Türkün sülh səsi: Azərbaycan-Türkiyə birliyinin yeni geosiyasi missiyası


Kamal Adıgözəlov

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə ekspertlər daha çox qlobal geosiyasətin incə məsələləri kontekstində baxır, o cümlədən bu məsələni böyük güclərin rəqabətinin dinamikası ilə sıx əlaqələndirirlər. Bu o deməkdir ki, artıq Ermənistanın təxribatçı addımlarına baxmayaraq, Türkiyə və Azərbaycan regional prosesləri konstruktiv məcraya yönəltməyi və həmin prosesdə regionun əsas gücü olduqlarını qəbul etdirməyi bacarırlar. Bu prizmadan yanaşdıqda, Azərbaycan-Türkiyə birliyinin digər böyük güclərlə münasibətləri maraq doğurur. Həmin müstəvidə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi üzərində regionda sülhün bərqərar olması kontekstində geniş dayanmağa ehtiyac görürük.

İrəvanın yeni "şikayəti": qərəzlilik və haqsızlıqdan doğan acizlik

Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasına Laçın yolu ilə bağlı müraciətindən sonra onsuz da ekspertlərin müzakirə gündəmindən düşməyən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və bu prosesdə dünyanın böyük güclərinin rolu məsələsi aktuallaşıb. İndi çox müxtəlif dairələrdə həm rəsmi İrəvanın müraciətinə BMT TŞ-nin reaksiyasının, həm də bütövlükdə regionda təşəbbüsü ələ alacaq böyük gücün mümkün addımlarının təhlilinə cəhd göstərilir. Burada əsassız və cəfəng fikirlərə az rast gəlinmir. Ancaq ümumən maraqlı prosesdir və Cənubi Qafqazda geosiyasi proseslərin yeni səviyyəyə yüksəlməsindən bəhs etmək olar.

Bu səviyyə daha riskli, daha həssas və daha geniş miqyasda böyük güclərin mübarizəsi ilə xarakterizə olunur. Həmin baxımdan aktual və maraqlı hesab etdiyimiz bir sıra məqamları vurğulamaq yerinə düşərdi.

Hər şeydən öncə, ekspert yanaşmalarında artıq xroniki xarakter almış bir yanlışlıq hələ də müşahidə edilir. Konkret olaraq, onlar böyük güclərin münasibətlərində kimin hansı məqsəddə olduğunu birtərəfli və indi keçmiş sayılmalı olan geosiyasi vəziyyətdən çıxış edərək müəyyən etməyə çalışır, bununla həmin güclərin yanlış geosiyasi mövqeyini təqdim edirlər. Həmin yanlışlıqları iki qrupa ayıra bilərik.

Açıklama yok.

Birinci qrupda Türkiyənin xarici siyasətdə gah Qərb, gah da Rusiya tərəfə meyl etdiyi barədə qərəzli, əsassız və birtərəfli izahlar birləşir. İkinci qrupda isə birmənalı olaraq Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunun qeyri-konstruktiv olduğu barədə Qərb təbliğatına uyğun fikirlər toplanıb. Maraqlıdır ki, bu yanlışlıqlara düşənlər eyni zamanda vurğulayırlar ki, regionda keyfiyyətcə yeni geosiyasi situasiya yaranır. Və onlar mövqelərindəki açıq ziddiyyəti ya görmürlər, ya da görmək istəmirlər.

Reallıqda proseslər başqa müstəvidə cərəyan edir. Söhbət Cənubi Qafqazda keyfiyyət və məqsədcə fərqli olan geosiyasi müstəvidən gedir. Artıq Cənubi Qafqazda mütləq söz sahibi, dominant rol oynaya biləcək heç bir geosiyasi qüvvə yoxdur. Burada, faktiki olaraq, dörd əsas oyunçu vardır: ABŞ, Rusiya, Avropa İttifaqı və Türkiyə-Azərbaycan birliyi! İran bir qədər arxa plandadır, Çin isə dolayısı ilə həm müşahidəçi mövqeyindədir, həm də ön sırada mübarizə aparmır.

