Kamal Adıgözəlov
Cənubi Qafqazda geosiyasi dinamika intensivləşdikcə, ekspertlər irəli sürülən geosiyasi xarakterli müxtəlif təkliflərə ciddi maraq göstərirlər. Regional geosiyasi konfiqurasiyanın yeniləşməsi istiqamətində edilən təşəbbüslərə onlar xüsusilə həssasdırlar. Bu bağlılıqda Ermənistanın və ona havadarlıq edən dövlətlərin pozucu geosiyasi cəhdləri ayrıca vurğulanır. Hindistan, Fransa, Rusiya və İranın niyyətlərindən bəhs edilir. ABŞ bir qədər kölgədə qalmağa çalışsa da, Vaşinqtonun hər hansı ciddi konstruktiv addımı nəzərə çarpmır. Digər yandan, ekspertlər Azərbaycanın irəli sürdüyü geosiyasi təşəbbüslərə də çox maraq göstərirlər. Həmin prizmadan son zamanlar Azərbaycan-Türkiyə-İsrail geosiyasi əməkdaşlıq formatı ilə əlaqəli müşahidə edilən müzakirələr diqqəti çəkir. Bu əməkdaşlıq formatının imkanları və perspektivləri təhlil edilir. Həmin kontekstdə biz Azərbaycan-Türkiyə-İsrail üçtərəfli əməkdaşlıq formatının üzərində geosiyasi aspektdə geniş dayanmağa ehtiyac görürük.
Azərbaycan Prezidentinin formulu: üçtərəfli əməkdaşlığın "yol xəritəsi"
Azərbaycan mətbuatı Azərbaycan-Türkiyə-İsrail əməkdaşlıq formatı haqqında yayılan informasiyaya böyük maraq göstərməkdədir. Bu məsələyə ölkədə böyük əksəriyyətin münasibəti müsbətdir. Burada iki əsas səbəbi görürlər. Birincisi, qədimdən Azərbaycan cəmiyyətində yəhudi kökənli azərbaycanlılara sayğılı münasibət olub. Onlar titul millət olan türklərlə dinc surətdə birgə yaşayıblar. İkincisi, İsrail və Azərbaycan dövlət olaraq bir-biri ilə sıx qarşılıqlı faydalı əlaqələr qurublar.
Bunlara son illər daha bir əhəmiyyətli məqam əlavə olunub. İsrail Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətində atdığı addımlara ciddi dəstək verib. Hətta İsrail Azərbaycana müasir silahlar satıb və hərbi-texniki təchizat sahəsində geniş əməkdaşlıq edib. 44 günlük müharibədə Azərbaycan İsrailin yaxın dəstəyini hiss edib.
Bundan başqa, çox müxtəlif sferalarda İsraillə Azərbaycan arasında əməkdaşlıq nümunələri vardır. Bu baxımdan hökumətlərarası birgə komissiyanın fəaliyyəti təqdirəlayiqdir. Bununla yanaşı, Azərbaycanın İsraildəki ticarət nümayəndəliyinin işini ekspertlər iki ölkə arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platforma hesab edirlər.
Azərbaycanın İsraillə qarşılıqlı investisiya, həmçinin energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və başqa sahələr üzrə faydalı, nəticələrə istiqamətlənmiş əlaqələri vardır. Ötən il İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə qarşılıqlı addımlar atılıb. Onlar indi də davam edir. 2023-cü ilin yanvar-aprel ayları üzrə İsrail ilə Azərbaycan arasında ticarət dövriyyəsi 500 milyon ABŞ dollarını keçib ki, bu da 2022-ci ilin uyğun dövrü ilə müqayisədə 33,5 faiz çoxdur.
Bu günlərdə isə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi arasında "Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi", eləcə də "2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi" imzalanıb.
