Nəzrin Umudova tatamidə açan çiçəkdir
Qazağın Aslanbəyli kəndində bir qız böyüyür. Sakit kənd yollarında addımlayan, məktəb çantası ilə yanaşı çiyinlərində böyük arzular daşıyan bir qız… Onun soyadı Nəzrin İsmayıl qızı Umudovadır.

2011-ci ildə dünyaya göz açan Nəzrin bu gün Aslanbəyli kənd orta məktəbinin 9-cu sinfində oxuyur. Amma onun həyatı təkcə dərs kitablarının səhifələri ilə məhdudlaşmır. O, idmanın ən çətin, ən iradə tələb edən növlərindən birini – sərbəst güləşi seçib. Və bu seçim təsadüfi deyil. Nəzrin az sayda qızlardandır ki, güləş kimi fiziki güc, cəsarət və dözüm tələb edən bir idman növünü öz həyat yolu seçib. O, stereotiplərə meydan oxuyur. Tatamiyə çıxarkən təkcə rəqiblə yox, “bu idman qızlara görə deyil” deyən düşüncələrlə də mübarizə aparır. Hər dəfə də qalib gəlir.

41 kiloqram çəki dərəcəsində çıxış edən Nəzrin artıq müxtəlif yarış və turnirlərdə öz sözünü deməyi bacarıb. Ötən il Qazax rayonunda keçirilən yarışda ikinci yerə layiq görülməsi onun zəhmətinin ilk böyük bəhrələrindən biri oldu. Bu uğuruna görə diplomla təltif edilməsi isə gənc idmançının gələcəyinə verilən inamın rəmzidir. Onun arxasında isə böyük zəhmət dayanır. Təcrübəli məşqçisi Toğrul Saleh oğlu Sadiqi güləşin sirlərini ona ustalıqla öyrədir, hər fəndi, hər texniki incəliyi səbrlə aşılayır. Nəzrin məşqlərini Qazax Olimpiya İdman Mərkəzində davam etdirir. Hər məşq onun üçün sadəcə fiziki hazırlıq deyil, xarakterin möhkəmlənməsi, ruhun bərkiməsidir.
Azərbaycanın Astara, Şəmkir, Abşeron, Xırdalan, Ağstafa və digər bölgələrində keçirilən yarışlar artıq onun idman yolunun dayanacaqlarına çevrilib. Hər şəhər, hər yarış Nəzrinin həyat kitabına yeni bir səhifə əlavə edir. Nəzrin eyni zamanda güclü idman kökünə bağlı bir ailənin nümayəndəsidir. O, dünya şöhrətli idmançı, peşəkar İdman Klubunun prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, “Şöhrət” ordenli, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudovun əmisi nəvəsidir. Atalar deyib: “Kökündə olan budağında göstərər”. Bu gün həmin kökün gücü Nəzrinin iradəsində, baxışında, tatamidəki inamlı addımlarında özünü göstərir. Amma Nəzrinin uğurunu yalnız soy-kökə bağlamaq ədalətli olmaz. Onun əsas gücü zəhmətindədir. O, qələbəni hazır tapmır, hər medalın arxasında saatlarla məşq, yorğunluq, əzələ ağrısı, amma heç vaxt sönməyən inam dayanır.

Nəzrin hələ yeniyetmədir. Amma o artıq gələcəyə bir mesaj verir. Azərbaycan qızları istədikləri sahədə zirvəyə yüksələ bilərlər. Güləş meydanında da, həyat meydanında da. Aslanbəylidə böyüyən bu gənc qız sabah beynəlxalq arenalarda üçrəngli bayrağımızı qaldıra bilər. Çünki o, sadəcə güləşmir, arzularına doğru mübarizə aparır.

Nəzrin Umudova bir kənd qızı, bir idmançı, bir iradə simvoludur və gələcəyin çempionudur. Nəzrin kimi gənclər bizim sabahımızdır. Onların hər qələbəsi yalnız bir diplom, bir medal deyil, bir inamın, bir iradənin, bir milli ruhun zəfəridir. Əgər bu sözlərim Nəzrinin idman həyatına, çəkdiyi zəhmətə bir işıq sala bilirsə, ona daha çox güc verirsə, deməli, mən də Nəzrinin doğması kimi qismən yazmaq missiyamı yerinə yetirmiş oluram. Unutmayaq ki, söz də bir məşq kimidir, ruhu möhkəmləndirir, inamı artırır, daha böyük qələbəyə hazırlayır. Qazax torpağının yetirdiyi bu iradəli qız bir gün də Azərbaycan bayrağını daha uca zirvələrdə dalğalandırsın. Uğur yolun həmişə açıq olsun, güləşçi qız. Mən isə səndən, qələbələrindən, zəfərindən, çəkdiyin zəhmətdən yazmağa davam edim...

Qalib Rəhimli.