BMT Təhlükəsizlik Şurası Azərbaycana inanır: Ermənistanın şantaj limiti bitir


Kamal Adıgözəlov

Ekspertlərin avqustun 16-da BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Azərbaycanın Qarabağ bölgəsinin ermənilərin yaşadığı hissəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"la bağlı aparılan müzakirələrə böyük marağı təsadüfi deyildi. Onlar başqa məsəllərlə yanaşı, bu beynəlxalq təşkilatın Cənubi Qafqaz regionuna münasibətinin dəyişib-dəyişməməsini konkretləşdirmək istəyirdilər. Müzakirə göstərdi ki, Təhlükəsizlik Şurası artıq əvvəlki səviyyədə ikili standartlar siyasəti yeritmək fikrində deyildir. Baxmayaraq ki, Təhlükəsizlik Şurasının daimi üzvləri arasında ciddi fikir ayrılıqları mövcuddur, bu qurum daha ehtiyatlı və ölçülü-biçili davranmağa çalışır.

"Nikolsayağı" iftira: BMT göz yaşlarına inanmır

Azərbaycan Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrlə bağlı yaydığı bəyanatda vurğulanır: "Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir".

Dəqiq və tam hədəfə dəyən münasibətdir. Məsələ yalnız BMT TŞ-nin rəsmi İrəvanın şantaj xarakterli təşəbbüsünə "yox" deməsi ilə əlaqəli deyildir. Məsələ Ermənistanın Azərbaycana təcavüzündən bu yana BMT-nin münaqişə ilə bağlı atdığı addımların fonunda maraqlı idi. Ekspertləri "Təhlükəsizlik Şurası bu dəfə necə hərəkət edəcək?", "bu təşkilat əvvəlki kimi yenə də ikili yanaşma mövqeyindənmi münasibət bildirəcək?" kimi suallar üzərində düşünürdülər.

Bu suallara cavablarda həm də Azərbaycan diplomatiyasının postmünaqişə mərhələsində nə dərəcədə səmərəli fəaliyyət göstərdiyi məlum olacaqdı. Xüsusilə rəsmi İrəvanın heç bir əsas olmadan Laçın yolu ətrafında hay-küy salmasına bu beynəlxalq təşkilatın reaksiyası maraqlı idi. Əcəba, Amerika Konqresinin 1992-ci ildə Azərbaycana qarşı tətbiq etdiyi "Azadlığı Müdafiə Aktı"na bədnam 907-ci düzəlişə oxşar "dahiyanə, demokratik" bir sənəd qəbul etməyəcəklər ki?

Bütün bunlara görə BMT TŞ-nin 16 avqust iclası əhəmiyyətli idi. Proses göstərdi ki, keçən əsrin 90-cı illəri ilə müqayisədə BMT-nin Azərbaycana münasibətində nəzərəçarpan dəyişmə vardır. Bu təşkilat artıq 30 il bundan öncə olduğu kimi ermənipərəst mövqedə deyildir. Geosiyasi və siyasi reallıqları, Azərbaycanın müstəqil və suveren dövlət kimi haqqı və hüququnu nəzərə almağa çalışır. Bu, müzakirələrdə iştirak edən dövlətlərin nümayəndələrinin ifadə etdikləri fikirlərdən aydın göründü.

Hər şeydən öncə, erməni və fransız diplomatiyasının bu günün reallıqları qarşısında "fransız" qaldıqları aydınlaşdı. Onlar nə qədər artistliklə zavallı, yazıq və köməyə ehtiyacı olan erməni dövləti obrazı yaratmağa çalışsalar da, əksər dövlətlərin təmsilçilərinin mövqeləri obyektivliyə yaxın oldu. Azərbaycanı birmənalı və aktiv dəstəkləyən ölkə, şübhəsiz ki, Türkiyə olmalı idi.

Digər tərəfdən, Braziliya və Albaniya haqqı müdafiə etdilər. Rusiyanın təmsilçisi də "Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi ikitərəfli dialoqda Azərbaycanın qanunvericiliyinə uyğun aparılmalıdır" fikrini bildirdi.

