Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
IV Yazı
Qırmızı terror. Hərbi hissələrdə təmizləmələr
1936-cı ildən etibarən rusların Fəhlə-Kəndli Qızıl Ordusunun sıralarında həbslər başlandı. 11 iyun 1937-ci il tarixində SSRİ Ali məhkəməsinin iştirakı ilə Xüsusi məhkəmə qarşısına marşal Mixail Tuxaçevski və daha yeddi nəfər (İona Yakir, İorenim Uboreviç, Robert Eydman,Boris Feldman, Avqust Kork,Vitali Rrimakov,Vitovt Putina ) çıxarıldı. İddiaya görə bütün təqsirləndirilən şəxslər antisovet trotskçi hərbi təşkilatın üzvləri olublar və Lev Trotski, onun oğlu Lev Sedov,1937-ci ilin yanvarında məhkum edilmiş Georgi Pyatakov və Leonid Serebryakov, o vaxta qədər həbs olunmuş Nikolay Buxarin və Aleksey Rıkov guya Almaniya Baş qərərgahı ilə əlaqəli olublar. Təşkilatın hədəfi SSRİ-nin Almaniya və Polşa qarşısında məğlubiyyəti vəziyyətində hakimiyyəti ələ keçirmək olub.
Qırmızı Ordunun rəhbər heyətinə qarşı başlanmış “Hərbi-faşist işbirliyində” iştirak etmə ittihamı respublikalardan da yan keçmədi. 16 iyul 1937-ci ildə Mircəfər Bağırov 77-ci azərbaycanlı diviziyasının komandiri general-mayor Qambay Məmməd oğlu Vəzirovun və diviziyanın siyasi şöbəsinin rəhbəri D.A.Əliyevin də üzvü olduğu əksinqilabi təşkilatın “ifşa” olunduğu haqqında məlumat verir. Onlar həm də “millətçi” təşkilatın üzvləri idilər. Diviziya komandiri Qambay Vəzirov 29 iyulda SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunaraq hərbi qiyama cəhddə təqsirləndirilərək 13 oktyabr 1937-ci ildə güllələndi.
Qambay Vəzirov
Qambay Məmməd oğlu Vəzirov (19 avqust 1899, Naxçıvan, İrəvan quberniyası- 13 oktyabr 1937). İlk təhsilini İrəvan gimnaziyasında almışdır.1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920-1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxanlarla savaşmışdır.
Qambay Vəzirov sadiq xidmətlərinə görə 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir.Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir.
1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Qanbay Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının,1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdir.
Qanbay Vəzirov nümunəvi döyüş komandanı kimi,1930-1932-ci illərdə Belorusiya hərbi dairəsi 111-ci atıcı alayının komandanı, eyni zamanda, Jizdra şəhər qarnizonunun rəisi vəzifələrində çalışmışdı. 1937-ci ilin 13 oktyabrında (48 yaşında) terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olmasına dair saxta ittihamlar əsasında həbs edilərək, güllələnmişdir.
Cəmşid Naxçıvanski
Cəmşid Xan Cəfərqulu xan oğlu Naxçıvanski (26 avqust 1895, Naxçıvan-26 avqust 1938). Azərbaycanın məşhur hərbi xadimi,briqada komandiri (5 dekabr 1935). Kəngərli sülaləsinin sonuncu generalı idi. Kəngərlilərin ən tanınmış nümayəndəsi Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli Xan Kəngərli,onun oğulları: Şeyxəli xan Kəngərli və Ehsan Xan Kəngərli, onların da oğul və nəvələri-Kəlbəlixanovlar və Naxçıvanskilər olmuşlar.
