Ermənistan qapalı dairədə: sülhdən imtinanın acı nəticələri


Kamal Adıgözəlov

Ekspertlər rəsmi İrəvanın Azərbaycanla münasibətləri normallaşdırmaqdan uzaqlaşmağa çalışmasının Ermənistanı saldığı aciz durumdan daha çox bəhs edirlər. Ermənistan rəhbərliyinin "humanitar yardım" və "Okampoya məktub" təxribatlarından sonra terrorçu-separatçıların vəziyyəti daha da ağırlaşıb. Çünki Azərbaycan rəhbərliyi heç bir şantaja, təxribata uymayaraq özünün qətiyyətli mövqeyində qalmaqdadır. Bunu ermənilərə havadarlıq edən böyük dövlətlər də anlayıb, faktiki olaraq, geri çəkilirlər. Ortada özünü qapalı siyasi və diplomatik dairəyə salmış Ermənistan qalıb.

İftiranın sərhədi: ermənilər onu da tanımırlar

Dünyada bütün insanlar üçün yəqin ki, yalanın və şərəfsizliyin bir sərhədi mövcuddur. Ermənilər və onların havadarları istisnadır. Nikol Paşinyan və indi ortaya atılmış Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Luis Moreno Okampo buna bariz nümunədirlər. Bəli, "sülhsevər", "demokrat" və "liberal" N.Paşinyan indi Azərbaycanla münasibətlərin normallaşmaması üçün əlindən gələni edir. Rəsmi İrəvan humanitar təxribatın ikinci mərhələsinə start vermiş kimi görünür. Belə ki, ermənilər "görkəmli alim və mütəxəssis" adlandırdıqları Luis Moreno Okampoya müraciət ediblər ki, "Qarabağın blokadası ilə bağlı rəy versin". O da Niderlanddakı hesabına 50 min erməni rüşvəti köçürüləndən sonra "rəy verib" ki, "Dağlıq Qarabağa iki həftə ərzində humanitar yardım aparılmasa, oradakı ermənilərin hamısı gəbərəcək".

Okamponun bu cür məsuliyyətsiz və adi mənəvi-əxlaqi, hüquqi normalara cavab verməyən böhtançı nağılına kimlərinsə inanması "rəy"in özündən daha gülüncdür. Bəzi ekspertlər bu məsələni ciddi kontekstdə təhlil edib "obyektiv proqnozlar" verirlər. Həmin "proqnozlar"da Azərbaycana qarşı hədələr yer alır. Başqa heç nə!

Reallıqda isə Okampo və Paşinyan daxil bütün bu fraqmentlər geniş bir qərəzli oyunun xırda detallarıdır. Məsələ bu kimsəyə lazım olmayan şəxslərin nə deməsində deyil – əsas problem böyük qüvvələr sırasında Cənubi Qafqazı bir daha qarışdırmaq və Azərbaycan-Türkiyə tandeminin regionda oynadığı müsbət geosiyasi rolun təsirini aşağı salıb, yenidən suyu bulandırmaqdır. Bu oyunun məntiqi həmişə ağılsız və qeyri-konstruktiv olan Ermənistan rəhbərlərini qane edir və yəqin ki, Paşinyanın əvəzinə hakimiyyətdə hansısa erməni olsa belə, eyni ssenarini görəcəkdik.

Açıklama yok.

Məsələ ondan ibarətdir ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində təkcə erməni ordusunu məğlub etmədi. Azərbaycan həm də əsrlərdir ki, bu regionda mənfur işlərlə məşğul olan böyük güclərin planlarını və nüfuzlarını alt-üst etdi. "Bayraktar"lar, Azərbaycanın "qırmızı beretliləri" onların şansını "bombaladılar"! Müharibə zamanı bu fürsət yoxsullarının heç biri qorxusundan meydana çıxa bilmədi. Ürək edib çıxanların da meyitlərini anaları qucaqladı. Çünki Azərbaycana güllə gələn çiçəklə, tüfənglə gələn tüfənglə qarşılanır!

