Azərbaycan Prezidentinin "Yol diplomatiyası": Rəsmi İrəvan geosiyasi dalanda


Kamal Adıgözəlov

Böyük dövlətlərin Cənubi Qafqazda fəallaşması bir sıra hallarda müəyyən suallar doğurur. Xüsusilə "humanitar yardım"la bağlı aparılan kampaniyalar gülünc addım təsiri bağışlayır. Rəsmi İrəvan vəziyyəti o dərəcədə mürəkkəbləşdirib ki, Nikol Paşinyan görüşlərdə dediklərini bəyanatlarında təkzib edir. Bir sıra erməni diplomatlar isə rəsmi İrəvanın Qarabağla bağlı mövqeyini dəyişməsini tələb edirlər. Onlar N.Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan imtina etməsini lazım bilirlər. Lakin bu addımın, bütövlükdə, Ermənistan üçün böyük faciə olacağını anlamaq zəruridir. Bütün bunların fonunda ekspertlərin obrazlı olaraq "yol müharibəsi" adlandırdıqları diplomatik proseslərdə Azərbaycanın tam üstünlüyü özünü göstərir.

Yol mövzusunun siyasi spekulyasiyası: rəsmi İrəvan geosiyasi dalanda

Təəccüblüsü və qəribəsi Ermənistan rəhbərliyinin geridə qalmış fəlsəfəyə əsaslanan primitiv siyasət yeritməsi deyildir. Çünki bir çox erməni tarixçi və siyasətçilərinin də etiraf etdiyi kimi, Ermənistan müstəqil dövlət kimi formalaşa bilməyib. Belə kvazidövlətin hansısa peşəkar və qabaqlayıcı xarici siyasət yeridə bilməsinə ümid bəsləməyin özü də sadəlövhlükdür. Bu səbəbdən Nikol Paşinyanın, məsələn, İtaliyanın "la Repubblica" qəzetinə verdiyi müsahibədə baş-ayaq danışması və hətta ən yaxın müttəfiqini belə qiymətsizləşdirməsi başadüşüləndir.

Ancaq Ermənistana havadarlıq edən böyük dövlətlərin siyasi şüurunda hansı kataklizmlər baş verir, müəmmalı olanı budur! Məsələ ondan ibarətdir ki, Ermənistanla yanaşı, görünür, həmin böyük dövlətlərin siyasiləri də İlham Əliyevin 44 günlük Zəfər müharibəsindən sonra barış, sülh və əməkdaşlıq əlini Ermənistana uzatmasını tam mənası ilə anlaya bilməyiblər. Belə olsaydı, indi ekspertlər obrazlı surətdə "diplomatik yol müharibəsi"ndən bəhs etməzdilər. Özlüyündə bu ifadə də Azərbaycan rəhbərliyinin çox uğurlu siyasət yeritməsindən təbii olaraq irəli gələn mənanı əks etdirir.

Açıklama yok.

Onun konkret məzmunu ondan ibarətdir ki, Azərbaycan təkbaşına bir neçə böyük dövlətin başladığı "yol müharibəsi"nin hərbi toqquşmalara keçməsinə imkan verməyərək, prosesi diplomatiya çərçivəsində öz xeyrinə yekunlaşdırmaqdadır. Dərindən düşünəndə bu, Azərbaycanın postmüharibə mərhələsində ciddi qələbəsi, bununla da, faktiki olaraq, ikinci mərhələni qalib kimi başa vurması əlamətidir.

Bu tezisin üzərində bir qədər geniş dayanaq. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan dövlətinin Qarabağa humanitar yardımla bağlı mövqeyini xarici diplomatlara və KİV nümayəndələrinə çatdırıb. Hikmət Hacıyev deyib: "Ermənistan və qondarma kriminal rejim yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər" və "Ermənilərin niyyəti məsələlərin sülh yolu ilə həll edilməsi olsaydı, Yevlax görüşünə gələrdilər".

