Kamal Adıgözəlov
Cənubi Qafqazda geosiyasi sular durulmur. Bir-birinin ardınca regionu qarışdıra biləcək və sabitliyi pozacaq addımlar atılır. Təəssüf ki, bu prosesi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – ABŞ, Fransa və Rusiya aparır. Məntiqlə məhz onlar hər kəsdən öncə Cənubi Qafqazda ədalətin, haqqın, hüququn, sülhün və əməkdaşlığın bərpa olunmasına çalışmalı və ya ən azından bunu edənlərin yanında olmalıdırlar. Ancaq təcrübə göstərir ki, həmin böyük güclər çox kiçik ədalətə malikdirlər və hələ də min bir hiylə ilə təcavüzkar Ermənistana dəstək verirlər, onun əsassız iddialarının təmin olunması üçün dəridən-qabıqdan çıxırlar. Bunların qarşısında regionda tək bir qüvvə – Azərbaycan dayanır! Azərbaycan dövlətinin başçısı müdrik, konstruktiv, ədalətli və hüquqi çərçivədə olan siyasi-diplomatik fəallığı ilə bütün qızışdırıcı və pozucu fəaliyyətlərin önünü kəsir. Üstəlik, İlham Əliyev Qarabağda quruculuq işlərini daha da genişləndirir və sürətləndirir, azərbaycanlıları öz evlərinə qaytarır, onlara lazım olan şəraiti yaradır. Bütün dünyaya sübut edir ki, Qarabağ Azərbaycandır!
Qərəzli güclər: ədaləti və hüququ tapdalayaraq regionda fəallaşırlar
Əvvəlcədən ABŞ və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması adı altında Cənubi Qafqazda fəllaşmasının səbəbləri məlum idi. Açıq deyək: onların məqsədi regionda ədalətin bərpası və bu əsasda davamlı sabitliyə nail olmaq deyil. Rusiyanın öz problem və məqsədləri olduğu kimi, Qərbin də onun qədər birtərəfli merkantil mövqeyi vardır. Bu məqamlar indi daha aydın görünür. Faktlara müraciət edək.
İlk öncə, onu deyək ki, nə yaxşı ki, Şuşa Bəyannaməsi vardır, nə yaxşı ki, Türkiyə getdikcə daha da güclənir və nə yaxşı ki, Azərbaycan müstəqil dövlət kimi daha qüdrətlidir. Azərbaycan-Türkiyə birliyinin geosiyasi arenada gücünü dünyanın bütün böyük gücləri anlayırlar.
Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev sözün həqiqi mənasında böyük lider qətiyyəti göstərir. İncə və ədalətli diplomatiyası, uzaqgörən proqnozları və güclü siyasi gedişləri ilə supergüclərin dizini Cənubi Qafqazda yerə qoyur. Azərbaycan Prezidenti sübut edir ki, Cənubi Qafqazın lideri Azərbaycan Respublikasıdır. Onunla hesablaşmadan bu regionda hər hansı ciddi addım atmaq mümkün deyildir.
İlham Əliyev özlərini supergüc adlandıranlara onu da sübut edir ki, bütün hiylələrini, dolayısı ilə birtərəfli mövqelərini, qeyri-səmimi davranışlarını, Ermənistanın təcavüzkarlığını müxtəlif bəhanələrlə qorumaq cəhdlərini çox gözəl anlayır, görür və lazımi cavabını da verir. Azərbaycan Prezidentinin məhz bu qüdrəti qərəzli siyasət yeridənlərin Cənubi Qafqaza yolunu kəsir. Onlar qondarma addımlar atmaqla, eynəklər və durbinlər arxasından Azərbaycan tərəfə məzlum-məzlum boylanmaqla məşğul olduqları zaman İlham Əliyev Laçında möhtəşəm tədbirlər həyata keçirir, insanlar öz yurdlarına qayıdırlar. Yaradıb-qurmaq işləri sürətlə davam edir. Və hətta sərhəd bölgəsində Azərbaycan Prezidenti başqa dövlətlərin başçılarını qəbul edir, onları təhlükəsiz gəzdirir, quruculuq işləri ilə tanış edir. Bununla dünyaya nümayiş etdirir ki, Qarabağ Azərbaycandır! Göstərir ki, Azərbaycan dövləti Qarabağda quruculuq işlərini davam etdirir və həmişə bu bölgə inkişaf edəcəkdir!
