AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
I yazı
XIX əsrin ortalarından başlayaraq İslam-Şərq mədəniyyətinin əsas təməl prinsiplərində radikal, köklü dəyişikliklər etmək istəyənlər arasında Azərbaycan Türk mütəfəkkirlərindən biri də Tahirə (Zərintac) Qürrətül-Eyn (1817-1852) olmuşdur. İslam-Şərq mədəniyyətində, İslam fəlsəfəsində əsaslı şəkildə islahatların aparılmasını irəli sürən, şeyxiliyin dini-islahatçı radikal davamı kimi meydana çıxan Babilik hərəkatının tanınmış siması Qürrətul-Eyn Azərbaycanın Qəzvin şəhərində milliyyətcə türk Molla Məhəmməd Saleh Baraqaninin ailəsində dünyaya gəlmişdir. Tahirə Qürrətul-Eyn uşaqlıqdan doğma Türk dili (Azərbaycan) ilə yanaşı, ərəb və fars dillərini də öyrənmiş, eyni zamanda dini və dünyəvi elmlərlə də tanış olmağa başlamışdır.
T.Z.Qürrətül-Eyn şeyxiliyin Şeyx Əhməd Əhsaidən sonrakı varisi Seyid Kazım Rəşti ilə görüşmək üçün 1843-cü ildə Kərbəlaya səfər etmişdir. Rəştinin ölümü səbəbi ilə onunla görüşə bilməyən Tahirə xanım 1844-cü ildə Seyid Əli Məhəmməd Şirazinin özünü bab elan etməsiylə onlara qoşulmuşdu. Bir müddət Kərbəlada yaşayan T.Z.Qürrətül-Eyn daha sonra Bağdada getmişdir. Babilik görüşlərinə görə Bağdadda da çox qala bilməyən Tahirə xanım Qəzvinə geri dönmüşdür.
1848-ci ildə Qacarlarda baş qaldıran Babilik üsyanının Qəzvində fəal nümayəndəsi olan T.Z.Qürrətül-Eyn bir müddət ev dustaqlığında yaşamışdır.
Daha sonra Tehranda qısa müddət yaşayan Tahirə buradan da Xorasana gedərkən babilərin 1848-ci ildə Şahruda gerçəkləşdirdiyi Bədəşt konfransında da iştirak etmişdir.
1850-ci ildə babilərin başçısı Seyid Məhəmməd Təbrizdə edam olunmuş, Qürrətül-Eyn isə həbsxanaya salınmışdır.
O, 1852-ci il sentyabrın 15-də Tehranda edam olunmuşdur.
Nitqdə, şeir və nəsrdə az bir zamanda tanınan Qürrətul-Eyn həmin dövrdə üsulilər və şeyxilər arasında gedən mübarizəni dərindən izləmiş, onlardan könüllü olaraq şeyxiliyi qəbul etmişdir. K.Əliyeva yazır: “O, özbaşına iki məşhur alimin - Şeyx Əhməd Əhsainin və Seyid Kazım Rəştinin kitablarını mütaliə edərək öyrənir. Şeyx Əhsaninin təlimləri ənənəvi, ortodoks İslam anlayışlarının əleyhinə idi. Zərrintac onun təlimlərini Quranın daxili prinsipləri ilə müqayisə edir və görür ki, onların arasında ziddiyyət yoxdur. Şeyxin inanclarından biri qiyamət haqqında idi. O öyrədirdi ki, qiyamət günü bədən dirilib qalxmayacaq, əksinə, çürüyəcək, ruh isə Allahın hüzurunda sakin olacaq. Bu, Zərrintacın ailəsi başda olmaqla, o dövrün islam nəzəriyyəçilərinin fikirləri ilə daban-dabana ziddiyyət təşkil edirdi”.[1]
