Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
III Yazı.
Mircəfər Bağırov
Mircəfər Bağırov XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda formalaşmış ən güclü intellektual potensialı darmadağın edən şəxs olmuşdu. Azərbaycanı dərin siyasi, mənəvi-əxlaqi böhrana aparan kommunist lider idi. Xalqı saysız-hesabsız faciələrə düçar etmiş ixtisasca rus dili müəllimi idi.
Mircəfər Abbas oğlu Bağırov (5 (17) sentyabr 1895,Quba-6 may 1956,Bakı). Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (10 oktyabr 1933-18 aprel 1953); Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (oktyabr 1932- dekabr1933;aprel-iyul 1953) idi. Azərbaycan Fövqəladə Komissiyasının sədri; general-polkovnik olmuşdu.
Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində atası Mirabbas və anası Yaxşı xanımın kiçik övladı kimi dünyaya gəlmişdir.
İlk təhsilini mollaxanada almışdır.1907-ci ildə Quba şəhərindəki ibtidai məktəbə daxil olmuşdur. Məktəbi uğurla bitirən Mircəfər təhsilini Quba Ali ibtidai məktəbində davam etdirir.1913-cü ildə məktəbi bitirib, Quba ziyalılarının topladığı pulla Petrovsk (Mahaçqala) şəhərinə gedərək Petrovsk 2 illik pedaqoji kursuna (rus dili müəllimliyi) daxil olmuşdur.
1915-ci ildə Mircəfər Bağırov əmək fəaliyyətinə gənc müəllim kimi Xudat stansiyasındakı kənd məktəbində başlamışdır.1915-1917-ci illərdə Mircəfər Bağırov Nəcəfkənd, Quba şəhər məktəblərində müəllimlik etmişdir.
1917-ci il Fevral inqilabı dövründə Mircəfər Bağırov rus dili müəllimi kimi bolşeviklərə qoşulur və Bakıya gəlir.Bakı şəhərinin Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə erməni və rus işğalından azad edilməsindən sonra Mircəfər milli hökuməti qəbul edə bilmir. Petrovun dəstəsinin qalıqları ilə birlikdə Həştərxana gedir.
Bağırov 1919-cu ilin mart ayında Moskvada keçirilən I Kommunist Beynəlmiləl Konqresində iştirak etmiş və məşvərətçi səs hüququna sahib olan Azərbaycan kommunistlərini təmsil etmişdir.
1918-1920-ci illərdə Mircəfər Bağırov Həştərxanda qırmızı dəmir polkun partiya kollektivinin katibi,Birinci müsəlman polkunun, komissarı, XI Ordunun Hərbi İnqilab Şurasının tapşırıqlarını yerinə yetirən işçi, xüsusi təyinatlı dəstənin hərbi komissarı, Qafqazda sovet hakimiyyəti qurulması üzrə Qafqaz bürosunun əməkdaşı, Qafqaz korpusu hərbi inqilab şurasının müvəkkili vəzifələrində çalışmışdır.
Azərbaycan 1920-ci ilin 27 aprelində ruslar tərəfindən işğal olunduqdan sonra Mircəfər Bağırov Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən Dağlıq Qarabağa göndərilir. O, Dağlıq Qarabağ vilayət inqilab komitəsi sədrinin müavini və XI Ordunun Hərbi İnqilab Şurasının müvəkkili kimi fəaliyyət göstərmiş və burada rus ordusu hərbi hissələrinin tərkibində, Qarabağda ləğvinə qərar verilən Azərbaycan Xalq Cümhuriyyəti ordusunun rus işğalına qarşı üsyanının yatırılması prosesində iştirak etmişdir.
1920-1921-ci illərdə XI Ordunun Hərbi İnqilab Şurasının sərəncamında olan Mircəfər Bağırov II briqadanın komandanı, I atıcı diviziyanın hərbi tribunalının, XI Ordu Hərbi tribunalının səyyar sessiyasının sədri, Azərbaycan qırmızı diviziyasının hərbi komissarı vəzifələrində çalışmışdır.
