Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Teknofest” tədbirində çıxışı zamanı İsrail Baş naziri Benyamin Netanyahunun ittihamlarına sərt cavab verib.
Turkustan.az xəbər verir ki, Netanyahunun, İstanbuldan Silvan kitabəsini almaq istəyib, lakin Ərdoğanın buna mane olduğunu iddia etməsinə cavab verən Ərdoğan bildirib:
“Keçən gün onlardan biri çıxıb Silvan kitabəsini vermədiyimiz üçün bizə nifrət yağdırdı. İndi həyasızcasına o yazının arxasınca gedir. Onu sizə verməyəcəyik. Qüdsdən bir çınqıl da verməyəcəyik, yazının özünü də qoymayacağıq. Biz Sultan Əbdülhəmidin nəvələriyik, eyni yoldayıq.”
Ərdoğan əlavə edib ki, Qüds yalnız Müsəlmanların deyil, bütün bəşəriyyətin izzətidir və Türkiyə bu məsələdə heç vaxt geri addım atmayacaq.
Çıxışında müdafiə sənayesi sahəsində əldə olunan uğurlara da toxunan Ərdoğan bildirib:
“Türk müdafiə sənayesinin irəliləyişi artıq dünyada müzakirə olunur. Embarqolara baxmayaraq əldə etdiyimiz uğurlar təsadüfi deyil. Biz texnologiyada fərqli bir mərhələyə qədəm qoyduq. Bu irəliləyiş, imanımızı və ümidimizi qoruyaraq atdığımız addımların nəticəsidir.”
Aytən Yaşar/ Turkustan.az