Bütövlükdə müsbət mövqedir, lakin adəti üzrə rus diplomatiyası "ikibaşlı" fikir işlətdi. Çünki "Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi ikitərəfli dialoq" vasitəsilə həll edilməlidir fikri öz yurdlarından didərgin salınmış insanların evlərinə qaytarılması və Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin çıxarılması faktı kontekstində verilmirsə, birtərəflidir. Əslində, Rusiya Fransa ilə bərabər Laçın yolu ilə bağlı ermənipərəst mövqedədir.

Yalnız Türkiyə məsələni obyektiv və beynəlxalq hüquq normaları çərçivəsində təqdim etdi. Türkiyə nümayəndəsinin Azərbaycanın 30 illik işğala son qoyması və ərazi bütövlüyünü təmin etməsini bütün məsələlərin kökünə qoyması ən düzgün və tərəfsiz mövqe oldu.

Gerçək mənzərə isə göz qabağında idi. Rəsmi İrəvan həm Laçın yolunun hazırkı vəziyyəti ilə bağlı böhtançı mövqe tutmuşdu, həm də Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 22 fevral tarixli Laçın yolu ilə bağlı verdiyi qərara əməl etməyin ucundan yapışmışdı. Hər iki aspekt qondarma və içiboş bir iddiadır. Çünki reallıq göstərir ki, Laçın yolu humanitar yüklər üçün tam açıqdır. Orada vəziyyəti Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd olaraq müəyyən addımlar atması gərginləşdirir. Eyni zamanda, bir sıra beynəlxalq qüvvələr şantaj xarakterli hərəkətlər edərək Azərbaycanın suveren hüquqlarını məhdudlaşdırmağa cəhdlər edirlər. Və həmin kontekstdə bir yeni gerçəklik özünü göstərdi.

Azərbaycan diplomatiyası: realpolitik müstəvisində növbəti qələbə!

Artıq BMT-dəki dövlətlər rəsmi İrəvanın uydurmalarını kor-koranə qəbul etmirlər və ya qismən qəbul etsələr də, dərinə getmirlər. Elə Rusiyanın və ya Fransanın nümayəndələri özlərini əvvəlki dövrlərə nisbətən xeyli ehtiyatlı apardılar. Doğrudur, Fransa və Malta birbaşa erməni terminologiyası ilə danışdılar, lakin iclasda vəziyyəti ermənilərin xeyrinə dəyişə bilməyib sözlə kifayətlənməli oldular. Bunun üçün yüksək və inadkar canfəşanlıq da göstərə bilmədilər. Deməli, Azərbaycan diplomatiyası və ilk növbədə Azərbaycan Prezidenti aktivliyi ilə BMT-yə üzv dövlətlərin mövqelərinə düzəlişlər etməsinə nail olub. Məhz buna görə də Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etmək tələbi də suya düşmüş kimidir.

Bunların fonunda Azərbaycanın irəli sürdüyü təklifi iştirakçı dövlətlərin əksəriyyətinin dəstəkləməsi birbaşa qələbədir. Bu o deməkdir ki, indi Azərbaycanın mövqeyinə Ermənistanın nə düşündüyü prizmasından baxılmır. Əksinə, rəsmi Bakının mövqeyi ədalətli qəbul edilir və Ermənistanın iddiasına bu mövqedən baxılır. Ona görə də Qarabağda yaşayan ermənilərin gündəlik ehtiyaclarını qarşılamaq üçün humanitar yardımların Ağdam-Xankəndi marşrutundan istifadə olunması zərurətindən bəhs edilməsi çox əhəmiyyətlidir. Bu, bütövlükdə erməni şantaj və iftira kampaniyasının belinin sınmasıdır. İzah etməyə çalışaq.

Məsələ ondan ibarətdir ki, Ermənistan BMT TŞ-də məsələyə sırf Laçın yolunun "blokada"sı kontekstində baxılmasını tələb edirdi. Rəsmi İrəvan güman edirdi ki, müzakirələr yalnız həmin çərçivədə aparılacaq və Azərbaycana təzyiqlər böyük olacaq. Lakin, təsəvvür edin ki, TŞ-nin iclasında iştirak edənlər deyirlər ki, humanitar yardımlar Ağdam-Xankəndi marşrutu ilə aparıla bilər, çünki bu, Azərbaycanın suveren hüququna aid olan məsələdir. Bununla erməni şantajı iki yerdə sındı.

