Kamal Adıgözəlov
Cənubi Qafqaz uğrunda geosiyasi mübarizənin yeni gərginlik səviyyəsinə yüksəldiyi barədə son zamanlar tez-tez fikirlər səsləndirilir. Xüsusilə "humanitar böhran" və Qarabağda separatçı rejimin keçirdiyi qondarma "prezident seçkiləri" ilə bağlı diplomatik hərəkətlilik daha da artıb. Bir sıra nüfuzlu dairələr ermənilərə müxtəlif yollarla haqq qazandırmağa çalışsalar da, Azərbaycanın fəal diplomatiyası bütün cəhdlərin qarşısını ustalıqla alır. O cümlədən Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi, İranın müəyyən cəhdləri, ABŞ və Aİ-nin ikiüzlü mövqeyi kimi halların Azərbaycana zərəri neytrallaşdırılmaqdadır. Bunların fonunda Türkiyə rəhbərliyinin qətiyyətli addımları da Cənubi Qafqazda tarixi ədalətin bərpasına yardım etməkdədir.
İkili standartla səmimiyyət arasında: Cənubi Qafqazda geosiyasi mübarizənin bir sıra özəllikləri
Azərbaycanda kimlərin ikili standartlar siyasəti apardığını və kimlərin səmimi davrandığını yaxşı bilirlər. Öncədən bəlli idi ki, Rusiya və İran kimi (və hətta onlardan da artıq) Qərb də geostrateji maraqlara yanaşmada ikili siyasət yürüdür. Konkret olaraq, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyünü bərpa etməkdə və tarixi ədalətin bərqərar olmasında avropalılar və amerikanlar ikiüzlü mövqe tuturlar. Əlbəttə, Azərbaycan rəhbərliyi bütün bunları çox gözəl bilir!
Ancaq... Siyasətin öz qanunları var. Bu barədə tarix boyu siyasətçilər fikirlər ifadə ediblər. Uinston Çörçill deyirdi ki, "heç zaman təslim olmayın. Hər şeydə – kiçik və böyükdə, vacib və vacib olmayanda öz mövqeyinizdə qalın..." Sonra davam edirdi ki, "əgər güzəştə gedirsinizsə, yalnız şərəf və sağlam düşüncəyə güzəştə gedin"!
Belə çıxır ki, əgər qarşındakının şərəf və ləyaqəti və sağlam düşüncəsi yoxdursa, güzəştə getmək heç olmaz! Azərbaycana qarşı münasibətlərdə uzun illərdir ki, buna bənzər bir situasiya hökm sürür. Özlərini böyük güc və obyektiv vasitəçilər kimi təqdim edənlər, əslində, ikiüzlü mövqeləri ilə ədalətdən çox uzaq olduqlarını nümayiş etdirirlər. Faktlara nəzər salaq. "Demokratik Qərb siyasəti"ndən başlayaq.
Azərbaycan mediasında haqlı olaraq yazırlar ki, Avropa İttifaqı və ABŞ həm uydurma "humanitar böhran" probleminə, həm də Qarabağdakı separatçıların süni "seçki"lərinə münasibətdə "öz ikiüzlülükləri ilə heyrətləndirirlər". Bunu Qərbin "fura böhranı"na reaksiyası, qondarma "seçki"yə münasibəti ilə yanaşı, Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdə keçirdiyi "seçki"yə münasibəti sübut edir. Qərblilər (ABŞ və Aİ) Ağdam-Xankəndi yolu marşrutunu açmaqdan bəhs etməklə yanaşı, Azərbaycanın Laçın yolunu da açmalı "olduğunu" vurğulayırlar. Yəni, kənardan Azərbaycana təzyiq etməyə çalışırlar ki, özünü ermənilərə münasibətdə necə aparmalıdır. Jozep Borrel bu "olmalıdı"dan açıq bəhs edirsə, ABŞ Dövlət Departamenti ermənilərin təhlükəsizliyi və hüququ kontekstində (bu zaman Qarabağın azərbaycanlı əhalisinin təhlükəsizliyi, evlərinə dönmələri və hüququ haqqında kəlmə də kəsmirlər) Laçın yolu ilə Ağdam yolunun eyni zamanda açılmasından danışır. Brüssel daha da irəli gedir. Aİ Qarabağdakı erməniləri "faktiki rəhbərlik" ətrafında sıx birləşməyə çağırır.