Müharibə günlərini hamı xatırlasın! Harada idi "prokuror" Okampo? Və ya indi Laçındakı yüksəkliklərdən binoklla sərhəd-keçid məntəqəsinə baxan "mülki" missiya? Onlar da, indi müxtəlif tribunalardan "cükküldəşən" diplomatlar da gözləyirdilər ki, erməni işğalçılar Yevlağa qədər irəliləsinlər və ondan sonra "Yevlağın tarixi legitim erməni torpağı" olduğunu beynəlxalq təşkilatlarda "hüquqi əsaslandırsınlar"! Olmadı, ola da bilməzdi! Qəhrəman Azərbaycan Xalqı, Ordusu, Prezidenti buna imkan vermədi! Özünün ərazi bütövlüyünü tam bərpa etmiş qürurlu, güclü və qətiyyətli Azərbaycan dövləti qardaş Türkiyə ilə yanaşı tarixi ədalətin keşiyində dayanıb! Ermənilərin və havadarlarının qaldırdıqları hay-həşirin səbəbi də elə məhz bu həqiqətlərdir. Geridə qalanı təfərrüatdır. Əslində, bəzi xarici diplomatlar artıq həmin həqiqətlərin bir qismini açıq deyirlər. Məsələn, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, beynəlxalq ekspert Metyu Brayza qeyd edir ki, əsas məsələni İrəvan açıq demir.

Amerikalı ekspert deyir: "Aydındır ki, Ermənistan Qarabağın statusu məsələsini yenidən gündəmə gətirmək məqsədi güdür. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağ üzərində suverenliyini tanısa da, İrəvanın siyasi dairələrində və hakimiyyətdə hələ də bu faktı və İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti tanımaq istəməyənlər var".

Dalandakı düşüncələr: erməni diplomatiyasının kədərli dövrü

Fikirlərinə davam edən Metyu Brayza vurğulayır ki, erməni tərəfi Laçın sərhəd nəzarət-buraxılış məntəqəsindən "humanitar yük" daşımaq cəhdi kimi təxribat xarakterli addımlar atır. Azərbaycana gəldikdə isə, o, "öz siyasi və mülki hüquqlarından istifadə edir və Ağdam yolu ilə humanitar yardımın daşınması kimi öz variantını təklif edir… Bu vəziyyətdə əsas məqam sülh müqaviləsi məsələsində irəliləyişdir. Onun imzalanma ehtimalı nə qədər yüksək olacaqsa, prosesi ləngitmək və bunun qarşısını almaq istəyənlərin sayı da bir o qədər çox olacaq".

Bəli, reallıq bundan ibarətdir! Ermənistan və havadarları aydın görürlər ki, Azərbaycan diplomatiya mərhələsində də onların dizini yerə qoyur. İndi "humanitar yük", "Qarabağda erməni soyqırımı", "ərzaq böhranı", "Azərbaycan "Arasax"la danışsın" kimi cəfəngiyatlar M.Brayzanın vurğuladığı gerçəkliyi ört-basdır etmək üçündür.

Lakin bütün bunların fonunda Azərbaycan bir gerçəkliyi də qarşı tərəfə addım-addım qəbul etdirir. Biz, konkret olaraq, Ağdam-Xankəndi yolunu nəzərdə tuturuq. Ermənilər və onların qərbli və rusiyalı havadarları nə qədər inadkarlıq etsələr də, ekspertlər əmindirlər: Ağdam-Xankəndi yolu işləyəcək! Yəni, faktiki olaraq, başqa variant yoxdur. Qarabağ Azərbaycan ərazisidir və onu bütün beynəlxalq aləm tanıyıb. Məhz Azərbaycan öz ərazisinə nəyin necə daşınmasını həll edə bilər. Azərbaycan tam legitim hakimiyyətə malikdir, Qarabağ və ətrafı tam sakit və sabitdir, ölkənin hər qarışında hüquq işləyir, hər yerdə sürətli inkişaf vardır. Qarabağda sürətli və intensiv quruculuq işləri aparılır. Əhali tədricən öz yurdlarına qayıdır. Bu gerçəkliklərin fonunda ermənilər həm aciz, həm də zəif görünürlər. Ağdam-Xankəndi yolu artıq hər kəs tərəfindən dilə gətirilən gerçəklikdir.