Bütün bunların fonunda sadə Azərbaycan vətəndaşları rəsmi Təl-Əvivin bu fəaliyyətini adətən müsəlman İran rəhbərliyinin antiazərbaycan davranışları ilə müqayisədə qiymətləndirirlər. Azərbaycan cəmiyyəti bu müqayisələrdə İsrailin Azərbaycana dost olduğu nəticəsini çıxarırlar.
Bu qənaət indi də Azərbaycan cəmiyyətində qalmaqdadır. Maraqlıdır ki, azərbaycanlıların bu cür düşüncələrinə rəsmi Tehranın yersiz təzyiq cəhdlərinin, hədələrinin və hətta terrorunun zərrə qədər də təsiri olmayıb.
Təsadüfi deyildir ki, Azərbaycan cəmiyyəti Azərbaycan-Türkiyə-İsrail üçtərəfli əməkdaşlıq formatı ilə bağlı yayılan informasiyaları müsbət qarşılamaqdadır. Reallıqda isə belə bir perspektiv mövcuddurmu? Ekspertlər bu sual kontekstində adətən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Azərbaycan-İsrail və Azərbaycan-Türkiyə-İsrail münasibətləri ilə bağlı ifadə etdiyi fikirlərə diqqət yetirirlər.
Hikmət Hacıyev İsrailin beynəlxalq "i24NEWS" telekanalına müsahibəsində deyib ki, "İsrailin hazırkı Baş naziri və Prezidenti, eləcə də ölkənin bir sıra nazirləri Azərbaycanda səfərdə olublar. Bununla yanaşı, Azərbaycan Nazirlər Kabinetinin nümayəndələri, yüksək vəzifəli şəxslər mütəmadi olaraq İsrailə səfər edirlər. İki ölkə hökumətləri arasında münasibətlərin belə dinamikası və yüksək səviyyəli rəsmi səfərlər Azərbaycan ilə İsrail arasında əməkdaşlığın mühüm tərkib hissəsidir". O cümlədən Azərbaycan Prezidentinin köməkçisi Prezident İsxak Hersoqun Azərbaycana səfərini xatırladıb: "Biz bunu yüksək qiymətləndiririk".
Azərbaycan rəsmisi həmin müsahibədə iki ölkə arasında əməkdaşlığın konseptual əsasında Prezident İlham Əliyevin üçtərəfli əməkdaşlıq formatları təşəbbüslərinin dayandığını ifadə edib. Həmin təşəbbüslər isə, bütövlükdə, Azərbaycan rəhbərliyinin xarici siyasətdə qarşılıqlı faydalı əməkdaşlığa, barışa, sülhə və xalqların rifahına xidmət edən siyasətə üstünlük verməsindən qaynaqlanır. Məhz Prezident İlham Əliyevin xarici siyasətdə tətbiq etdiyi bu prinsipləri əsas götürərək Hikmət Hacıyev vurğulanan müsahibəsində ifadə edib ki, "Azərbaycan-İsrail əməkdaşlığının hüdudu yoxdur". Başqa sözlə, yeni-yeni əməkdaşlıq istiqamətləri yarana bilər və əslində, bu proses getməkdədir.
Realpolitik ruhlu konstruktivlik: İsrailin rasional yanaşması
Həmin müsahibədə Hikmət Hacıyev rəsmi Bakının bu mövqeyində incə bir siyasi-diplomatik məqamı da vurğulayıb. Azərbaycan Prezidentinin köməkçisi deyib: "Dostlarımızın bir-biri ilə dost olması Azərbaycan diplomatiyası üçün çox vacibdir. Buna görə də Azərbaycan Türkiyə ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmanın davam etdirilməsindən məmnundur. Azərbaycan eləcə də iki tərəfdaşı arasında dialoqun və daha yaxşı anlaşmanın inkişaf etdirilməsi prosesinə öz töhfəsini verir".
Belə çıxır ki, Azərbaycan-İsrail və Azərbaycan-Türkiyə-İsrail münasibətlərinin inkişafında Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi-diplomatik mövqe aparıcı yer tutur. Rəsmi Bakı, faktiki olaraq, İsraillə Türkiyənin əməkdaşlığı üçün geniş imkanlar yaradır. Bu prosesdə Azərbaycan Prezidenti əhəmiyyətli addımlar atır.