Bunlar onu ifadə edir ki, dünyanın böyük dövlətləri kimi təqdim edilən ABŞ, Fransa və Rusiya realpolitik ruhlu siyasətdən uzaq mövqedə olmaqda davam edərkən, Azərbaycan Prezidenti realpolitik siyasətə tam uyğun perspektivli siyasət yeridir.
Bu reallığı Belçikanın xarici işlər naziri Haccə Lhəbib öz üzərində hiss etdi. Yeri gəlmişkən, H.Lhəbib əlcəzairlidir, müsəlmandır və Belçikada "İslahatçılar hərəkatı" partiyasının üzvüdür, jurnalist peşəsi var. Lakin bu xanım Azərbaycan-Ermənistan münasibətlərində nə müsəlman, nə də obyektiv insan-siyasətçi mövqeyi tutur. Ermənistana səfəri zamanı antiazərbaycan xarakterli fikirlər söyləyir. Bu səbəbdən Azərbaycanda ona əsl yerini göstərdilər. Prezident İlham Əliyev onu qəbul etmədi.
Şübhə yoxdur ki, Azərbaycan vətəndaşları Anjey Kaspirşiki yaxşı xatırlayırlar. Təkcə onun əcaib saqqalından tanımırıq. Yaddaşımızdadır ki, bu adam Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində bir dəfə də olsun müsbət addım atmadı. İndi o, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi Cənubi Qafqaza gəlib. İrəvanda adəti üzrə Nikol Paşinyanla birgə sayıqladıqdan sonra Azərbaycana gəlmək istəyib. Azərbaycan tərəfi onun layiq olduğu cavabı verib: "get yararsız işinlə məşğul ol!" O da bunu eşidərək hələlik Ermənistanda olan ərazilərdən durbinlə Laçına baxa-baxa qalıb! Laçında onda azərbaycanlılar evlərinə yerləşirdilər.
Bakı regionda sabitlik və əməkdaşlığın qarantı kimi: İlham Əliyevin mükəmməl siyasəti
Görünür, Emmanuel Makron rəsmi Bakının bu cür ədalətli və qətiyyətli mövqeyinə görə küsüb və Qarabağdakı ermənilərə Laçın yolundan keçməklə "humanitar yardım" göndərmək qərarına gəlib. İndi erməni tərəfi sevinir ki, fransızlar Laçın yolunu açacaq. Lakin, hər xalqda belə bir misal var: "özünüz bilərsiniz!" Fransız olmur, fransızın ulu əcdadı olsun və ya yanki və ya alman, yaxud ingilis və ya rus olsun – anlayın artıq: Azərbaycan müstəqil dövlətdir və onun sərhədləri qorunur. Bu dövlət üçün canını fəda etmiş və etməyə hazır olan milyonlar vardır! Kimsə rəsmi Bakının icazəsi və lütfü olmadan sərhədi keçə bilməz! O fransız maşınları da Laçın yolunun astanasında E.Makronun prezidentlik müddəti başa çatana kimi çarəsiz gözləyəcəklər.
Azərbaycan rəhbərliyi Rusiya tərəfinin də atdığı addımlara ancaq müstəqillik maraqlarından çıxış edərək reaksiya verir. Son olaraq "yeni Lavrov planı" adlanan sənədə eyni reaksiyanı verdi. Yəni, heç bir reaksiya vermədi. Çünki orada obyektivlikdən uzaq xeyli məqamlar vardır.
