I Yazı
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
XIX əsr Azərbaycan Türk şair-ədiblərindən olan Şahnigar xanım Rəncur (1849-1900/1901) Qazax şəhərinin yaxınlığında Ağköynək kəndində Kazım ağa Qiyasbəyovun ailəsində dünyaya gəlmişdir. Sonralar “Mollaxanım” ləqəbi ilə tanınan Şahnigarın ev şəraitində təlim və tərbiyəsi ilə əmisi Hacıməmməd ağa Kazım ağa oğlu məşğul olmuşdur. “Şahnigar xanım XIX yüzilin birinci yarısından başlayaraq Qazax və Borçalı mahallarında geniş yayılmış nəqşibəndi təriqətini qəbul etmişdir. Rəncur özünün müasiri, Qarabağlı alim, şair, Nəqşibəndi şeyxi Mirhəmzə Nigarini onun xas müridlərindən biri – təriqətin Qazax qəzası üzrə başçısı, Nigarinin xəlifəsi Hacı Mahmud Qaranizadə İncəvi vasitəsilə tanımış və ondan “inabət” almışdır”. [1]
Azərbaycan xalqının tanınmış mütəfəkkiri Firidun bəy Köçərli “Azərbaycan türklərinin ədəbiyyatı” fundamental əsərində Şahnigar Rəncur haqqında yazırdı: ““Mollaxanım” ziyadə möminə və abidə, ismətli və həyalı bir övrət idi ki, vaxtının çoxunu ibadət və riyazətdə keçirirdi. Ol səbəbdən ona “Mollaxanım” ləqəbi verilmişdir. Şahnigar xanımın artıq elmi yoxmuşsa da, təbi rəvan imiş. Rəncurun yaradıcılığının əksəri münacat, mərsiyə, maddeyi-tarix və sair dost və əhibbaları arasında vüqua gələn əsərlər qismindən olub, qəzəliyyati - vəsfi-dilbər kimi əsərləri azdır. Hacı Mirhəmzə Əfəndinin müridlərindən olduğu üçün əşarü kəlamının çoxunda ol cənab tutduğu məsləkdə olduğunu bildirib, ilahiyyat və mənəviyyat aləmindən bəhs edilir”.[2]
İsmayıl Umudlu və Bəhmən Əliyev-Ayvazalı “Şahnigar xanım Rəncur” monoqrafiyasında Firidun bəy Köçərlinin onun haqqında dediyi “az elmliliyi” ilə razılşamırlar. Onlar yazırlar: “Şahnigar xanım Rəncurun zəmanəmizə qədər gəlib çatmış yaradıcılıq nümunələri ilə tanışlıq Firidun bəyin onun barəsində yazdığı “Şahnigar xanımın artıq elmi yoxmuşsa da, təbi rəvan imiş” – fikri ilə razılaşmağa imkan vermir. Şahnigar xanımın şeir dilinin ərəb-fars tərkibli ibarələrlə zənginliyi, onlardan yerində və düzgün istifadə etməsi, İslam tarixi və məzhəbi ixtilaflar haqqında yetərli dərəcədə məlumatı olması, bir sıra klassiklərimizin üslubuna və irsinə yaxından bələdliyi, klassik şeir qaydalarını dərindən mənimsəməsi şairənin öz çağına görə yaxşı ev təhsili aldığını göstərir. Şairə doğma Azərbaycan Türk dili ilə yanaşı fars və ərəb dillərini də dərindən bilmiş, klassik ədəbiyyatımızla, özəlliklə də Nəvai, Füzuli, Mövlana Təbrizi, Əbülqasim Nəbati, Molla Pənah Vaqif kimi klassiklərin yaradıcılığı ilə yaxından tanış olmuşdur”.[3]
Şahnigar xanım Rəncurun 1900-cü ildə, ya da 1901-ci ildə Qazaxda vəfat etdiyi bildirilir.