Deməli, Azərbaycan-Türkiyə-İsrail üçtərəfli əməkdaşlığının inkişafı üçün əhəmiyyətli əsaslar mövcuddur. Bu prosesin perspektivi vardır. Bu cür nikbin nəticə Cənubi Qafqazda, Yaxın Şərqdə və ümumən qlobal miqyasda müşahidə edilən geosiyasi proseslərin məntiqindən də alınır.
Məsələ ondan ibarətdir ki, Cənubi Qafqazda geosiyasi ziddiyyətlərin kökündə bir sıra regional və qlobal geosiyasi güclərin Azərbaycanın ərazi bütövlüyünü səmimiyyətlə dəstəkləmək istəməməsi dayanır. Onlar son vaxtlar açıq surətdə bəyan edirlər ki, faktiki olaraq, Ermənistanın təcavüzkar fəaliyyətini dəstəkləyirlər. Bu bağlılıqda ekspertlər Rusiya Prezidentinin Kəlbəcər, Şuşa və Laçının Ermənistana verilməsini dəstəklədiklərini deməsini xeyli təəccüblə qarşılayıblar. ATƏT-in Minsk qrupunda həmsədr olan, bitərəf vasitəçi rolunu oynamalı olan Moskva, sən demə, ermənipərəst mövqedə imiş. Vladimir Putinin dediyinə görə, bu planı Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması pozub. Bundan başqa, Fransanın açıqca Ermənistanın təcavüzkar planlarına haqq qazandırmağa çalışdığı dünyaya məlumdur.
Bunlardan başqa, rəsmi Tehran dəfələrlə bəyan edib və etməkdədir ki, "regionda geosiyasi mənzərənin və Ermənistanın sərhədlərinin dəyişilməsinə" imkan verməyəcək. Bu zaman rəsmi Tehran hansı səbəblərdən 30 il Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı kiçik bir addım belə atmadığının səbəbini izah etmir.
Deyilənlər onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Türkiyə birliyinin həyata keçirdiyi regionu sabitləşdirmək və inkişaf etdirmək geosiyasi xəttinə qarşı pozucu bir geosiyasi konfiqurasiya yaratmaq istəyirlər. Onların sırasında hətta uzaq Hindistan da yer almağa çalışır.
Bütün bunlara İsrailin Azərbaycan-Türkiyə birliyinin səmimiliyini, real gücünü və potensialını nəzərə alaraq reaksiya verməsi təbiidir. Çünki İsrail üçün də müəyyən geosiyasi-hərbi təhlükələr qalır və həm də bu təhlükələrin neytrallaşdırılması üçün geniş bir geosiyasi məkanda sabitliyin təmininin vacibliyini Təl-Əvivdə yaxşı anlayırlar. Məhz həmin kontekstdə İsrail üçün etibarlı və səmimi tərəfdaşın Azərbaycan-Türkiyə birliyi olması başadüşüləndir.
Onu da vurğulamaq lazımdır ki, İsrail çox mühüm geosiyasi məkanda Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat-logistika və təhlükəsizliyin təmini istiqamətlərində əsas güc mərkəzlərindən biri olacağına şübhə etmir. Çindən başlayan Orta Dəhliz birbaşa TDT-nin ərazisindən keçir.
Beləliklə, Azərbaycan-Türkiyə-İsrail üçtərəfli əməkdaşlıq platformasının işlək olması üçün geniş əsaslar mövcuddur. Hər üç dövlətin bu istiqamətdə fəallıq göstərməsi tezliklə müsbət nəticənin əldə edilməsinə imkan yarada bilər. Deməli, indi nəzəri siyasi-diplomatik təşəbbüsdən praktiki-tətbiqi fəaliyyətə keçməyin zamanıdır.