Deməli, Ermənistan və havadarları "humanitar yardım" terminini hüquqi kontekstdən çıxararaq, siyasi spekulyasiya mövzusuna çeviriblər. Bu isə ermənilərin havadarlarının atdıqları addımların hüquqiliyi və arqumentliyinə inamlarının olmaması deməkdir. Onun təsdiqlərindən biri ermənilərin Yevlax görüşünə gəlməməsidir. Tamamilə doğrudur! "Könlü balıq istəyən ayağını suya salar!" Ermənilər yardım istəyirlərsə, Yevlağa yox, lap Aya getməyə hazır olarlar. Deməli, əsas məqsəd humanitar yardım deyildir. Zatən Xankəndidəki ermənilərin humanitar yardıma ehtiyacları yoxdur! Onların ağıla, reallığı anlamağa və az da olsa tarixi bilmələrinə ehtiyac vardır! Ancaq, təəssüf ki, məhz bunları erməni qafası kəsdirə bilmir!

Azərbaycan tərəfi isə yaranmış situasiyanın nəinki siyasi-ideoloji, həm də hüquqi və geosiyasi qiymətini dəqiq verir. Bununla bağlı Hikmət Hacıyevin iki mühüm tezisini xatırlamaq istərdik. O deyib: "Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək" və "Ağdam-Xankəndi yolundan imtina edilməsini yalnız rasizm və diskriminasiya kimi qiymətləndirə bilərik"! Bu, Ermənistan və havadarlarının BMT Nizamnaməsini və beynəlxalq qanunları kobud surətdə pozması və xalqlar arasında nifaq salması deməkdir. Bundan başqa, onlar Azərbaycanın suverenliyinə qəsd edirlər.

Rəsmi Bakının diplomatik uğuru: "bütün yollar açılsın"!

Çünki Azərbaycanın qanuni ərazisində nəzarətdə olmayan, ölkə Konstitusiyasının müddəalarına uyğun gəlməyən fəaliyyət göstərməyə çalışan bölgənin ("boz zona") formalaşmasına cəhd edirlər. Məhz bu məqam müstəqil və suveren dövlətə qarşı bir sıra böyük dövlətlərin apardığı "yol müharibəsi"nin başlıca məqamıdır. Həmin qüvvələr haqsız və qanunsuz olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə qarşı fəaliyyət göstərirlər. Özü də onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər: ABŞ, Fransa və Rusiya! Bunu müasir qlobal geosiyasətin nonsensi adlandırmaq olar!

Qarşı tərəfin hərəkətlərinə cavab kimi Azərbaycan çox maraqlı diplomatik gediş etdi. Rəsmi Bakı Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolunun da açılması təşəbbüsünü irəli sürdü. Məsələ o dərəcədə real və hüquqidir ki, hətta Şarl Mişel də bu təklifi dəstəkləyərək "dayanıqlı həllin vacib elementi" kimi qiymətləndirdi. Səbəbi nədir?

Səbəbi odur ki, artıq Avropa İttifaqı da dərk edir ki, haqsızlığın, ikili-selektiv yanaşmaların da bir "qırmızı xətti" var! Ermənilər rəsmi olaraq Qarabağı Azərbaycanın tərkibi kimi tanıyırlarsa, BMT də rəsmi olaraq həmin bölgəni Azərbaycanın ərazisi kimi qəbul edirsə və müstəqil dövlətin ərazi bütövlüyünün təmin edilməsi vazkeçilməz şərtdirsə, onda Şarl Mişel nə deməlidir? Doğrudur, əvvəllər utanmadan daha haqsız fikirlər də söyləyirdilər, lakin indi Azərbaycan felən və siyasi olaraq öz torpağına sahiblik edir və Ermənistan da bununla barışmağa məcburdursa, Brüssel nə etməlidir?