Məhz bu dörd geosiyasi qüvvənin münasibətləri fonunda regional geosiyasi mənzərənin dinamikasına realpolitik mövqeyindən qiymət vermək mümkündür. İlk öncə, Amerikadan başlayaq. Vaşinqton dünya miqyasında diplomatik fəallığı artırıb. Onun əsas rəqibi Çinə istiqamətlənmiş böyük resurslar xərcləyir. Lakin Cənubi Qafqaz da Vaşinqton üçün olduqca ciddi geosiyasi əhəmiyyət daşıyır. Bu məkanda ABŞ-ın başlıca müttəfiqi kim ola bilər? İlk ağıla gələn Avropa İttifaqıdır. Doğrudan da Vaşinqtonla Brüssel çox hallarda ortaq addımlar atırlar. Lakin Fransanın ambisiyaları Amerikaya onu tarazlaşdıra biləcək və Rusiya ilə münasibətləri müəyyən dərəcədə saxlaya biləcək müttəfiq gərəkdir. Bu keyfiyyətdə Türkiyə ən yaxşı nümunədir.

Ancaq Türkiyənin öz iddiaları vardır və o, qlobal söz sahibi olmaq planlarını gizlətmir. Çox əhəmiyyətlidir ki, Ankara bu istiqamətdə çox sanballı və nəticəli addımlar atır. Buna görədir ki, ekspertlər ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin ənənəvi brifinqdə dövlət katibi Antoni Blinkenin türkiyəli həmkarına ötən şənbə günü zəng etdikdən sonra Ankaranın Cənubi Qafqazdakı sülh prosesində iştirakı barədə geniş danışmaq istəmədiyini vurğulamasını ikibaşlı qiymətləndirmə kimi izah edirlər. Yəni, Vaşinqton Türkiyə kartını tam açmır, ehtiyatlı davranmağa çalışır.

Ankara-Bakı tandemi: sülhə aparan güc və inam!

Digər tərəfdən isə Ağ evdə əmindirlər ki, "…Türkiyə digər məsələlərdə olduğu kimi, bu məsələdə də məhsuldar rol oynaya bilər". Deməli, Vaşinqton Türkiyənin daha geniş məkanda təsirli rol oynaya biləcəyini, faktiki olaraq, qəbul edir. Bu, təsadüfi deyildir. Xarici işlər naziri Hakan Fidanın bir sıra fikirləri fonunda tamamilə başadüşüləndir. Hamı bilir ki, Türkiyə Milli Təhlükəsizlik (MİT) Təşkilatının keçmiş şefi havayı söz demir.

Hakan Fidan 14-cü dəfə təşkil edilən Səfirlər Konfransının Ankaradakı toplantısında çıxışı zamanı Türkiyənin xarici siyasətdəki əsas hədəflərinin dörd strateji xəttini açıqlayıb. Onlar aşağıdakılardır: bölgədə sülh və təhlükəsizliyin bərqərar olması, xarici əlaqələrin struktur əsaslarda inkişaf etdirilməsi, firavanlıq mühitinin inkişaf etdirilməsi və qlobal məqsədlərə nail olunması. Bu istiqamətlər bir-biri ilə sıx əlaqəlidir. Ancaq birinci istiqamət daha önəmlidir və digərlərinin reallaşmasının şərtidir.

Bu səbəbdən Türkiyə XİN rəhbəri həmin tədbirdə deyib: "Birinci məqsədimiz olan sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində tədbirlərimizi və təşəbbüslərimizi gücləndirəcəyik. Təhlükəsizliyə, sülhə və sabitliyə ən böyük təhlükə terror təşkilatlarıdır. Bütün əlaqədar qurumlarımızla birlikdə terror təşkilatlarına göz yummayacağıq, nəfəs aldırmayacağıq. Bu istiqamətdə texnoloji imkanlarımızı artırmaqla yanaşı, xaricdəki dostlarımızla səmərəli əməkdaşlıq quraraq mübarizəmizi davam etdirəcəyik".