Doğrudan da, Tahirənin ailəsi şeyxiliyin əleyhdarı olub mühafizəkar şiə imamiliyinə sadiq idilər. Onun atası Molla Saleh qızının şeyxiliyə meyil etməsinə qarşı olmuşdur. [2] Artıq həmin dövrdə şeyxilərlə şiə imamiliyi bir-birindən xeyli dərəcədə uzaqlaşmışdır. Məsələn, Babiliyin ilkin əsaslarını irəli sürmüş şeyxilər, o cümlədən Əhsai və Rəşti öz müridləri ilə Kərbəla şəhərində İmam Hüseynin qəbrini ziyarət edərkən daim ayaq tərəfdə durub, nurlanmış qəbrin digər tərəflərinə qədəm basmaz və müqəddəs məqama ehtiramlarının bu şəkildə büruzə verərdilər: “Amma qalan camaat ziyarət vaxtı qəbrin ətrafına fırlanar, hətta mübarək məzarın baş tərəfinə də keçib ziyarət duası oxuyardılar. Şeyxilər bu əqidədə idilər ki, Tanrı dərgahına yaxın olanlar həmişə diridirlər və iman əhlinə ölüm yoxdur. Onlar İmam - əleyhissalamı daim canlı bilirdilər və buna görə də deyirdilər ki, iman əhlinə yol göstərən canlı imamın hüzurunda ehtiramı gözləməmək insana yaraşmaz. Bu səbəbdən də ziyarət vaxtı imamın başı üstə duran şiələrə “balasəri” (baş tərəfdə dayananlar) adını vermişdilər”. [3]
Beləliklə, dini-mistik şiə məktəblərindən şeyxiliyin qızğın müdafiəçisinə çevrilən Qürrətül-Eyn şeyxiliyin Şeyx Əhməd Əhsaidən sonrakı varisi Seyid Kazım Rəştinin etimadını qazanmış, bir çoxlarına görə, bu ləqəb də Tahirəyə onun tərəfindən verilmişdir.[4] K.Əliyeva yazır: “Kazım Rəşti Əhsai ilə birgə şeyxilik məktəbinin banisi idi. Şeyxilik şiə islamından törəmiş və XIX əsrin ortalarında yaranmış bir teoloji məktəb idi ki, Babiliyin nəzəri əsaslarını təşkil edirdi. Zərrintac Şeyxi ehkamları barədə yazdığı analitik traktatı öz ustadı hesab etdiyi Rəştiyə göndərir. Gənc alimin – qadının istedadından təsirlənən, dövrünün işıqlı alimi Seyid Kazım Rəşti cavabında onu “Qürrətül-Eyn” adlandırır”.[5]
Qeyd edək ki, mürşidini görmək üçün Kərbəlaya gedən Qürrətül-Eyn bu şəhərə çatmamış Seyid Kazım Rəşti ölmüşdür (1843). N.Zərəndi yazır: “Həzrət Tahirə orada (Kərbəlada) qalıb gözləməyə başladı ki, görsün Seyid Kazımın Zühur Çağının yaxınlaşmasından bəhs etdiyi vəd olunmuş şəxsin sədası haradan ucalacaq”. [6]Rəştinin ölümündən az sonra (1844-cü il) şeyxilərin bir qismi Hacı Kərim xanın (kərimxanilik) ətrafında birləşdiyi halda, Babi-imamın ortaya çıxdığına əmin olan şeyxilərin çoxu Seyid Əli Məhəmməd Şirazinin özünü bab elan etməsiylə ona (babiliyə) qoşuldular. Qürrətül-Eyn də Baba iman gətirərək Rəşt, Kərbəla və Bağdadda Babiliyi təbliğ etmişdi.