Naxçıvanskilər:
Kəlbəli Xan Kəngərli Ehsan Xan Kəngərli(1789-1846) Şeyxəli Xan Kəngərli-Kəlbəlixanov (1880-?) İsmayıl Xan Naxçıvanski(1819-1909) Kəlbəli Xan Naxçıvanski (1824-1883) Hüseyn Xan Naxçıvanski (1858-1919) Cəfərqulu xan Naxçıvanski (1859-1929) Ehsan Xan Naxçıvanski (1855-1894)
9. II Kəlbəli Xan Naxçıvanski (1891-1931)
Davud Xan Naxçıvanski (?-1934) Cəmşid Xan Naxçıvanski (1895-1938)
Cəmşid Naxçıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində süvari generalı Hüseyn Xan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərqulu Xan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan türkcəsində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənmişdi. Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis Kadet hərbi məktəbinə daxil olmuş və 1911-ci ildə həmin məktəbi uğurla bitirmişdir.
1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya hərbi məktəbini bitirmişdir.Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandanı olmuş,”Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmişdir.Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan Cəmşid Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.Cəmşid Xan Naxçıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülmüşdür. Cəmşid Naxçıvanski hərbi şücaətlərinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır.
Cənub-Qərb cəbhəsi dağıldıqdan sonra ştabs-rotmistr Cəmşid Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmışdır.
1918-ci il 15 sentyabrda Osmanlı İmperatorluğunun Qafqaz İslam Ordusu və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını, rus, erməni və ingilislərdən azad etmişdi. Çəmşid Xan Naxçıvanski savaşa aktiv qatılmışdı.Azərbaycanın istiqlalı uğrunda Cəmşid Naxçıvanski inamla savaşmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə I süvari tatar alayı komandiri podpolkovnik Cəmşid Naxçıvanski əlavə olaraq II Qarabağ süvari alayının komandiri təyin edilmişdir. Hər iki süvari alayına Bakını tərk etmək əmr olunmuşdur.
1920-ci ilin martında Qarabağda (Şuşada) yerləşən alaylar erməni ordusuna və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti rus ordusu tərəfindən işğal olunduqdan sonra Cəmşid Xan Naxçıvanskinin süvari alayı rusların tərəfinə keçmişdir.Nəriman Nərimanov Şuşada yerləşən Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərmişdi. Aldadılaraq Çəmşid Naxçıvanski süvari alayı ilə birgə Qarabağdan çıxarılmış və onun süvari alayı dərhal ləğv edilmişdir. Qarabağda rusların erməni muxtar vilayəti yaratmaq planlarının qarşısında əngəl qalmamışdı.Cəmşid Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi,1921-ci ilin dekabrında isə Azərbaycan ərazisində yaradılan ilk milli qırmızı atıcı diviziyasının komandiri təyin edilmiş, yüksək ixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynamışdır.
Cəmşid Naxçıvanski 1923 və 1929-cu illərdə general Əliağa Şəxlinskinin təşəbbüsü ilə Azərbaycan türkcəsində nəşr olunan “Hərbi Bilik” jurnalının redaktorlarından biri idi. 1931-ci ildə Cəmşid Naxçıvanskinin həbs olunması haqqında 273 saylı order verilmiş və həmin orderin surəti hazırda Naxçıvan şəhərində yerləşən “Xan sarayı” muzeyindədir. Cəmşid Naxçıvanski Moskvaya M.V. Frunze adına Ali Hərbi Siyasi Akademiyaya oxumağa göndərilmiş,1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılmış, 3 il Ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakültənin kurs rəisi olmuşdur. O,1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunmuşdur.
XX əsrin 30-cu illərin ortalarında Cəmşid Naxçıvanski guya başçılıq etdiyi “casus təxribat dəstəsi” ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbəli xanla (Azərbaycan 1920-ci il 27 apreldə təkrar işğal olunduqdan sonra onlar rəsmi icazə alıb İrana getmiş,qısa müddətdə Şah qvardiyasında yüksək rütbələrə çatmışlar. SSRİ hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran Pəhləvi (Palani) şahına təzyiqlər etmiş, notalar vermişdir. Nəticədə, Rza şah Kəlbəli xanı Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırmışdı.Cəmşid Naxçıvanskinin Sovet ordusunda briqada komandiri olmasını,ata-babalarının isə rus ordusunun tərkibində Qacar ordusuna qarşı savaşmasını bilən Rza şah (1925-1941) onları güllələtmişdir) sıx əlaqə saxlamaqla təqsirləndirilərək repressiyaya məruz qalmışdır.