Başqa bir reallıq da vardır. O da azərbaycanlıların öz yurdlarına qayıtması məsələsi ilə bağlıdır. Okampolar, makronlar, lavrovlar, blinkenlər və başqa ermənipərəstlər bu barədə söz demirlər. Soruşmurlar ki, nə üçün yalnız Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyindən danışılır? Öz evlərinə qayıtmalı olan Azərbaycan vətəndaşlarının hüquq və təhlükəsizliyindən niyə danışılmır? Niyə onların soyqırımına uğradığı haqqında bəhs edilmir? Bu ikili yanaşmanı ədalət və hüquq kimi qələmə vermək istəyirsiniz? Mümkün deyildir, bunun hesabını mütləq verəcəksiniz!

Qəribədir ki, azərbaycanlıların öz yurdlarına qayıdışı qarşısında ermənilərin törətdikləri maneələr barədə uzaq Baltikyanı ölkələrin rəhbərləri də rəsmi İrəvana sual vermirlər. Əksinə, bir sıra hallarda Azərbaycanı "Laçın dəhlizi"ni "qeyri-qanuni blokada"ya almaqda suçlamağa cəhd edirlər. Erməni nazir Ararat Mirzoyanın göz yaşları tökməsinə inanmaq istəyirlər. Qərb diplomatiyasının zəif yerləri az deyilmiş!

Bunların fonunda digər təhlükəli bir tendensiya da güclənməkdədir. Böyük güclər – ABŞ, Avropa və Rusiya Cənubi Qafqaz uğrunda rəqabətlərini daha kəskin səviyyəyə yüksəltməkdən çəkinmirlər. İndi onların hər üçü Ermənistanın tərəddüdlü və böhtançı mövqeyindən yararlanmağa çalışır, rəsmi İrəvanı birdəfəlik öz tərəflərinə çəkmək üstündə vuruşurlar. Lakin onlar vəziyyəti daha da gərginləşdirməkdən başqa bir şeyə nail ola bilmirlər. Belə görünür ki, özlərini ermənilərə yarayan kimi göstərməyin də limiti bitir. Çünki söz verirlər, lakin əməldə Azərbaycanın dəmir iradəsi və tam haqlı mövqeyi ilə qarşılaşıb geri çəkilirlər. Bu oyun nə qədər davam edəcək? Rəsmi İrəvan və cəmiyyətin başıboş radikal kəsimi nə zamana qədər xarici nağıllara inanmaqda davam edəcək? Bunu ermənilərin özləri bilər. Ancaq bizim gəldiyimiz bir qəti qənaət vardır.

Əgər belə davam etsə, Ermənistan növbəti dəfə dərin böhrana düşəcək və dövlət kimi çətin çıxa biləcəyi dalana dirənəcək. Çünki artıq son həddir. Siyasi-diplomatik sferada da erməni şantajı, haqsızlığı və böhtanı keçməyəndən sonra rəsmi İrəvan üçün əsl "nə etməli?" sualı yaranacaq. Onda çıxış yolunu Bakıdan soruşacaqlar. Onda Azərbaycan Prezidentinin "qanunlarımızı qəbul edin və yaşayın" dəvətinin qiymətini biləcəklər. Bəlkə də kimlər üçünsə artıq gec olacaq! Ancaq bu yolu gələnlər olacaq!

Beləliklə, N.Paşinyanın sülhdən imtina etmə mövqeyini nümayiş etdirməsi, əslində, siyasi-diplomatik blefdir. Bu, faktiki olaraq, rəsmi İrəvanın manevr limitinin tükənməsi və vəziyyəti süründürməyə cəhd etməsidir. Əlbəttə, uğurlu addım deyildir. Bu, həm də Ermənistanın havadarlarının uğursuzluğudur. Onlar mütləq məsələyə yanaşma fəlsəfələrini yeniləməlidirlər. Azərbaycanın haqlı tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir!

Nəhayət, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin vurğulanan proseslərlə bağlı aşağıdakı fikrinə diqqət etmək gərəkdir: "Azərbaycan Cənubi Qafqaz regionunda möhkəm sülhün yaranması üçün özünün davamlı səylərini davam etdirəcək və ermənilərin reinteqrasiyasını təmin edəcək". Bu, Prezident İlham Əliyevin iradəsinin ifadəsidir!


MANŞET XƏBƏRLƏRİ