Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən taksi sürücüsü Ramiz Rasim oğlu Umudov həbs olunub.
Turkustan.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
Polisə müqavimət ittihamı ilə Ramiz Umudovun barəsində olan iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, o, 10 gün müddətinə həbs edilib.
Xatırladaq ki, Ramiz Umudov xırda xuliqanlıq və polisə müqavimət göstərməkdə təqsirli bilinib.
Qeyd edək ki, bu ilin aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayıqızı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.
Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.