QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur
IX Yazı
AMEA Fəlsəfə və Sosoiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Nağı Şeyxzamanlı Türkiyəyə səfər edərəkən, 1918-ci ilin yanvarında Trabzonda keçirilən bir toplantıda Azərbaycan xalqını mənafeyini belə müdafiə etdiyini yazırdı: "Rusiyada bü gün anarxiya hökm sürür. Hərbi və mülki təşkilatlar dağılmışdır, Rusiyanın heç bir tərəfi mərkəzə bağlı deyildir. Sosialist cərəyanlar bir-birilə çarpışmaqdadır. Rusiyada yaşayan qeyri-millətlər də mərkəzdən ayrılıb müstəqil dövlət qurmaq istəyindədirlər".[1]Onun iddiasına görə, Türkiyənin yardımı ilə Qafqazda ikinci bir Türk dövlətinin qurulmasını təklif edərkən Ö.Faiq Nemanzadə əvvəlcə buna qarşı çıxmış və Qafqazın Osmanlı tərəfindən işğal edilərək, öz ilhaqı altına almasını daha doğru saymışdır.[2]Ancaq sonralar türk paşaları ilə söhbət edrkən Ömər Faiq də bildirib ki, Azərbaycan xalqı türklüklərini həqiqətən dərk etmiş bir xalqdır və istiqlala layiqdir.[3]
Şeyxzamanlı yazır ki, Türkiyə paşaları (Tələt paşa, Ənvər Paşa, Xəlil bəy və b.) ilə görüşdə demişdir: "Qafqaz ruslar tərəfindən işğal olunarkən səkkiz xanlığın xalqı olan azərilər ki, dini bir, adət-ənənələri bir olan millətimiz Türk millətidir, rus idarəsinə qarşı gecəli-gündüzlü hər fədəkarlığı gözə alaraq vuruşdular. Bu vuruşmaların rus çarlığının devrilməsində böyük rolu olmuşdur. Qafqazda başsız qalan rus ordusu qarma-qarışıq vəziyyətindədir. Xalqımızın silahlı qüvvələrinin hücumuna, təzyiqinə dözə bilmədilər. Qısa bir vaxt ərzində silahlarını ataraq çəkildilər. Azərbaycanın hər tərəfində xalqı idarə edə biləcək milli komitələr quruldu. Tezliklə anarxiyadan əsər-əlamət qalmadı. Ancaq bu gün əlverişli olan vəziyyət sabah təhlükəlidir. İqtisadiyyatımız, cəmiyyətimiz, imanımız, mədəniyyətimiz hər sahədə rus millətindən qat-qat üstün olduğu halda azəri türklərinin gələcəyi qaranlıq görünür. Müstəqil yaşamağı əzm etmiş millətimizin böyük bir nöqsanı vardır. Xalqımızın vaxtilə hərbi təlim və tərbiyədən məhrum olunması və rus çarı Birinci Pyotrun göstərişinə əsasən İran və Türkiyənin rus himayəsi altına düşməyincə Qafqazdan əsgər alınmaması əmr etməsi bu çatışmazlığı yaratmışdı. Azərbaycan xalqı sizdən kömək gözləyir. Millətimiz müstəqil olmaq niyyətindədir. Siz qardaş əlinizi bizə uzadın, bizə yardım edin. Müstəqil olaq. Siz bizi çəkib öz tərəfinizə yıxmayın, ayaqda qalarıq".[4]Paşalar Qafqazda bir müsəlman dövləti yaranması fikrini müdafiə edərkən, Şeyxzamanlı deyib ki, dini baxımdan müsəlman olsalar da, Milli Türk hökuməti yaradılmasını istəyirlər.[5]