Mircəfər Bağırov 1921-ci il aprelin 2-də AzFK sədri təyin edilmiş ardınca, Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibinə seçilmişdir.O bu vəzifədə 1927-ci ilin sentyabrın ortalarına kimi çalışmışdır.Bağırov eyni zamanda bu illərdə AzFK sədri olmaqla yanaşı, Azərbaycan Xalq Daxili İşlər Komissarı və Azərbaycan SSR XKS sədrinin müavini vəzifələrini daşımışdır.
1927-1928-ci illərdə Tiflis şəhərinə göndərilən Mircəfər Bağırov Zaqafqaziya su təsərrüfatı idarəsinin,1928-1929-cu illərdə isə Zaqafqaziya kənd təsərrüfatı idarəsinin sədri vəzifəsində çalışmışdır.
Mircəfər Bağırov 1929-cu ilin sentyabrında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri təyin edilmiş və 1930-cu ilin sentyabrına kimi bu vəzifədə çalışmışdır.
Bağırov 1932-ci ilin axırında yenidən Bakıya göndərilir və həmin ilin oktyabrından 1933-cü ilin dekabrınadək Azərbaycan SSR Xalq Komissarları Sovetinə sədr təyin olunur.
1933-1953-cü illərdə Mircəfər Bağırov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini daşımışdır.Azərbaycanda 1932-ci ildən 1953-cü ilə qədər repressiyaların əsas təşkilatçısı və icraçısı olmuşdur. Azərbaycanın ziyalı kütləsinin məhvini təşkil etmişdi. Yaltaq və məddahlardan ibarət idarə olunması asan olan susqun donos yazan bir təbəqənin yaradıcısı olmuşdur.
Etnik kimlik və dilin adının dəyişdirilməsi
1937-ci ildə Mircəfər Bağırovun təşkilatçılığı və ideyası ilə Sovet Azərbaycanında etnik kimlik və dilin adının türk/türkcədən azərbaycanlı/azərbaycancaya dəyişdirilməsi hadisəsi baş verdi. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və sairə Azərbaycan aydınlarının repressiyaya məruz qalmaları dilin adının dəyişdirilməsi prosesi ilə əlaqədar idi.1945-1946-cı illərdə qurulan Azərbaycan Milli Hökuməti ilə əməkdaşlıq etmək üçün Təbrizə göndərilən ziyalılar güneydə özlərini türk kimi təqdim edirdilər.
Sovet dövründə qapalı bir dövlət və məkan yaradılmışdı. Eyni zamanda Sovet hakimiyyətinin və rus işğalçılarının siyasəti azərbaycanlı adında bir millət formalaşdırmaq idi. O vaxt etnik sözü istifadə olunmurdu, amma azərbaycanlı milləti.Bu vətəndaş milləti deyildir,sırf etnik mənsubiyyət üzərində guya ki, Azərbaycan milləti formalaşdırdılar.Bunun da əsas məqsədi Azərbaycan ilə Türkiyə və İran arasında əlaqəni itirmək idi.
“Azərbaycanın əksəriyyətini təşkil edən əhali özünə türk,danışdığı dilə türkcə deyirdi.1918-ci ildə cümhuriyyət qurulanda iyul ayında qəbul olunan rəsmi qərarda da dilin adı türk dili kimi qeyd olunur. Sovetlər də 1920-ci ildə gələndən sonra Nəriman Nərimanov başda olmaqla bunu qəbul edirlər.Yerli dil türk dili kimi qəbul edilir, SSRİ sənədlərində də türk dili qeyd edilir...”
