Kamal Adıgözəlov
Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı ekspertlərin narahatlığı azalmır. Ermənistan və havadarlarının təxribatları ara vermir. Rəsmi İrəvanın niyə bu qədər aqressivlik nümayiş etdirdiyi üzərində düşünən ekspertlər onun konkret səbəblərini də göstərməyə çalışırlar. Məlum olur ki, ermənilərin əsas qorxusu regionda Azərbaycan-Türkiyə birliyinin həlledici geosiyasi qüvvəyə çevrilməsi ilə bağlıdır. Ermənistanda hesab edirlər ki, bu, gələcəkdə erməni dövlətinin mövcud olub-olmaması məsələsini aktuallaşdıra bilər. Əslində, ermənilərin qorxusunun kökündə onların özlərinin şovinist və radikal milliyyətçi düşüncələri dayanır. Onlar anlayırlar ki, indiyə qədər o dərəcədə yanlış işlər görüblər ki, nə zamansa bədəlini ödəyəcəklər. Ancaq onu da anlamaları lazımdır ki, Türkiyə ilə Azərbaycan ədalətli qaydada regionda hər bir dövlətlə əməkdaşlıq etməyə hazırdırlar. Deməli, ilk növbədə, ermənilər özlərinin xəstə psixikalarından qorxmalıdırlar. Bütün bunların fonunda böyük güclərin Cənubi Qafqaz siyasəti və regionun gələcəyi üzərində geniş dayanmağa ehtiyac görürük.
Ermənistanın təşvişi: məntiqsiz və pozucu addımlar fonunda
Ekspertlərə görə, Ermənistanın son zamanlar xarici siyasətdə xeyli çılğın davranması konkret faktorlardan qaynaqlanır. Rəsmi İrəvan Cənubi Qafqazda yeni geosiyasi şərtləri Türkiyə-Azərbaycan birliyinin müəyyən etməsinə təzadlı reaksiya verir. Bir tərəfdən, Qərbdəki dostlarını fəallaşdırmağa çalışır, digər tərəfdən, Rusiyadan istifadə etməyə cəhd edir, bir başqa halda isə, Hindistandan silahlanmaq üçün yararlanmaq fikrinə düşür. Bunların fonunda Ermənistan rəhbərliyinin Türkiyəyə tərəf müəyyən reveransları da özünü göstərir.
Ermənistanın bu geosiyasi vəziyyəti regionda özünəməxsus situasiya formalaşdırır. Bir sıra böyük dövlətlər hesab edirlər ki, Cənubi Qafqazda geosiyasi dinamikanı öz xeyirlərinə yeniləşdirə bilərlər. Onlardan bəziləri isə Azərbaycan-Türkiyə birliyinin təsirinin artmasına əngəl olmaq fikrinə düşürlər. Rəsmi İrəvan isə bu iki tendensiyanın hansından daha çox yararlanmağın faydalı ola biləcəyini müəyyənləşdirməyə çalışır.
Cənubi Qafqazda müşahidə edilən geosiyasi proseslərə nəzər salsaq, vurğuladığımız əlamətləri görə bilərik. Burada ən çox fərqlənən Fransa və Rusiyadır.
Fransanın canfəşanlığı aydın hiss olunur. Ekspertlər əmindirlər ki, Paris Cənubi Qafqaza can atır və bu regionda yerləşmək, bölgənin gələcək taleyini müəyyən etmək iddiasındadır. Mümkündür ki, Cənubi Qafqazın gələcək inkişaf perspektivləri Fransaya cəlbedici görünür. Regionun geosiyasi, geostrateji və geoiqtisadi layihələrlə bağlı potensialı bu ölkənin rəhbərliyini şirnikləndirir. Bəlkə elə buna görədir ki, Paris vurnuxur, Cənubi Qafqaza can atan digər rəqiblərini önləməyə çalışır.