20 may 1938-ci ildə antisovet təşkilatın içində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edildi. 26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasil Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edildi. O, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edildi və hökm dərhal icra edilməli idi. Elə həmin gün Cəmşid Naxçıvanski güllələndi.
Azərbaycan diviziyasının briqada komandiri Cəmşid Naxçıvanski, Həsən Rəhmanov briqada komissarı Cabbar Əliyev kimi hərbçilər də repressiya qurbanı oldular. Diviziya komandiri vəzifəsini müvəqqəti icra etmək üçün təyin olunmuş polkovnik A.Abbasov və diviziyanın hərbi komissarı A.Dadaşov 7 avqustda Zaqafqaziya hərbi dairəsinin komandiri N.V.Kuybışova bir sıra ordu zabitlərinin vəzifədən azad edilməsi barədə məruzə etdilər. Sonrakı günlər ərzində A.Dadaşov bir sıra şəxslərin də vəzifələrindən azad olunmaları barədə məlumat verir ancaq 11 avqust teleqramında o A.M.Abbasovun həbsi haqqında məlumat verərək yazır:
Diviziya komandiri vəzifəsini müvəqqəti icra edən Abbasov həbs olundu.Sizin əmrinizə əsasən komandan vəzifəsini müvəqqəti icra etmək üçün Zyuvanovu, diviziya qərargah rəisi vəzifəsini müvəqqəti icra etmək üçün isə Tumanyanı təyin etdim.
Polkovnik A. Abbasovu əksinqilabi fəaliyyətdən ittiham etdilər.1938-ci ilin aprelində XDİK-in xüsusi iclası onu 8 il islah-əmək düşərgəsinə məhkum etdi, lakin 1941-ci ilin sentyabrında SSRİ XDİK Ali Hərbi Tribunalı ona RSFSR Cinayət Məcəlləsinin 58-2,58-8,58-10,58-11 maddələrinə əsasən ölüm hökmü verdi. 77-ci diviziyada olan həbslər haqqında 1937-ci ilin payızına qədər teleqramlar daxil olmağa davam edirdi.
Qırmızı orduda repressiyaların olması zabitləri və siyasi işçiləri qorxuya salmışdı bu isə öz növbəsində yeni donosların yazılmasına və həbslərə səbəb oldu. Repressiyalara məruz qalmış zabitlərin yerinə cavan kadrlar gəlirdi onların isə ixtisaslaşmaları və təcrübələri ən azından böyük hərbi birləşmələri idarə etməyə çatmırdı.Azərbaycan milli diviziyasına idarəetmə təcrübəsi olmayan mayor komandir təyin edildi.
Qurbanların sayı
Azərbaycanda Böyük Terrorun qurbanı olanların sayı haqqında dəqiq məlumat yoxdur. Polşalı tarixçi Tadeuş Svetoxovskiyə görə Mircəfər Bağırov tərəfindən aparılan təmizləmələrdə 70 min Azərbaycan türkü həyatını itirib. Digər hesablamalara görə 1937-1938-ci illərdə olan kütləvi əsasən ziyalı soyqırımlarında 80-100 min arası Azərbaycan türkü öz həyatını itirib. A.O. Uralova görə isə 1937-1938-ci ildə Azərbaycandakı repressiya nəticəsində öldürülən insanların sayı 120 mindir. A.Yunusov Böyük Terror dövründə Azərbaycanda 120 min insanın repressiya nəticəsində dünyasını dəyişdiyini və xüsusi ilə qeyd edir ki, 3.2 milyon (1939-cu il siyahıya alınması) əhali üçün 120 min böyük rəqəmdir. Mircəfər Bağırovun hakimiyyəti dövründə 140 min Azərbaycan türkünün Ermənistandan köçürülməsi baş vermişdi.Sürgün yeri olaraq əvvəlcə Sibir düşünülmüşdürsə də, sonra Stalinin Azərbaycanda olan cəlladı və qaniçəni Bağırovun hansı səbəbdənsə, insani hissləri güclü gəlmiş və köçürülən əhali Azərbaycan ərazisində yerləşdirilmişdir.
Ardı var.