Sufi-fəlsəfi görüşləri. Bütövlükdə Rəncurun qəzəlləri əsasən Mir Həmzə Nigarinin yaradıcılığı və nəqşibəndi təriqəti ilə bağlıdır. Rəncurla M.H.Nigari ya da müridlə mürşid arasında “dostluğu” yaradan isə Hacı Mahmud Əfəndi Qaranizadə İncəvi olmuşdu. Bununla bağlı Şahnigar xanıım şeirlərinin birində yazırdı:
Bihəmdillah, mən də bir qulam, Pərvərdigarım var,
Nəbim Muxtar Əhməddir, kənizəm, çaryarım var.
Günahım gərçi əksərdir, nə qəm vardır ki, haqda,
Əbubəkir, Ömər, Osman, Əli tək lütfkarım var.
Çəhar yarə qarşı ol kəramət taxtı üstündə,
Həsən namında bir şahım, Hüseyn tək şəhriyarım var.
Dəri-dövlətdə Zeynalabidin və Baqir və Sadiq,
Dəxi Musa ilə Kazım və Rıza tək şahsuvarım var.
Və pənahım ol Tağı, Əkbər, Nağı, Mehdi həm Əskər,
İmam on iki sərvərindən, ey dil, nizarım var.
Necə təqrir edim vəsfin kamalı aləmə məşhur,
Camalı haqnüma bir mürşidi-kamil Nigarım var.
Siyəh-ru xəstə Rəncuram əlim daməni-pakında,
Nə qəm Mahmud əfəndi tək bir ustadı-kibarım var.[4]
Rəncur Nigarinin fəlsəfəsinə bağlılığını, bir mürid kimi mürşidinə sadiqliyini aşağıdakı şeirində olduqca dəqiq ifadə etmişdir. O, yazırdı:
Nigara, rövzeyi-hüsnün kimi aləmdə bağ olmaz,
Çəkən ol hüsni-hicranın ərir, gözündə yağ olmaz.
Güli-ruyin fərağından, əzizim, bin fəğan ilə
Edən fəryadı şəbgiri olur, bülbül zağ olmaz.
Sərasər yer üzün tutmuş, xüruc eylər səmavatə,
Çıxır şamü səhər zarım, könül bir dəm fərağ olmaz.
Sənin tək bir şəhi-ziba bulunmaz kainat içrə,
Bənim tək sinəsi hicran odundan dağ-dağ olmaz.
Konun zəhmi-fəraqindən bu cismi-natəvan içrə,
Təbiba, gəzsən əndamım sərapa cayi-sağ olmaz.
Vücudin sərbəsər qıldın müzəyyən rəxt-xab içrə,
Könül, bil, aşiqi-sadiq cahanda bu sayaq olmaz.
Oyan bu xabi-qəflətdən, fəğan et, xəstə Rəncuri,
Fəğandan aşiqin könlü yarım ləhzə irağ olmaz.[5]
Şahnigar xanım başqa bir qəzəlində təəssüf edirdi ki, fani dünyada mürşidi-kamili olan Mirhəmzə Nigarinin camalını görüb onun başqa müridləri ilə birlikdə “hu-hu” deyib, məstü laübal olmaq ona qismət olmamışdır. Rəncur yazırdı:
Ey dəriğa kim, o şahın məh camalın görmədim,
Üz sürüb dərgahına, rüxsari-alın görmədim.
Ötmədim kuyində hər şəb ta səhər bülbül kimi,
Yetmədim məqsudə bir dəm, gül vüsalın görmədim.
Dəsti-pakin bus edib, həm hər tərəf “hu-hu” deyə,
Seyr edən sərməsti-rindi-laübalın görmədim.
Ey dəriğa kim, o mahın həlqeyi-üşşaqdə
Seyri-çalakın, vücudi-bimisalın görmədim.
Ey dəriğa, dərgahında aşiqi-şeydasının,
Xub avazın, dəxi şirin məqalın görmədim.
Əfv qıl, ya rəbbanə, hər dəm dili-divanəmi
Cürmü üsyan ilə gördüm, yaxşı halın görmədim
Dər cahan, əlhəmdülilləh, xəsteyi-Rəncurənin
Mədhi-şahından səvayi bir kəlamın görmədim. [6]
Nigari isə Rəncura cavab məktubunda müridinin fikirlərini yüksək dəyərləndirərək yazmışdır:
Kərəm dəryasıdır, bir dövləti-bipayə malikdir,
Sərapa lütfdür kim, töhfeyi-bipayə göndərmiş.