Bütün bunlardan geosiyasi aspektdə maraqlı qənaətlər əldə etmək olar. Hər şeydən öncə, görünür ki, Qərb və Rusiya öncədən nəzərdə tutduqları gizli planları sürətləndirmək qərarına gəliblər. Konkret desək, darmadağın olmuş Ermənistana dəstək verməklə, Azərbaycanın haqlı qələbədə əldə etdiyi uğurları kiçiltməyə çalışırlar. Bunu isə konkret olaraq Qarabağda məskunlaşmış erməniləri manipulyasiya edərək reallaşdırmağa cəhd edirlər. Yəni, özlərini elə aparırlar ki, guya hüquq, haqq, təhlükəsizlik müdafiəçiləridirlər. Bu anlayışların arxasında gizlənərək qərəzli addımlar atırlar. Məsələn, onlardan heç biri nə erməni qanunsuz silahlı dəstələrinin Qarabağdan çıxması zərurətindən danışır, nə də azərbaycanlıların öz evlərinə qayıdışına əngəl ola biləcək erməni separatizmini qınayırlar. Hər birinin atdığı addımların arxasında bir məna özünü göstərir: Azərbaycan Ermənistana güzəştə getməlidir və Qarabağdakı ermənilərə xüsusi status verilməlidir!
Adını nə qoyurlarsa qoysunlar – humanitar aksiya, insan haqları və azadlıqlarının qorunması və ya öz müqəddəratını təyinetmə hüququ və s., bunların hər biri xüsusi qərəzli və antiazərbaycan xarakterli anlayışlardır. Çünki təməldə balansı pozurlar: Azərbaycanın dövlət kimi, azərbaycanlıların isə insan kimi təbii haqlarını tanımaq istəmirlər. Həmin kontekstdə də rəsmi İrəvandan soruşmurlar ki, "niyə Göyçədə və ya İrəvanda bir nəfər də olsun azərbaycanlı qalmayıb?" Və yaxud demirlər ki, "sizin soydaşlarınız hələ Qarabağdadır, ancaq Azərbaycanın başqa regionlarına köçməkdən də dəm vurursunuz, Ermənistanda isə bir nəfər də olsun azərbaycanlı yoxdur?"
Azərbaycanın mövqeyi aydın və ədalətlidir: Üstəlik, "Ermənistan" adlandırdığınız əzəli türk torpaqlarına azərbaycanlılar qayıdacaqlar. Öz halal əraziləri kimi orada məskunlaşacaqlar.
Hələlik isə Azərbaycan Prezidenti özlərinə böyük deyən, lakin ədalətləri çox kiçik olan bir qrup dövlətə qarşı tarixi mücadiləsini verir. Onların hər bir hərəkətinin qarşısını qətiyyətlə alır. Buna görə də həmin şər qüvvələr yeni-yeni hiylələrə əl atırlar.
Bu proses Cənubi Qafqaza necə təsir edə bilər? Etiraf edək ki, risk və təhlükələr mövcuddur. Şübhə yoxdur ki, onlar Azərbaycanın qurucu və yaradıcı fəaliyyətindən getdikcə daha çox narahat olmağa başlayacaqlar. Mümkündür ki, daha təhlükəli gedişlər etsinlər. Bu isə mübarizənin hələ bir müddət davam edəcəyini göstərir.
Ancaq Azərbaycan Prezidentinin mükəmməl siyasi-diplomatik gedişləri çox ümidlər verir. Belə görünür ki, Azərbaycan addım-addım Cənubi Qafqazda davamlı sülh, barış və əməkdaşlığı təmin etmək yolunda irəliləyir. Rəsmi Bakı regional və beynəlxalq təşkilatlardakı fəaliyyəti və yeni əməkdaşlıq təşəbbüsləri ilə bu prosesə əlavə təkan verir. Azərbaycanın xeyirxah geosiyasi mövqeyi öz bəhrəsini verməlidir. Azərbaycanın liderliyi ilə Cənubi Qafqaz sabitliyə və inkişafa qovuşmalıdır. Başqa heç bir güc bunun öhdəsindən gələ bilməyəcək!