İslamlıq məsələsinə gəlincə, Şeyxzamanlı yazırdı ki, Milli İstiqlal uğrunda mübarizə aparılan dövrdə Gəncədə dindarlar "Məhəmmədi" firqəsi yaradıblar. Bununla da Azərbaycanın dini kəsiminin bir hissəsi Milli İstiqlala zidd yol tutmağa başlamışlar: "Əvvəlcə biz fikir vermədik, bizim partiyamız Türk "Ədəmi-Mərkəziyyət" firqəsi bütün milli məsələlərimizi öz proqramında əks etmişdi və çox qüvvəli idi. Bütün ziyalılar, tacirlər, ağıllı adamlar hamısı firqə tərafında idilər. Ancaq sonralar baxdıq ki, mollalar işimizə maneçilik edirlər, əleyhimizə təbliğat aparırlar. Xalqa deyirlər ki, firqə lideri Nəsib bəy bir kitab çxarmış, ətrafına gəncləri toplamış və iddia edir ki, Qurani-Kərimi atın. O, köhnəlibdi. "Yeni kitab" (firqə proqramı) daha müqəddəsdir. Bunun üçün biz böyük bir xalq yığıncağı keçirdik, onların əleyhinə sübutlar gətirdik. Onların xalqın qarşısında məğlub etdik və xalq tərəfindən bəyənilmiş belə bir qərar çıxartdıq: Mollalar, xocalar məscidlərdə oturaraq nikah bağlayacaqlar, cənazə mərasimləri keçirəcəklər, xalqın anlamaq istədiyi dini məsələləri izah edəcəklər və qətiyyən dünyəvi işlərə qarışmayacaqlar. Dini işlərimizlə onlar, milli işlərimizlə yalnız biz əlaqədar olacaq. Bu qərardan sonra da onlar bizim milli işlərimizə maneçilik etmədilər".[6]
Şeyxzamanlıya görə, hazırda müsəlman dünyasında birlik yox, qüvvə yox və olmayacaq da. Onun fikrincə, dini birlik yaransa belə, bunan bir şey çıxmayacaq: "Allahıma inandığım kimi inanıram ki, Türkiyənin bir kəndində olan qeyrət, iman, vətənə bağlılıq müraciət edəcəyimiz İslam dünyasında yoxdur. Bu boş işdir… Varlıq, qüvvə yalnız milli imandadır".[7]Deməli, Şeyxzamanlı açıq şəkildə Türk birliyini dini birliklən, yəni "İslam birliyi"ndən üstün tutmuşdur.
Mühacirət dövründə də Azərbaycan Milli İdeyasını bəra etmək uğrunda mübarizə apardıqlarını yazan Şeyzamanlıya görə, hər bir Azərbaycan türkünün ürəyi iki müqəddəs varlıq ilə doludur: "Birisi din duyğusu, digəri milli duyğu Azərilər bu iki müqədəds varlıqlarını sevimli milli bayraqlarında da əks etmişdilər. Azərbaycan bayrağı üçrənglidir: yaşıl rəng islamiyyəti təmsil edir. Qırmızı rəng və ay-ulduz müasirçiliyi təmsil edir. Üçüncü rəngi olan mavi isə soyunu təmsil edir. Hər bir azərinin fikri istiqlal duyğusu ildə doludur".[8]Ancaq azərbaycanlılar özlərini digər türk toplumları kimi heç vaxt din təsiri altına salmamışlar: "Ənənələrini dinləri qədər müqəddəs saymışlar. Əsrlərcə çalışmanın sahəsində dinini, ənənələrini, adətlərini, məntiqini, insani duyğularını qanun şəklində ifadə edə bilən bir dövlət kimi layiq olmuşdur".[9]O yazırdı ki, cəhalətpərəstlər dinə arxalanıb sünnilik, şiəlik deyə iki ayrı yola ayrıldıqları halda, Azərbaycan türkləri bu bayrağı qəbul etməmişdir.