Birincisi, Təhlükəsizlik Şurası rəsmi surətdə Azərbaycanın müstəqilliyi və suverenliyini gözlədiyini ifadə etdi.

İkincisi, Laçın yolunun uydurma blokadasına inanmadıqlarını nümayiş etdirdilər.

Eyni zamanda, heç Laçın yolu olmadan da Ağdam istiqamətindən Azərbaycan hansı yükü buraxsa, ermənilərin də onu qəbul etməli olduğunu göstərdi. Deməli, BMT Təhlükəsizlik Şurası, faktiki olaraq, "humanitar yardımların siyasiləşdirilməsinin yolverilməz olduğu" prinsipinə əməl etməyin vacibliyini qəbul etmiş oldu.

Bütün bunların fonunda avtomatik olaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin təmini, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması şərtləri aydın olur. Bunların hər biri rəsmi Bakının təklif etdiyi qaydalar üzrə reallaşmalıdır. BMT TŞ bu gerçəkliyi qəbul etmiş oldu. Bununla da əvvəlki dönəmlərdə bu beynəlxalq təşkilatın bir sıra üzvlərinin siyasi manipulyasiya yolu ilə haqqı tapdalamaq kimi şakərləri boşa çıxmış oldu. Ermənistan və Fransa başda olmaq şərti ilə şantajçı dövlət qrupu ciddi məğlub oldu.

Beləliklə, Ermənistan və havadarları bu dəfə vəziyyəti öz xeyirlərinə zərrə qədər də dəyişə bilmədilər. BMT TŞ-nin Laçın yolunda kommunikasiyanın tam bərpası ilə bağlı tövsiyəsi isə real təsiri olmayan boş fikirdir. Çünki, birincisi, Azərbaycan Laçın yolundan suverenliyi çərçivəsində istifadə edir, heç bir məhdudiyyət yoxdur. İkincisi, hər bir müstəqil dövlət kimi Azərbaycan istənilən vaxt öz sərhədini bağlaya bilər. Necə ki, Azərbaycanın Rusiya, İran, Gürcüstan və Türkiyə ilə quru sərhədləri bağlıdır.

Məhz bütün bunları nəzərə alaraq Çin ən neytral, Rusiya ehtiyatlı, ABŞ çox ehtiyatlı, Böyük Britaniya isə qismən neytral mövqedə dayanmalı oldular. Xüsusilə ABŞ nümayəndəsinin Laçın yolunun açılması ilə yanaşı alternativ yollarla bağlı da kompromisdən bəhs etməsi təsadüfi deyildir. Ancaq Amerika təmsilçisi ərazi bütövlüyü, suverenlik məsələlərini qabartmadı.

Belə çıxır ki, rəsmi İrəvan, əslində, özünü daha dərin quyuya saldı. BMT-nin Təhlükəsizlik Şurası ona xatırlatdı ki, müzakirə yalnız və ancaq erməni təqdimatında Laçın yolundan gedə bilməz. Hər şeydən öncə, hansısa blokadadan danışmaq yersizdir. Çünki, faktiki olaraq, ermənilər Laçın sərhəd-keçid məntəqəsindən istifadə edirlər və üstəlik, Azərbaycan əlavə Ağdam marşrutunu təklif edir. Deməli, Azərbaycan Qarabağda olan erməniləri məhv etmək deyil, əksinə, normal yaşamaları üçün daha geniş şərait yaratmaq üzərində düşünür.

Bütün bunlardan bir yekun nəticə çıxır: BMT Təhlükəsizlik Şurası Ermənistana deyil, Azərbaycana inanır! Yəni, bu təşkilat tədricən öz səhvlərini düzəltməyə və haqqı, beynəlxalq hüququ müdafiə etməyə çalışır!


MANŞET XƏBƏRLƏRİ