İsrailin Suriyaya sürpriz təklifi: Hücumlar dayansın, ərazilər boşaldılsın!


ABŞ mediası İsrailin Suriyaya təhlükəsizlik razılaşması təklif etdiyini iddia edib.

Turkustan.az xəbər verir ki, İsrailin aylardır davam edən Suriyaya hücumları iki ölkə arasında gərginliyin artmasına səbəb olub.

Axios saytının məlumatına görə, İsrail hökuməti Dəməşqə təhlükəsizlik razılaşması təklif edərək müəyyən şərtlər qarşılığında geri çəkilməyə hazır olduğunu bildirib.

Təklifə əsasən, Suriya hərbi təyyarələrinin Dəməşqin cənub-qərbinə uçmaması müqabilində, İsrail Bəşər Əsədin devrilməsindən sonra işğal etdiyi bəzi ərazilərdən mərhələli şəkildə geri çəkiləcək. Lakin İsrail strateji əhəmiyyət verdiyi Hermon dağını bu geri çəkilmə planından istisna edir.

Həmçinin, razılaşma çərçivəsində Suriyanın İsraillə sərhədi boyunca 2 kilometrlik bufer zonası yaradılması və bu ərazidə Suriya ordusunun ağır silah yerləşdirməməsi nəzərdə tutulur. Buna baxmayaraq, Suriya təhlükəsizlik qüvvələrinin sərhədə yaxın bölgələrdə mövcudluğu mümkün olacaq.

Təklif olunan planın detalları arasında Dəməşqin cənubunun üç bölgəyə bölünməsi və bu bölgələrdə yerləşdirilə biləcək silahların növlərinin fərqli şəkildə müəyyənləşdirilməsi də yer alır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