Bu dalğa üzərində əksər hallarda ciddi səhvlərə yol verir, sadəlövh, bəzən primitiv davranır. Bu sırada Fransanın nümayişkaranə Laçın yoluna "humanitar yardım" daşıyan yük maşınları göndərməsi və bu zaman rəsmi Bakının icazəsini almaması yersiz addım kimi görünür. Fransa kimi qos-qoca bir Avropa dövləti özünü beynəlxalq hüquqa tam laqeyd və yetişməmiş ölkə kimi aparır. Görünür, Fransada anlamırlar ki, müasir dünyada hüquqi dövlətlərlə münasibətlər yalnız beynəlxalq hüquq normaları çərçivəsində qurula bilər. Yəni, bu halda Fransa nəinki rəsmi İrəvanın həyasız və kobud səhvini təkrarlamalı idi, əksinə, ermənilərə anlatmalı idi ki, hüquq daxilində hərəkət etmək lazımdır. Azərbaycan müstəqil dövlətdir və bu fakt nəzərə alınmalıdır.
İndi Fransa regiona hər hansı ciddi təsir etmək şansını itirib. Təbii ki, humanitar yardımlar Laçından keçə bilməyəcək. Yardımlar ancaq rəsmi Bakının icazəsi ilə və təklif etdiyi yolla Azərbaycanın Qarabağ bölgəsinə çatdıra bilər.
Bundan başqa, Fransa Qarabağdakı separatçıların yavaş-yavaş aradan çıxdıqlarını göz önünə almalıdır. Çünki aydın olur ki, erməni separatizmi getdikcə daha böyük sürətlə Azərbaycanın müstəqilliyi və Konstitusiyası qarşısında diz çökür. Bunu onların bir-birinin ardınca istefa vermələri göstərir. Eyni zamanda, faktiki olaraq, heç bir böyük güc erməni separatizmini dəstəkləyə bilmir. Belə bir şəraitdə Fransanın paytaxtı və başqa bir böyük şəhərinin merlərinin yük maşınında Laçına tərəf gəlmələri yüngüllükdən və səmərəsiz populist addımdan başqa bir şey deyildir. Daha geniş miqyasda götürüldükdə isə, Fransa böyük dövlət kimi ciddi surətdə Cənubi Qafqazın yeni geosiyasi arxitekturasında iştirak edə bilməz!
Qeyd edilənləri ümumiləşdirərək, bütövlükdə, Qərbin qeyri-adekvat addımlar atmaqda davam etdiyini demək olar. Burada yalnız ABŞ müəyyən dərəcədə ehtiyatlılığı ilə seçilir.
Regionun yeni geosiyasi "rəsmi": Ankara-Bakı birliyi əsas qüvvə kimi
Vaşinqton, bir tərəfdən, Azərbaycan və Ermənistanı daha cəsarətli olmağa dəvət edir, digər tərəfdən isə, Ankaranın regional siyasətini müsbət qiymətləndirdiyini ifadə edir. O cümlədən "taxıl anlaşması" məsələsində Türkiyənin təşəbbüslərinə yüksək qiymət verir. Məlumdur ki, Rusiya-Ukrayna münasibətləri ilə Cənubi Qafqazda sabitlik arasında Qərb ekspertləri ciddi əlaqələr görürlər. Təsadüfi deyildir ki, Türkiyə XİN-in rəhbəri Hakan Fidan Moskvada rusiyalı həmkarı ilə "taxıl dəhlizi" ilə bağlı görüşdə Cənubi Qafqazda geosiyasi normallaşma məsələsini də müzakirə edib.
Müzakirələrdən sonra Sergey Lavrov xüsusi vurğulayıb ki, Türkiyənin Cənubi Qafqazda rolu çox konstruktivdir və bunu inkişaf etdirmək olar. S.Lavrov açıq deyib: "Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, eləcə də 2022-ci ilin noyabrından başlayaraq Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında, o cümlədən kommunikasiyaların açılması və böhrandan sonrakı bərpa üzrə əldə olunmuş bütün razılaşmaların reallaşdırılmasında maraqlıdır. Biz əminik ki, Türkiyə bu səylərdə konstruktiv və faydalı rol oynaya bilər".
Belə çıxır ki, Moskva Ankaranın Cənubi Qafqazda geosiyasi təsirinin artmasına pis baxmır, onu reallıq kimi qəbul edir. Eyni zamanda, Kreml İrəvanı xəbərdar edir ki, Qərbə tərəf addım atmaqdan çəkinsin. Son olaraq Ermənistan parlamentinin Roma Statutu ilə bağlı müzakirələr aparmaq niyyətini ifadə etməsi Moskvanı qəzəbləndirib. Çünki bu o deməkdir ki, Ermənistan Vladimir Putini, İrəvana gəlsə, həbs edə bilər.