Şeyxzamanlı 1963-cü ildə qələmə aldığı "Dərdləşmə" məqaləsində Azərbaycan mühacirətinin problemlərinə toxunmuşdur. O yazırdı ki, bəzi mühacirlər Azərbaycan Milli İdeyası uğrunda aparılan mübarizəni doğru qiymətləndirə bilmirlər. Belə ki, indiyə qədər Sovet Rusiyasına qarşı aparılan Milli Azadlıq Mübarizəsinin rolunu və yerini aşağı endirirlər. Halbuki Azərbaycan mühacirləri Vətəndən ayrı düşdükləri ilk günlərdən etibarən daima Azərbaycanın azadlığı uğrunda mübarizə aparmışlar. Doğrudur, ilk illərdə Azərbaycan mühacirləri arasında parakəndəlik olmuş və bir yerdə mübarizə aparmaqda çətinlik çəkmişlər. Ancaq bu çox uzun sürməmiş, Cümhuriyyətin qurucusu, milli ideoloq M.Ə.Rəsulzadənin Sovet Rusiyasını gizli yollarla tərk edərək İstanbula gəlməsi ilə vəziyyət yaxşılığa doğru dəyişmişdir. O, yazırdı: "Azərbaycan istiqlal mübarizəsinin böyük lideri Məhəmməd Əmin Rəsulzadənin İstanbula gəlişi yurddaşlarda böyük bir sevinc yaratmışdır. İlk iş olaraq yurddaşlar "Milli Komitə" adı altında birləşərək Əmin bəyi rəhbər seçdilər. illərdən bəri özünü hiss etdirən boşluq Milli Komitənin nəşr etdiyi "Yeni Qafqasiya" məcmuəsi və bunun ardınca çıxan digər mətbuat orqanları tərəfindən doldurulmuş oldu".[10]
Onun fikrincə, Rəsulzadənin yaratdığı milli birlik və bərabərlik hazırda da davam etməkdədir. Çünki Rəsulzadə Azərbaycanın bir gün Milli İstiqlala qovuşacağı inamını həmin yazdığı məqalələrdə onlara aşılaya bilmişdir: "Azərbaycan Milli Mübarizəsinin böyük lideri mərhum Məhəmməd Əmin Rəsulzadənin qurduğu bu nəşr sistemi günümüzə qədər davam etməkdədir".[11]
Əbdülvahab Məmmədzadə-Yurdsevər (1898-1976) mühacirətə üz tutana qədər vətənində, Bakı Dövlət Universitetinin Fəlsəfə fakültəsində "Mədəniyyət tarixi" və "Coğrafiya" fənlərindən dərs demişdir. Sovet məmurlarının göstərişi ilə bir müddət Şimali Qafqaz, Özbəkistan və Türkmənistanda sürgün həyatı yaşayan Məmmədzadə 1930-cu illərdə Tehrana üz tutası olmuşdur. Alman, rus, ərəb, fars dillərini mükəmməl bilən ziyalı, bir müddət Tehranda müəllim kimi fəaliyyət göstərmiş, daha sonra Polşaya getmişdir. Varşavada Rəsulzadə və başqa mühacir aydınlarla birlikdə Azərbaycanın istiqlal savaşı uğrunda mübarizə aparan Məmmədzadə 1939-cu ildən Türkiyəyə köçmüş və ömrünün axrına qədər burada yaşamışdır.
Məmmədzadənin irsində ictimai-siyasi məqalələri ilə yanaşı, mədəniyyət və ədəbiyyat sahəsinə həsr etdiyi "Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri", "Azərbaycan Dram Mədəniyyəti", "Azərbaycan şairlərindən Vaqif və Vidadinin yaradıcılığı", "Abbasqulu Ağa", "XIX əsr Azərbaycanındakı modern və realist ədəbi cərəyanlar", "Şah İsmayıl Xətai", "Azərbaycan istiqlal savaşından səhnələr" və başqa əsərlərinin adlarını çəkə bilərik. Bu əsərlərində Yurdsevər klassik Azərbaycan Türk mütəfəkkirlərini bütün yönləri (mədəni, fəlsəfi, dini, ədəbi) ilə araşdırmış, onların dünyagörüşlərini və yaradıcılıqlarını geniş şəkildə tədqiqat obyektinə çevirmişdir.[12]
Yurdsevər kommunizmi "Azərbaycan mühitinə və ümumiyyətlə türk və islam dünyasına tamamilə yabançı və zərərli bir doktrina" adlandırmışdı. Yurdsevər yazırdı ki, C.Məmmədquluzadə "sinif, partiya, zümrə və mədəniyyəti fərqi gözləmədən bütün vətən övladlarını birliyi və həmrəyliyi" tərəfdarı, "Azərbaycan ümumi-əfkarının liberal-demokrat qüvvələrin düşüncələrinin "tərcüman"ı olmuşdur. Ona görə Sabir isə idealist, islahatçı, türkçülüyə meyilli mili şair olmuşdur. O, yazırdı: "Sabir – insan vücudunun fani, fəqət insan ruhunun ölməz və əbədi olduğuna qanedir. Ona görə, insan bədəni ilə deyil, ruhu ilə yaşar. Bədən bir ovuc torpaqdan ibarətdir və nəhayət, yenə torpağa tərk ediləcəkdir. Halbuki ruh bu dünyadan daha yüksək və daha məsud aləmlərdə yaşamağa və həm də bədii surətdə yaşamağa qadirdir. Böyləcə, Sabir materializm (madiyyətçilik) fəlsəfəsindən çox uzaqdır və tamamən idealistdir".[13]
[1]Yenə orada, s.62