İordaniyadan İsrailə veto


İranın İsrailə hücumu zamanı hava məkanını İsrail və müttəfiqlərinə açaraq Təl-Əvivi qoruduğu üçün tənqid edilən İordaniya İranı hədəf almaq üçün İsrailin hava məkanını pozmasına icazə vermədiyini və verməyəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında dünən Nyu-Yorkda baş tutan görüşdən saatlar sonra telefon danışığı olub.

Görüşdə Səfadi bölgədəki təhlükəli gərginliyin azaldılmasının zəruriliyini vurğulayaraq, İordaniyanın İran və İsrail arasında münaqişə zonasına çevrilməsinə, ölkəsinin və vətəndaşlarının təhlükəsizliyini təhlükəyə atmasına icazə verməyəcəyini bildirib.

Nazir Safadi bəyan edib ki, ölkəsi “İsrailin İranı hədəf almaq üçün hava məkanını pozmasına icazə vermir və verməyəcək və onlar İranın İordaniyanın hava məkanını pozmasına icazə verməyəcəklər”.

Mövcud gərginliyin İsrailin Qəzzaya hücumlarından diqqəti yayındırmaqdan başqa bir məqsədə xidmət etməyəcəyini bildirən Safedi, Qəzza üçün əl-ələ vermənin onların prioriteti olması lazım olduğunu bildirib.

İranın xarici işlər naziri Abdullahiyan İordaniyaya hörmət etdiklərini və paytaxt Əmmanın və regionun təhlükəsizliyinə önəm verdiklərini bildirib.

İran dövlət televiziyası İran Hərbi Hava Qüvvələrinin yerləşdiyi İsfahan vilayətinin şimal-şərqində partlayış səslərinin eşidildiyini bildirib.

İranın rəsmi İRNA agentliyi də partlayış səslərinin Təbriz vilayətinin şimal-qərbindən gəldiyini qeyd edib.

Amerika mediası isə ABŞ rəsmilərinə əsaslanan xəbərlər dərc edərək, İsrailin İrana qarşı hücum təşkil etdiyini yazıb.

İsrail rəsmiləri məsələ ilə bağlı şərh verməkdən çəkinsələr də, İran rəsmiləri hələlik İsraili birbaşa ittiham etməyiblər.

Digər tərəfdən Suriya xəbər agentliyi SANA-nın hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə İsrailin ölkənin cənub sərhədlərində hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi bir neçə nöqtəyə raket hücumu təşkil etdiyi iddia edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