1937-ci ildə həm dil, həm də millətin adının türkdən azərbaycanlıya dəyişdirilməsi Moskva və Mİrcəfər Bağırov tərəfindən təşkil edilmişdi. “1937-ci ilə qədər bu dil türk dili adlanır. Hətta 1937-ci ildə qəbul olunan konstitusiyanın ilkin variantında yenə türk dili gedir. Amma sonra Azərbaycan rəhbərliyi Bağırov Moskvaya gedəndə hansısa proseslərin getdiyini görür. Orada tələb olunur ki, bu türk sözü çıxarılsın və azərbaycanlı sözü ilə əvəz olunsun. O vaxtlar pasportlarda milliyət yazılırdı və bu milliyət sovet pasportlarında etnik mənsubiyyəti özündə ifadə edirdi vətəndaşlıq mənsubiyyətini yox. Moskvanın tapşırığı və Bağırovun ideyası ilə türk sözü azərbaycanlı sözü ilə əvəz olunubdur. Həm dilin adı dəyişdirilib, həm də etnik mənsubiyyətin adı”.
Böyük Təmizlik prosesində Sovet milli siyasətinin əsas amillərindən biri Azərbaycan millətinin formalaşması idi. Ona görə də türk sözü və türk dili tamamilə sıxışdırılır və atılır.
Bağırovun İkinci Dünya Müharibəsində fəaliyyəti
İkinci Dünya Müharibəsi zamanı Mircəfər Bağırov ön cəbhəni yanacaqla təmin etmək üçün Bakıda neft çıxarılması prosesini sürətləndirmiş və artırmışdı. Əsas neft təminatçısı olan Bakı şəhərinin düşmənə qarşı aviasiya təhlükəsizliyinin təmin edilməsində ciddi uğur göstərə bilməmişdi.
Güney Azərbaycan məsələsi
Mircəfər Bağırov 1941-ci ildə Stalinə yazdığı məktubda, Polşa ərazilərinin Ukrayna və Belarusiya torpaqlarına birləşdirilməsi modelinə istinad edərək, İrandakı bütün Azərbaycan türklərinə məxsus əyalətlərin Sovet Azərbaycanının tərkibinə daxil edilməsi təklifi ilə çıxış etmişdir. SSRİ-nin Xarici İşlər üzrə Xalq Komissarı işləmiş Vyaçeslav Molotov da öz kitabında o vaxtkı Azərbaycan SSR rəhbərliyinin İranın azərbaycanlılar (Azərbaycan türkləri) yaşayan hissəsinin Azərbaycana birləşdirilməsi üçün SSRİ rəhbərliyinə təzyiq göstərdiyini yazmışdı.1945-1946-cı illərdə İranda Azərbaycan Milli Hökuməti bir il ərzində mövcud olmuşdu.Bu hökuməti Stalin öz əliylə İran şahına təslim etmişdi. Ermənistan MK və DTK –sının tövsiyyələri dinlənmiş yeni yaranan Suriya dövləti və İranla yaxınlaşma siyasəti yeridilmişdi.Azərbaycan Milli Hökumətinin lideri Seyid Cəfər Pişəvərinin Azərbaycan SSRİ ərazisində 1947-ci ildə sui-qəsdlə öldürülməsində Bağırovun iştirak edib etməməsi bilinmir.
DQMV məsələsi.