Bizcə, Vaşinqtonun nəyə görə Qafqaz istiqamətində Türkiyənin fəallaşmasına qiymət verdiyi aydındır. Təqribən eyni məntiqlə Avropa İttifaqı Ankara ilə münasibətlərinə ehtiyatla və ümidlə yanaşır. İndi ekspertlər yaxın aylarda Brüsselin Türkiyə ilə münasibətləri müzakirə etməyə hazırlaşdığından yazırlar. Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Avropaya inteqrasiya kursundan imtina etməyib. Lakin biz sıra erməni ekspertlərin iddia etdiyi kimi bu, Türkiyənin harasa sığınması və ya nəyisə balanslaşdırma cəhdi deyildir. Bu, dünya miqyasında söz sahibi olmaq istiqamətində qətiyyətlə irəliləyən, dünyanın yeni parlayan ulduzu Türkiyənin Azərbaycanla dünya siyasi meydanında müstəqil addımıdır! Ermənilərin gözünü yenə şovinizm, başqalarına nifrət və özləri haqqında əsassız olaraq yüksək düşünmək mərəzi qapayıb. Bu isə onların öz psixoloji problemidir!

Bunlar o deməkdir ki, faktiki olaraq, Brüssel də Türkiyənin Cənubi Qafqazda təsirli varlığını qəbul etmək məcburiyyətindədir. Bu xəttin qarşısını Fransanın təxribatçı, qeyri-konstruktiv və ermənipərəst addımları da ala bilmir. Dərhal rəsmi Parisin qarşısına dünyanın müxtəlif regionlarında ciddi problemlər çıxır.

Qaldı Rusiya faktoru. Bu, heç şübhəsiz, güclü dövlətdir. Rusiyanın regiondan gedəcəyi haqqında deyilənlər cəfəngiyatdır. Hər bir halda Azərbaycan Prezidenti İlham Əliyev ifadə edib ki, Azərbaycan-Rusiya münasibətləri ciddi sənədlərlə tənzimlənir və bu, belə də davam edəcək. Azərbaycan Rusiya ilə münasibətləri müsbət məcrada saxlamaq xəttinə sadiqdir. Bakı şimal qonşusu ilə heç bir problemin olmasını arzulamır. Eyni məntiqlə Türkiyə də düşünür. Bu baxımdan Cənubi Qafqazda Türkiyə-Rusiya münasibətlərinin daha da inkişaf edəcəyini, iki böyük gücün ortaq mövqeyə gələcəyini və əlaqələri kənar qüvvələrdən asılı olmayaraq yeni keyfiyyət səviyyəsinə yüksəldəcəklərini gözləmək olar.

Məsələnin bu tərəfinin Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğanın planlanan görüşündə konkretləşəcəyinə ümid etmək olar. Mümkündür ki, dünya yeni bir gücün meydana gəldiyinin anonsunu eşidəcək. Bu, Türkiyənin qlobal gücə çevrilmək yolunda mühüm addımlarından biri olacaqdır. Eyni zamanda, Ankaranın nə Vaşinqton, nə də Brüsselə arxa çevirməsi və ya Moskvanın təsiri altına düşməsi demək deyildir. Əksinə, bu, Ankara-Bakı birliyinin dünya miqyasında söz sahibi olmasının təsdiqi olacaqdır.

Və prosesin davamını gözləmək lazım gələcəkdir ki, bu da Türk Dövlətləri Təşkilatının (TDT) yaxın perspektivdə çox mühüm struktur-funksional yenilik həyata keçirəcəyindən məlum olacaqdır. Konkret olaraq, Azərbaycan-Türkiyə tandemi dünya səhnəsinə TDT vasitəsilə daha geniş formada çıxacaqdır!

Bunlar ekspertlərin bir qənaətinin əsaslı olduğunu təsdiq edir: dünyaya sülhün səsi Ankaradan gələcək! Cənubi Qafqaz üçün isə sülhün səsi Ankara-Bakı birliyindən gələcək! Ərdoğan-Əliyev qardaşlığından gələcək!


MANŞET XƏBƏRLƏRİ