Əbdülbəha Abbas Əfəndi öz xatirələrində Tahirənin Babiliyi qəbul etməsi haqqında yazır ki, o, Kərbəlada olarkən hamı kimi Babın zühur etməsini gözləyirmiş: “Bir gecə səhərə yaxın o başını yastığa qoydu, dünyadan bixəbər oldu və və yuxu gördü; yuxuda gənc bir Seyyid, qara əbada, yaşıl türbanda göydən ona nazil oldu. O (Seyid) havada asılmışdı, ayələr oxuyur qnutda dualar edirdi. Birdən o (Tahirə), həmin ayələrdən birini əzbərlədi, ayılanda onu öz dəftərində yazdı. Həzrət Bab özünü elan edən və onun birinci kitabı olan “Əhsənül-Qisas” yayılandan sonra, bir gün Tahirə onun bir bölməsini oxuyanda yuxuda yazdığı həmin ayəyə rast gəldi. Dərhal şükranlıq edərək, o diz çökdü və səcdəyə getdi, inandı ki, Həzrət Babın müjdəsi həqiqətdir”. [7]
Babiliklə bağlı burada incə bir məqam var ki, ata və ana tərəfdən peyğəmbər nəslindın sayılan,[8] Şirazda anadan olan Seyid Əli Məhəmməd Şirazinin (1819-1850) əsil məqsədinin Qacarlar hakimiyyətinin devirilməsi, yoxsa imamiyyə-şiəliyə qarşı olması ilə bağlı müxtəlif mülahizələr vardır. Bildiyimiz kimi, hazırda da Qacarların daxili dini-fəlsəfi, sosial-siyasi problemlərinin nəticəsi olaraq Babiliyin yarandığını iddia edənlərlə yanaşı, onun xaricdən ixrac edildiyini də iddia edənlər vardır. Şübhəsiz, burada hər iki amilin əsas rol oynamasını qeyd etməklə yanaşı, ancaq daha çox mühafizəkarlığa, xurafata, mövhumata, ədalətsizliyə, eyni zamanda Qacarlar hakimiyyətinə qarşı yönəlməsi də dəqiqdir. Bu anlamda şeyxiliyin babiliyə çevrilməsi, yəni babi-imamın meydana çıxması əslində, hakimiyyətə qarşı ən real mübarizə üsulu idi. Mirzə Kazım bəy hələ, 1865-ci ildə nəşr olunan “Bab və babilər” əsərində yazırdı ki, babilər hərəkatı əsarətdə olan həqiqətin istibdad əleyhinə mübarizəsinin nəticəsi idi: “Bab onun ölkəsində xalqın inandığı dinin boş, mənasız şeylərlə dolu olduğunu başa düşürdü. Bab elə ciddi həyat tərzi təbliğ edirdi ki, burada qanunun hərfi deyil, mənəvi tələbləri həyata keçirilir... Bab həmişə nəfs və ibadət, məhəbbət və əxlaq haqqında danışırdı”.[9] Bir sözlə, çarizmin ideologiyasının təsiri altında olan Mirzə Kazım bəy Babilik hərəkatını siyasi hərəkat kimi dəyərləndirir, onların ruhani və dövlət hakimiyyətinə qarşı haqlı mübarizə apardığına inanırdı.[10]
Seyid Əli Məhəmməd Şirazinin əsil niyyətinin nədən ibarət olmasını söyləmək çətin olsa da, ola bilsin ki, o, bu ad altında, digərlərinin iddia etdiyi kimi, Qacarları devirmək və bir fars sülaləsini hakimiyyətə gətirmək niyyəti güdmüşdür. Hər halda onunla bağlı bəzi iddialar var ki, tamamilə əsassız da hesab etmək olmaz. Əgər nəzərə alsaq ki, onun “Bəyan” kitabının mahiyyəti daha çox zərdüştlüklə, İncillə səsləşir, bu şübhələr daha da artır. Belə ki, “Bəyan” kitabında bir kişinin qardaşı qızı və ya bacısı qızıyla evlənə bilməsi dəqiq göstərildiyi halda, anası və bacısıyla “evlənib” ya da evlənə bilməməsi açıq buraxılmışdır. Eyni zamanda “Bəyan”da bütün yeyiləcək şeylər halal sayılmış, əgər evli bir kişi zina edərsə, onun qadınının da zina etmsi məqbul hesab edilmişdir.[11]
[1] Əliyeva Kəmalə. Tahirə Qürrətül-Eyn – 200. Bakı, “Türküstan” qəzeti, №56 (519), 13-19 mart 2018-ci il, s.15
[2] Tahirə tarixdə. Şərq və Qərb tədqiqatçıları Qürrətül-Eyn haqqında. Bakı, “Elm və təhsil”, 2016, s.12
[3] Zərəndi Nəbil. Dan yerinin şəfəqləri. Bakı, 2001, 62
[4] Gəncalp Güntay. Babilik və Tahirə Qurretuleyn. Bakı, 2013, s.108-109
[5] Əliyeva Kəmalə. Tahirə Qürrətül-Eyn – 200. Bakı, “Türküstan” qəzeti, №56 (519), 13-19 mart 2018-ci il, s.15