1945-ci il noyabr ayının axırlarında Mircəfər Bağırov Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası MK katibi G.Malenkovdan bir məktub alır. Məktubda göstərilir ki, Ermənistan K(b)P MK katibi G.Arutunovdan ÜK(b) MK-da DQMV-in Ermənistan SSR-ə verilməsi məsələsinə baxılmasını təklif etmişdir. G.Malenkov Ermənistandan gələn məktubu Mircəfər Bağırova göndərmişdi. Mircəfər Bağırov məktubla tanış olduqdan sonra G. Malenkova 1945-ci il dekabrın 10-da cavab məktubu göndərmişdi. Məktubda DQMV yaradılması prosesi tarixi ətraflı göstərilməklə yanaşı qeyd olunur ki,DQMV Ermənistan SSR ilə həmsərhəd deyil, Ermənistan SSR ilə DQMV arasında əhalinin hamısı Azərbaycan türkü olan Qubadlı, Kəlbəcər, Laçın, Daşkəsən rayonları yerləşir. Mircəfər Bağırov məktubda yazır: “Eyni zamanda Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası MK nəzərinə çatdırmağı lazım bilirik ki, DQMV-in Ermənistan SSR-in tərkibinə qatılması məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarət olan Ermənistan SSR-in Əzizbəyov,Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə veriməsi məsələsinə də baxlımalıdır...Eyni zamanda Gürcüstan SSR-in Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə qatılması məsələsinə də baxılmalıdır.Çünki əhalisi tamamilə Azərbaycan türküdür və Azərbaycan SSR-lə bilavasitə yanaşıdır. Nəhayət, biz xahiş edirik, Dağıstan MSSR- in Dərbənd və Qasumkənd rayonları ərazisinin də Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə də baxılsın. Keçmişdə Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil idi.Bu rayonların əhalisinin əksəriyyəti Azərbaycan türküdür və onların əksəriyyəti heyvandarlıqla məşğuldur, ilin 9 ayını Azərbaycan ərazisində yaşayırlar”.
Mircəfər Bağırovun həyat yoldaşları:
1.Mariya (Sergeyeva) Bağrova (1918-1926).
2.Yevgeniya Mixaylovna (Qelman) Bağırova (1930-1953).
Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nigahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir,1926-cı ildə Mariya vəfat etmişdir.
Mircəfər Bağırov 1930-cu ildə Yevgeniya Mixaylovna ilə ailə qurur və bu nigahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Mircəfər Bağırovun evləndiyi hər iki qadın milliyətcə rus olmuşdur.Böyük oğlu Cahangir (Vladimir) aviasiya məktəbində təhsil almış, İkinci dünya müharibəsində pilot kimi iştirak etmiş və həlak olmuşdur. Digər oğlu professor, elmlər doktoru Cen Bağırov isə Bakıda 10-cu sinifə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında təhsil almış.1953-cü ildən isə təhsilini Kənd Təsərrüfatı İnstitutunda davam etdirmişdir.
Mircəfər Bağırovun repressiya dövründəki fəaliyyəti
1937-ci il avqustun 5-də SSRİ NKVD-si bir qərar çıxarır. Həmin qərara 3 nəfər-SSRİ daxili işlər naziri Nikolay Yejov, Mikoyan və Stalin qol çəkib. Qərarda yazılıb ki, müsavatçılar, ittihadçılar, sosial-demokratlar, hümmətçilər, eyni zamanda menşeviklər güllələnməlidir.Bundan sonra Mircəfər Bağırov fəaliyyətində 1937-1938-ci illər qara ləkə kimi iz buraxmışdır. Çünki bu illərdə Azərbaycanın minlərlə millətsevər alimi, şair və yazıçısı partiya, dövlət xadimi həbs edilmiş və həbs edilənlərin əksəriyyəti güllələnmişdi. Az bir qismi Sibirin soyuq yerlərində həbsxanalara salınmışdı. Azərbaycanda bu soyqırımdan sonra Stalinin “Ağıldankəm” adlandırdığı şəxs Mircəfər Bağırov idi.
Günahlarını etiraf etdirmək üçün bu günahsız insanlara Daxili işlər,Dövlət Təhlükəsizliyi orqanlarında ağır işgəncə verilir,məhkəmə prosesi zamanı bütün qanunlar pozulur,5-10 dəqiqəlik məhkəmə prosesi nəticəsində minlərlə insan ən ağır cəzaya məhkum edilirdi.Sovet cəza orqanlarının işgəncələrinə dözməyən məhbuslar öz yaxın dostlarına qarşı yalan ittihamlar irəli sürür və beləliklə minlərlə insanın günahsız axıdılan qanına bais olurdu.
Ardı var.