Yenə sövdayə düşmüş, aşiqanə bir qəzəl yazmış,
Nigari bir qəzəlnamə büti-zibayə göndərmiş.[7]
Bu məsələ ilə bağlı Fəxrəddin Ağabalı Mirzadə yazır ki, mürid-mürşid münasibətləri çərçivəsində Rəncur qəlbində daşıdığı məhəbbət atəşinin nümunəsi olaraq, bir səccadə toxumuş və üzərinə öz beytini işləmiş, qəbul etməsini rica edən məktubla birlikdə Nigariyə göndərmişdir. Nigari də Rəncura yuxarıdakı cavabı verib bütün namazlarını həmin səccadə üzərində qılmışdır.[8]
Rəncur “Çıxar” şeirində Nigarinin müridi olduğunu, bununla qürur duyduğunu ifadə etməyə çalışmışdır. O, yazırdı:
Sanma kim candan, Nigara, dərdi-pünhanım çıxar,
Qılmasan feyzi-nəzər dilidən suzanım çıxar.
Odlu könlüm naləsindən dağ, daş eylər fəqan,
Dövr olur ahım həvada lövhi-dumanım çıxar.
Nagəhan fəvvareyi-çeşmim nəmi eylər xüruc,
Nuhi tufanım keçər, gərdunə ümmanım çıxar.
Tutiyayi-xaki-payindən əgər bulmaz əsər,
Dur olur hər dəm ziyadən, çeşmi-giryanim çıxar.[9]
Minəxanım Təkləliyə görə Şahnigar xanım mürşidi Nigarinin şəxsiyyətini çox ideallaşdırmış, əksər şeirlərini şeyxinə həsr etmiş bu “Leylayi-ərş” pirinin tutduğu məsləkdə olduğunu bildirib, ülviyyət və mənəviyyat aləmindən bəhs etmişdir. [10] Millət vəkili, prof. Qənirə Paşayeva yazır ki, mənəvi rəhbər hesab etdiyi Mir Həmzə Nigarinin yaradıcılığından bir çox sənətkarlıq keyfiyyətləri əxz edən Şahnigar xanım , bu dəsti-xətti öz şeirlərində davam etdirib: “Seyid Nigari şeirlərinə xas olan poetik təkrirlər, bədii səliqə, ritm ahəngi Şahnigar xanımın da şeirlərində özünü büruzə verir. Ahəngi ilə diqqət çəkən, zəngin zikr və vird musiqisi hopan bu misralar oxucuda xoş ovqat yaradır”.[11]
[1] Umudlu İsmayıl, Ayvazalı-Əliyev Bəhmən. Şahnigar xanım Rəncur (Qiyasbəyova). Bakı, AfPoliqraf, 2021, s.37
[2] Köçərli Firidun bəy. Azərbaycan türklərinin ədəbiyyatı. İki cilddə, II cild. Bakı, Avrasiya-Press, 2005, s.263
[3] Umudlu İsmayıl, Ayvazalı-Əliyev Bəhmən. Şahnigar xanım Rəncur (Qiyasbəyova). Bakı, AfPoliqraf, 2021, s.48-49
[4] Təkləli Minəxanım, Əliyeva F. Nigari aşiqi Şahnigar xanım. I Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu Materialları. Bakı, Miras, 2012, s.256
[5] Umudlu İsmayıl, Ayvazalı-Əliyev Bəhmən. Şahnigar xanım Rəncur (Qiyasbəyova). Bakı, AfPoliqraf, 2021, s.70
[6] Rəncur, Şahnigar xanım. Qəzəllər // XIX əsr Azərbaycan şeri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, s.313
[7] Köçərli Firidun bəy. Azərbaycan türklərinin ədəbiyyatı. İki cilddə, II cild. Bakı, Avrasiya-Press, 2005, s.265