Bu, əlbəttə, absurddur. Ancaq Ermənistan rəhbərliyinin bu addımı, eləcə də ermənilərin Kəlbəcər istiqamətində son təxribatları təsadüfi görünmür. Ekspertlər hesab edirlər ki, bununla rəsmi İrəvan konkret geosiyasi məqsəd güdür. O, çalışır ki, Qərb dövlətlərinin regiona təsiri artsın. Ona görə də regiona Kanadanın atlı polis konvoyu gəlir, Fransa "humanitar yardım" eşqinə düşür, ABŞ ehtiyatlı olmağa çağırır. Və bütün bunların fonunda Kəlbəcər istiqamətində təxribatların arxasında Rusiyanın dayandığı haqqında informasiyalar yayılır. Açıq görünür ki, Qərbin müsbət, Rusiyanın isə mənfi vasitəçi obrazının yaradılmasına çalışılır.
Əlbəttə, bunları Kreml də görür və İrəvanı "diplomatik qamçılayır"! Bunlardan nə Rusiya, nə ABŞ, nə də Avropanın Cənubi Qafqazın gələcək geosiyasi taleyində həlledici mövqe nümayiş etdirmək şansına sahib olmadığı nəticəsini çıxara bilərik.
Bütün bunların fonunda ekspertlərin gəldikləri iki qənaət maraq doğurur. Birinci qənaət uğursuzluğa görə Kremlin Ermənistanı günahlandırması ilə bağlıdır. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Laçın yolundakı mövcud vəziyyət Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınmasının nəticəsidir. Bu tanınma 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında iki ölkə liderlərinin iştirakı ilə keçirilmiş sammitlərin yekunlarına əsasən qeydə alınıb.
Deməli, Rusiya Ermənistanı Qərbin patronajlığı ilə Azərbaycanla danışıqlar aparmaqda və bunun nəticəsi olaraq Qarabağ məsələsində dalbadal məğlubiyyətə uğramaqda ittiham edir. Siyasi və geosiyasi aspektdə bu, ciddi ittihamdır. Həm də ona görə ki, Kreml həmin ittihamların fonunda erməni siyasi şüuruna daha bir öldürücü zərbə vurur: Türkiyə gəlir! Və erməni rəhbərliyinin günahı ucbatından gəlir! Kremlin bununla barışmaqdan başqa çıxış yolu qalmır.
Deməli, Ermənistan, faktiki olaraq, yenə də geosiyasi dalana dirənmiş vəziyyətdədir: nə Rusiya yardımçı ola bilir, nə də Qərb təsirli addım atmaq iqtidarındadır. Bunun nəticəsi nə ola bilər? Buradan ekspertlər ikinci qənaətə gəlirlər: "İrəvan Bakı ilə Ankaranın ovcuna düşür"! Və konkret olaraq, "Paşinyan Əliyevlə Ərdoğana möhtac durumdadır"!
Bunlar Türkiyə rəhbərliyinin Azərbaycanı dəstəkləməklə bağlı verdiyi bəyanatların fonunda özünü göstərir. Belə çıxır ki, Azərbaycanla Türkiyə təmkinli şəkildə real siyasət yeridərək Cənubi Qafqazı sabitlikdən çıxmağa qoymurlar. Həm də Azərbaycan döyüş meydanında ermənilərin cavabını verir, onlara yerini göstərir.
Ermənilər və onların havadarları boş söz danışırlar, Bakı ilə Ankara isə təsirli və real addımlar atırlar. Bunun bariz nümunələrindən biri rəsmi Bakının "yol diplomatiyası"nda Ermənistanı və havadarlarını məğlub etməsidir. İndi ekspertlər Laçın-Xankəndi yolundan çox, Ağdam-Xankəndi yolundan bəhs edirlər. Hətta Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel belə Ağdam-Xankəndi yolunun perspektivindən danışır!
Beləliklə, Cənubi Qafqazın yeni geosiyasi "rəsmi" çəkilir. Onu Azərbaycanla Türkiyə edirlər. Əks tərəfdə olanlar isə hələ də vurnuxurlar. Onların addımları məntiqsiz və reallıqdan uzaqdır.