika bir qədər geri çəkildi. Bu zaman aydın oldu ki, Vaşinqtonu regionun çiçəklənməsi deyil, özünün nə dərəcədə aparıcı ola bilməsi maraqlandırır.

Görünür, bu məqam Mərkəzi Asiya ölkələrini yeni əməkdaşlıq formatı axtarışını aparmağa istiqamətləndirdi. Artıq 2023-cü ilin payızında aydın oldu ki, Mərkəzi Asiyada "5+1" formatına daha çox beş region ölkəsi üstəgəl Azərbaycan formulu prizmasından baxmağa meyllidirlər. Lakin dərhal o da məlum oldu ki, Vaşinqton belə bir dəyişikliyə müsbət baxmır. Və BMT-nin son sessiyası öncəsi Ağ Ev Prezident Co Baydenin Mərkəzi Asiya dövlətlərinin liderləri ilə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında müzakirə aparmaq planından bəhs etdi.

Burada başqa bir məqam da vardır. Biz, Hindistanın təklif etdiyi yeni iqtisadi və infrastruktur dəhlizi layihəsini nəzərdə tuturuq. Həmin layihə Mərkəzi Asiyadan keçmir, İran, Körfəz ölkələri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İsraili əhatə etməklə Hindistanı Avropa ilə əlaqələndirir. Bu isə Mərkəzi Asiyanın Qərbin diqqətindən kənarda qalması təəssüratı yaradır. Məhz buna görə də, mümkündür ki, Vaşinqton Mərkəzi Asiyaya ayrıca önəm verdiyini ifadə etməyə çalışır. Həmin kontekstdə baxdıqda, Co Baydenin region dövlət başçıları ilə "C5+1"-in həm statusunu yüksəltmək, həm də real proqramlar müstəvisinə gətirmək niyyəti ola bilər. Təbii ki, bu, bir ehtimaldır. Lakin konkret olaraq Azərbaycanla bağlı olan məqam ehtimal deyildir, reallıqdır.

Təşəbbüskar və etibarlı Azərbaycan: Bakı yeni "5+1" formalaşdırır

Məsələ ondan ibarətdir ki, Mərkəzi Asiya dövlətlərinin başçıları sentyabrın 14-də Düşənbədə 5-ci Məşvərət görüşünə fəxri qonaq kimi Azərbaycan Prezidentini dəvət etdilər. Bu, həmin formatda keçirilən görüşlərdə regiondankənar ölkənin rəhbərinin iştirak etdiyi ilk hadisədir. Ekspertlər həmin hadisə kontekstində yazırlar ki, "Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi mühüm yer tutur".

Bu tezisin əsasını real faktlar təşkil edir. Belə ki, Azərbaycan həm ikitərəfli əlaqələr formatında, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində Mərkəzi Asiya dövlətləri ilə müzakirələr aparıb və çoxlu sayda sənədlər imzalayıb. Həmin sənədlərdə faktiki olaraq Azərbaycanın region dövlətləri ilə hərtərəfli əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapıb. O cümlədən nəqliyyat-logistika və enerji sferalarında əməkdaşlıq ciddi surətdə nəzərə alınıb.

Bu bağlılıqda Mərkəzi Asiya dövlətlərinin "Yeni İpək Yolu" layihəsi çərçivəsində Orta Dəhliz proqramının həyata keçirilməsində ciddi rol oynaması təsbit edilib. Bununla yanaşı, həmin region dövlətlərinin Qafqaz, Türkiyə və Avropa məkanlarında əlverişli, etibarlı və təhlükəsiz surətdə əməkdaşlıq edə bilməsi üçün konkret addımlar atılıb. Məsələn, Qarabağın yenidən qurulmasında Özbəkistanın konkret iştirakı, onun Zəngəzurdan keçməklə Orta Dəhlizdə iştirak imkanını bir daha ortaya qoyur.

Bütün bunlar Mərkəzi Asiya-Azərbaycan formatının yüksək potensialı fonunda möhtəşəm görünür. Belə ki, artıq yeni məzmunlu "5+1" formatında birləşən bu ölkələrin iqtisadiyyatlarının ümumi real həcmi 1 trilyon 412 milyard dollara çatıb. Qazaxıstanda bu rəqəm 604,551, Özbəkistanda 420,0, Azərbaycanda 189,9, Türkmənistanda 117,77, Qırğızıstanda 43,318 və Tacikistanda 37,235 milyard dollardır. Bununla yeni "5+1" formatı üzrə müstəqil dövlətlərin birlikdə ÜDM-lərinin 1 trilyondan artıq olduğu aydınlaşır. Buraya Türkiyəni də əlavə edəndə, daha möhtəşəm potensial alınır. Statistik göstəricilərə görə, keçən il təkcə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Bunlarla yanaşı, ortaq sərmayə fondları yaradılıb. "5+1" çərçivəsində qarşıdakı 3 il müddətində qarşılıqlı sərmayə qoyuluşunun 1 milyard dollardan çox olması razılaşdırılıb.

Bütün bunların kontekstində İlham Əliyevin sentyabrın 14-də Düşənbədə ifadə etdiyi aşağıdakı fikirlər mövcud reallığı dolğun əks etdirir. Dövlət başçısı deyib: "Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük".

Fikirlərinə davam edərək Azərbaycan Prezidenti vurğulayıb: "Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır".

Bunlar təbii ki, çox əhəmiyyətli məqamlardır. Eyni zamanda, İlham Əliyevin həmin tədbirdə ifadə etdiyi bir fikir dünya ekspertləri üçün yaxşı bir sürprizdir. Azərbaycan rəhbəri Mərkəzi Asiya dövlətləri ilə əlaqədə yeni əməkdaşlıq istiqaməti kimi "Rəqəmsal İpək Yolu" proqramından bəhs edib. Bu proqram çərçivəsində gələcəkdə Orta Dəhliz vasitəsilə böyük həcmdə yüklərin etibarlı, sürətli və təhlükəsiz daşınması nəzərdə tutulur. Buraya daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılması da daxildir.

Əlavə olaraq, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək, bütövlükdə, tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsi zəruridir. Bu vəzifənin öhdəsindən gəlmək üçün isə mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır.

Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı həmin kontekstdə vurğulayıb: "Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız "Rəqəmsal İpək Yolu" layihəsidir"!

Bütün bunlar onu göstərir ki, yeni "5+1" formatı konkretdir, realdır və dəqiq proqramlara əsaslanır. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla əməkdaşlığı digər variantlardan daha perspektivli görünür. Vaşinqtonda nədən danışılmasından asılı olmayaraq!


MANŞET XƏBƏRLƏRİ