Bunların fonunda Qarabağda "seçki oyunu" ilə bağlı susan "sülhpərvər" Şarl Mişel Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindəki "seçki"ni "utancverici" adlandırıb. Nəinki Şarl Mişel, digər Qərb siyasətçiləri də erməni separatçıların seçki hoqqabazlıqlarında heç bir utanc görmədilər! Deməli, ikili yanaşma siyasət davam edir!
Bunlar onu göstərir ki, Qərb Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasında bitərəf mövqedə deyil və pərdəaraxası erməni işğalını dəstəkləyir.
Rusiya daha üstüörtülü davranırdı, lakin bunun da üstü açıldı. Bu, özünün ən biabırçı formasını Mariya Zaxarovanın bədnam "diplomatik demarş" ifadəsində və bir sıra Rusiya rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünü tanımağı könülsüz təqdim etməyə çalışmasında göstərdi. Vladimir Putin belə açıq deyir ki, Azərbaycanın bir neçə rayonunu Ermənistana verməyi nəzərdə tutmuşdular, lakin Ermənistan rəhbərliyi hər şeyi korladı. Yəni, Kreml, faktiki olaraq, İrəvana üz tutur ki, Azərbaycanın ərazi bütövlüyünü siz tanıdınız və biz də susmağa məcbur olduq. Belə görünür ki, Praqa (2022-ci il) və Brüssel (2023-cü il) görüşləri olmasaydı, Rusiya başqa cür davranardı.
Maraqlıdır ki, bunların fonunda Rusiya və Ermənistan arasında diplomatik gərginlik artmaqdadır. Nikol Paşinyan Moskvanın ittihamlarına cavab olaraq Rusiyanın artıq Ermənistanın təhlükəsizliyinin qarantı olmadığını təkrar edir. Kremldən olan hədələrə baxmayaraq, İrəvan qonşuları ilə (əsasən Türkiyə və Azərbaycanla) münasibətləri normallaşdırmağı lazım bildiyini deyir. Bunu "Politico" nəşrinə verdiyi müsahibədə və Ermənistan parlamentində hesabat çıxışında da deyib. Qəribədir ki, bu mövqe ilə razılaşmayanlar Rusiya və İrandır. Həqiqətən də, bir ziddiyyət yaranır: Ermənistanla havadarları arasında Azərbaycanla bağlı fikir ayrılığı dərinləşir.
Burada İranın gedişləri də maraqlı görünür. Tehran, bir tərəfdən, İrəvanı Amerika ilə hərbi əməkdaşlıqda ittiham edir, digər tərəfdən isə, Azərbaycana qarşı yumşalma açıq hiss olunur. Bu isə ikinci bir paradoksdur və gerçək olub-olmayacağı yaxın zamanlarda bilinəcək.
Bakı-Ankara xətti yeni imkanlar açır: suverenlik və əməkdaşlıq aparıcı kurs kimi
Baş verənlərə Türkiyənin münasibəti tamamilə fərqlidir. Ankara açıq ifadə etdi ki, Azərbaycan haqlıdır və onu sona qədər dəstəkləyəcək. Prezident Rəcəb Tayyib Ərdoğan Hindistandan Azərbaycan Prezidentinə zəng edərək vəziyyəti müzakirə etdi və bəyan etdi ki, Ermənistan özünü düzgün aparmır. Türkiyə rəhbəri birbaşa ifadə etdi: indi Qarabağda Ermənistan və havadarlarının atdıqları "addımlar doğru addımlar deyil". Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, Ermənistanın baş naziri ilə danışdı və onlar vurğuladılar ki, "regionda möhkəm sülh və sabitliyin bərqərar olması regionun bütün ölkələrinin inkişafına və rifahına kömək edəcək".
