Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, alimlərin və tədqiqatçıların Avropaya giriş və qalma proseslərini asanlaşdıracaqlarını və müvafiq qurumlarla daha asan əlaqə qurmalarına şərait yaradacaqlarını söyləyib.
Turkustan.az xəbər verir ki, Von der Leyen dünyanın hər yerindən, xüsusən də ABŞ-dan olan alimləri Avropada məskunlaşmağa təşviq etmək üçün Fransanın ev sahibliyi etdiyi "Elm üçün Avropanı seçin" tədbirinin bağlanışında çıxış edib.
"Mən inanıram ki, elm Avropada gələcəyimizin açarıdır. Sağlamlıqdan iqlimə qədər mövcud qlobal problemləri həll etmək üçün Avropa getdikcə elmə diqqət yetirəcək. Biz hamımız razıyıq ki, elmin pasportu, cinsi, etnik mənsubiyyəti və siyasi partiyası yoxdur. Avropa artıq dünyada ikinci ən yüksək elmi məhsula malikdir. 2 milyondan çox tədqiqatçıya ev sahibliyi edir ki, bu da dünyanın ümumi sayının dörddə birinə bərabərdir. Biz yaşıl texnologiya, səhiyyə, iqtisadiyyat, biznes və sosial elmlər sahəsində liderik".
Von der Leyen Aİ-nin bu yeni baxışı çərçivəsində Avropaya miqrasiyanı “daha asan və cəlbedici” edəcəklərini vurğulayıb.
“Avropaya giriş və orada qalma prosesini sürətləndirəcəyik”-deyən von der Leyen, yüksək ixtisaslı işçilər və tədqiqatçılarla daha yaxşı əlaqə yaratmaq üçün dövlət və özəl qurumlara dəstək verəcəklərini söyləyib.
Aytən Yaşar/ Turkustan.az