Bunlardan başqa, Azərbaycanın təklifi yerli reallığa tam uyğundur. Çünki söhbət Azərbaycanın bir bölgəsindən gedir və oraya hər hansı marşrutla giriş rəsmi Bakının icazəsi ilə olmalıdır. Yox, əgər buna etiraz edilirsə, deməli, ortada bir özbaşınalıq və hüquqa hörmətsizlik vardır. Məhz bu prizmadan da N.Paşinyanın "Dağlıq Qarabağın müstəqillik günü" münasibəti ilə Xankəndiyə sərsəm kağız parçası göndərməsi erməni xislətinin gülünclüyünü göstərir. Bu o deməkdir ki, N.Paşinyan siyasətçi deyil, dövlət adamı deyil, sadəcə avantüristdir! Ordan-bura, burdan-ora tullanan qafildir! Ona elə gəlir ki, rəsmi görüşlərdə dediyi fikirlərdən asanlıqla imtina edə bilər və bunu dünya normal qarşılayar. Ona elə gəlir ki, özü müstəqil olmayan, forpost Ermənistanın baş naziri Qarabağla bağlı hansısa ciddi siyasi təsiri ola bilən söz deyə bilər!

Elə bu ağılla da erməni silahlıları Kəlbəcər istiqamətində təxribatlar törətməyə davam edirlər və hər dəfə də ciddi itkilər verib, öz qınlarına çəkilirlər. İrəvanda isə həlak olan əsgərlərin anaları üsyan edirlər. Bütün bunların fonunda Xankəndidəki separatçıların qondarma və süni "qurumları" sabun köpüyü kimi dağılır. Onlar sözdə Xankəndidə qalıb mübarizəni davam etdirəcəklərini deyir, konkret faktlar isə göstərir ki, gizlicə Qarabağı tərk edirlər. Hələ bu, başlanğıcdır. Onların hamısının ədalət məhkəməsi önündə cavab verəcəkləri zaman da gələcək.

Azərbaycan isə "yol diplomatiyası"nı daha da genişləndirir və gücləndirir. "Nə qədər çox yol olsa..." fikrinin geniş mənası var. Burada məsələ yalnız Qarabağla məhdudlaşmır. Azərbaycan diplomatiyası daha geniş miqyasda Naxçıvana gedən yolun və Zəngəzur dəhlizinin açılmasını da nəzərdə tutur. Yəni, rəsmi İrəvan mövqeyini dəyişməli, vurğuladığımız miqyasda kommunikasiyaların açılmasına razı olmalıdır. Əks halda, Ermənistanın özünün mövcud olması sual altına düşəcək! Bunu həm erməni, həm də bir sıra xarici ekspertlər də təxmin edirlər. Ancaq, görünür, vəziyyət Ermənistan tərəfdə heç də sadə deyil və rəsmi İrəvanı qızışdıranların sayı azalmır.

Hətta keçmiş xarici işlər naziri Vardan Oskanyan N.Paşinyana Qarabağın Azərbaycana aid olduğunu qəbul etməkdən imtina etməyi məsləhət görür. Əks halda, Azərbaycan bunu güc yolu ilə edəcək və beynəlxalq aləm heç bir şey deyə bilməyəcək. Guya, məsələni diplomatik müstəviyə İrəvanın mövqeyini dəyişəcəyi halda yönəltmək olar. Təcrübəli bir diplomatın bu dərəcədə sayıqlaması heyrətlidir. Çünki əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Bu halda Azərbaycan Ordusu tarixi torpaqlarımızın azad edilməsi üçün hüquqi əsas əldə etmiş olacaq. V.Oskanyan ABŞ-dan, E.Makron isə Parisdən nə qədər bağırsa da, erməniləri kimsə xilas edə bilməyəcək. Bu səbəbdən xarici ekspertlər V.Oskanyanın bu təxribatını ağılsızlığın son həddi adlandırırlar.

Biz hesab edirik ki, ermənilərin baş verənlərə isterik reaksiyası məhz Azərbaycan Prezidentinin çox uğurlu "yol diplomatiyası"nı həyata keçirməsi ilə bağlıdır. Ermənilər yaranmış vəziyyətin hüquqi əsasını dağıtmaq istəyirlər, ancaq bu istiqamətdə atılacaq hər bir addım onları daha dərin quyuya salacaq. Azərbaycanın qələbəsinin alternativi yoxdur! Çünki haqq bizim tərəfimizdədir, Azərbaycan yalnız öz suverenliyi və müstəqilliyini qoruyur!


MANŞET XƏBƏRLƏRİ