Maraqlıdır ki, məhz bu danışıqdan sonra informasiya yayıldı ki, Qarabağdakı erməni silahlı qüvvələri çıxarılır. Təbii ki, bu informasiyanın doğru və ya yalan olduğunu da zaman göstərəcək. Anlamaq lazımdır ki, Ermənistanın o qədər kənardan təzyiq göstərəni var ki, sabah nə olacağını proqnozlaşdırmaq çətindir. Ancaq birmənalı aydındır ki, böyük güclərdən yalnız Türkiyə Cənubi Qafqazda müsbət geosiyasi rol oynayır.
Baş verənləri rəsmi Bakının qiymətləndirməsi də olduqca vacib məqamdır. Bu kontekstdə xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinq diqqəti çəkir. Həmin tədbirdə xarici diplomatların diqqətinə çatdırılıb ki, 1) "Ermənistanın təxribatları beynəlxalq aktorların səylərini heçə endirir"; 2) "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi ciddi çağırışlarla üzləşir".
Təbii ki, bu tezislər Prezident İlham Əliyevin mövqeyini ifadə etmək üçündür və olduqca mükəmməldir. Çünki onların məzmununda son proseslərə milli maraqlar çərçivəsində münasibət öz əksini tapıb. Onun tərkib hissəsi kimi Ağdam yolundan Rusiya humanitar yardımının keçməsini müsbət qiymətləndirməklə yanaşı, Laçın yolu məsələsinə aidiyyəti olmadığının bəyan edilməsi, Qarabağdakı erməni silahlı dəstələrinin tamamilə çıxarılmasının vazkeçilməz şərt olaraq qaldığının xüsusi qeyd edilməsi və Laçın yolundan yüklərin yalnız Azərbaycanın tam nəzarəti, yoxlanışı və gömrük xidmətinin tam yerinə yetirilməsi şərti ilə mümkün ola biləcəyinin vurğulanması diqqəti cəlb edir.
Siyasi-diplomatik səviyyədə bunlar Azərbaycanın mövqeyinin məzmunu və məqsədini gözəl ifadə edir. Aydın olur ki, Azərbaycan diplomatik üsulla Qarabağda tam hüququnu bərpa etməkdə və Xankəndini nəzarətə götürməkdə qərarlıdır.
Digər tərəfdən, rəsmi Bakının Qarabağda Azərbaycan Konstitusiyasının tələblərinə cavab verən insanlarla heç bir problemi yoxdur və olmayacaq. Ancaq kimliyindən asılı olmayaraq, cinayət törədənlər məhkəmə qarşısında cavab verəcəklər.
Bu baxımdan bütövlükdə Azərbaycan rəhbərliyinin mövcud vəziyyətdə həm ədalətli, həm də inamlı mövqe tutduğunu deyə bilərik. Hansı dövlətin necə addım atmasından asılı olmayaraq, rəsmi Bakı milli dövlətçilik maraqlarından çıxış edərək qarşısına qoyduğu məqsədə addım-addım yaxınlaşır. Bunun əlamətlərindən biri də Fransaya verilən cavabda ifadə olunub. Artıq ermənilər Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla heç bir Qərb dövlətinin başçısına tam əmin deyillər. Məsələ ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi E.Makronun hər bir təxribatçı, ermənipərəst və ədalətsiz addımına dərhal və layiqincə cavab verdi. Məhz buna görədir ki, E.Makron regiona səfərinə qərar verə bilmədi.
Bu kimi reallıqlara görədir ki, N.Paşinyan "Politico"ya verdiyi müsahibədə Ermənistanın təhlükəsizliyinə Qərbin qarant olmasının hələ uzun çəkəcəyini deyib. Buna görə də o hesab edir ki, ilk növbədə, regionda Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq gərəkdir. Konkret desək, belə çıxır ki, Ermənistan rəhbərliyi də anlamağa başlayır ki, havadarlarından ona real kömək yoxdur. Yeganə yol regionda konstruktiv güclərlə əməkdaşlıqdır. Bu güc də Azərbaycan-Türkiyə birliyidir!